Neft qiymətləri yanvar ayından indiyə kimi 80 faiz
qalxıb. Bu, Rusiya iqtisadiyyatı və Rusiya hökuməti üçün
gözlənilməz hədiyyə oldu. Bununla belə, yaxınlaşan parlament
seçkiləri və narazılığın artmasına baxmayaraq, sosial xərclər
artmır. Kremldə pulla bağlı başqa planlar var.
Publika.az xəbər
verir ki, bunu ABŞ-ın "Blumberq" agentliyi "Putin neft gəlirlərini
yağa deyil, silaha xərcləməyə qərar verdi" başlıqlı yazısında
bildirib.
Sentyabr ayında parlament seçkilərinin keçiriləcəyini yazan nəşr
bildirir ki, sorğulara görə, seçicilərin yalnız 42 faizi
qanunvericilərin işini bəyənir. Hökumətin reytinqi Krımın zəbt
edilməsindən sonrakı dövrdə minimuma enib. Hətta prezident Vladimir
Putinin reytinqi 80 faizə qədər düşüb. Bu, 2014-cü ilin martından
bu yana ən aşağı göstəricidir.
May ayında Krıma gedən baş nazir Dmitri Medvedyev "sürpriz"lə
qarşılaşdı. Krım pensiyaçıları təqaüdlərin artırılmasını istədi.
Baş nazir "Sadəcə, pul yoxdur" deməyə məcbur oldu.
"Blumberq" qeyd edir ki, bu cavab Krımda açıq təhqir kimi
səslənirdi: "Məhz nisbətən yüksək pensiya almaq cəhdi insanları
2014-cü ilin martında Rusiyaya birləşməyə itələdi və yarımadanın
Ukraynadan ayrılması üçün rəsmi bəhanə oldu. Putin bu cür
fikirlərin yersiz olduğunu hiss etdi. Bir neçə gün sonra bildirdi
ki, Medvedevin sözləri kontekstdən çıxarılıb və hökumət özünün
sosial öhdəliklərindən imtina etmir".
Rusiya prezidentinin keçmiş köməkçisi Andrey İllarionov qeyd edir
ki, Kreml görünməmiş həcmdə vəsaitləri təhlükəsizliyə və müdafiəyə
xərcləyir. Onun sözlərinə görə, cari ilin yanvar-aprel aylarında
Rusiyanın müdafiə xərcləri 2015-ci ilin müvafiq dövrü ilə
müqayisədə 15 faiz artıb. 2010-cu ildən isə 75 faiz artım qeydə
alınıb. Halbuki, bu vaxt ərzində Rusiyanın ümumi daxili məhsulu 5,4
faiz artıb. Rusiya bu il müdafiəyə ümumi daxili məhsulun 4,6
faizini ayırıb. Bu, Putinin hakimiyyətdə olduğu bütün illər üçün
maksimum göstəricidir.
"Rusiya-qala" üçün silah daha əhəmiyyətlidir, nəinki
iqtisadiyyat", - Amerika nəşri yekunlaşdırıb.