Qərb dövlətlərinin Liviya
lideri Müəmmər Qəzzafini devirməsinin arxasında neft qədər strateji
əhəmiyyət daşıyan şirin su amili dayanır.
Axar.az xəbər verir ki, Müəmmər Qəzzafi Qərb dövlətlərinin 20-30
ildən sonra başlanacağı güman edilən şirin su savaşına
hazırlaşmalarına və Liviyanın su hövzələrini istismara götürmə
cəhdlərinə, həmçinin dənizin suyunu şirinləşdirib, Afrika
ölkələrinə satmaq təkliflərinə qarşı çıxıb. Liviya lideri Afrikaya
min illərlə çatacaq şirin su hövzələrinə sahib olduğunu əsas
gətirərək, ABŞ-ın təklifini rədd edib və böyük bir layihəyə start
verib.
Bəs, Afrikanı min illərlə təmin edəcək şirin su hövzələri harada
idi və Qəzzafi niyə bu qədər əminliklə böyük layihəyə
başlamışdı?
Neft axtaranlar su tapmışdılar
1953-cü ildə Liviyanın cənubunda neft yataqları tapmaq üçün
aparılan axtarış işləri böyük miqdarda şirin su ehtiyatını aşkara
çıxardı. Bu hadisədən 7 il sonra - 1960-cı ildə "Böyük süni çay
layihəsi" hazırlansa da, uzun müddət həyata keçirilməsi mümkün
olmadı.
Dünyanın ən böyük suvarma sistemlərini özündə birləşdirəcək
"Böyük süni çay layihəsi"nin uzunluğu 2820 kilometr olacaqdı.
13.000-dən çox şirin su quyusunun daxil olduğu nəhəng layihə
ölkənin ən iri şəhərləri - Tripoli, Benqazi və Sirtə gündəlik
6.500.000 kubmetr şirin su tədarükü etmə gücündə idi.
Nəhayət, bu ideyanı həyata keçirmək üçün Qəzzafi hərəkətə keçir
və 1984-cü ildə layihənin inşaasına start verilir.
Müəmmər Qəzzafi layihəni "Dünyanın səkkizinci möcüzəsi"
adlandırırdı.
Ümumi dəyəri 25 milyard dollar olan inşaat işləri beş hissədə
aparılırdı. İlk hissə 28 avqust 1991-ci ildə istifadəyə verildi. Bu
mərhələ 85 milyon kubmetr su tədarük edirdi.
Qəzzafi bu böyük layihənin bütün maliyyəsini təkbaşına üzərinə
götürmüşdü. Liviyanın təmiz su ehtiyatı ödəndikdən sonra layihə
böyüyəcək və bütün Afrikanı əhatə edəcəkdi. Layihənin dəyəri həm də
onda idi ki, Liviya bunun sayəsində qitənin ən qüdrətli ölkəsinə
çevriləcək və minillərlə regionun əsas neməti – şirin su ilə
milyardlarla insanı təmin edəcəkdi.
Qəzzafi layihənin ikinci hissəsini də sonlandırmağı bacardı və 1
sentyabr 1996-cı ildə ikinci bölüm fəaliyyətə başladı.
2008-ci ilə qədər Liviya hökuməti layihəyə təxminən 19.6 milyard
ABŞ dolları xərcləmişdi. Tikintinin icrası üçün lazımı materiallar
İtaliya, İspaniya, Almaniya və Yaponiyadan Aralıq dənizi
sahilindəki Burayka limanına gətirilirdi. Avropa ölkələri ilə dəniz
qonşuluğu Liviyaya əlavə üstünlük yaratmışdı.
Koalisiya ilk olaraq limanı məhv etdi
2011-ci ildə Liviyada baş qaldıran silahlı üsyanla ABŞ
liderliyindəki NATO hərəkətə keçdi. İyulun 22-də su kəmərləri üçün
boru tədarükünü hazırlayan Burayka limanı NATO təyyarələri
tərəfindən bombardman edildi. 4 gün sonra açıqlama verən NATO
rəsmiləri limanda hərbi sursat olması ilə bağlı kəşfiyyat məlumatı
aldıqlarını, bu səbəbdən ərazinin bombardman edildiyini iddia
etdilər. Lakin uzun sürən araşdırmalardan sonra sözügedən ərazidə
hərbi silah-sursat tapılmadı.
Qeyd edək ki, "Böyük süni çay layihəsi" reallaşana qədər Liviya
hökuməti Avropadan aldığı su müqabilində hər il 3,75 milyard
dollarından keçməli olurdu. Ancaq hesablamalara görə, dəyəri 70
trilyon dollara bərabər olan Liviya su ehtiyyatı 2 min 283 il
ərzində 7 milyard afrikalını su ilə təmin edə bilərdi.
Ölkə ərazisində su problemi həll olunduqdan sonra qonşu ölkələr
- Tunis, Əlcəzair, Çad, Niger, Sudan və Misir, ümumilikdə Böyük
Səhranın yarıdan çoxu içməli su ilə təmin olunacaqdı.
Sonuc
NATO təyyarələri artıq çoxdan bu betonlaşdırılmış xətləri
darmadağın edib, layihəni tarixin arxivinə gömüb.
Afrikanı susuzluqdan xilas edəcək bu layihə Qərbin birbaşa
müdaxiləsi ilə məhv edildi, Qəzzafi özü isə bir ovuc terrorçuya
əsir edildi və güllələndi.