Bu fikri Yanukoviç iqtidarı devrilmədən öncə həm yerli,
həm də beynəlxalq səviyyəli ekspertlər səsləndirmişdilər. Son
günlər Krımda yaşananlar artıq Rusiyanın parçalanma planlarını işə
saldığını sübut edir.
Fevralın 24-də Krım tatarlarının Məclisi Krımın yeni
konstitusiyasının qəbulunu tələb edib. "Krım xəbərləri" saytının
verdiyi xəbərə görə, belə bir qərar Krım tatarlarının Simferopolda
keçirilən mitinqində qəbul edilib. Mitinqə 10 mində artıq insan
qatılıb.
Mitinqin qətnaməsində deyilir: "Krımın indiki konstitusiyası
çoxmillətli Krım xalqının maraqlarına, eyni zamanda Ukrayna
daxilində özünütəyinetmə hüququnu tələb edən krım tatar xalqının
maraqlarına uyğun deyil. Bu konstitusiya Krımda ictimai-siyasi
sabitliyə hər an təhlükə yaradır. Krımın indiki statusu Ukraynanın
ərazi bütövlüyünə və suverenliyinə davamlı təhlükədir".
Məclis parlamentdən yeni ali qanunun hazırlanması üçün komissiya
yaradılmasını və Krım Tatar Məclisi üzvlərinin həmin komissiyada
təmsil olunmasını tələb edib. Mitinq iştirakçıları Krım Ali
Məclisinin səlahiyyətlərinə xitam verilməsini və növbədənkənar
seçki keçirilməsini də tələb edir.
Krım Tatar Məclisinin rəhbəri Refat Çubarov mitinqdəki çıxışında
bildirib ki, Simferopol rəhbərliyinə bütün Krım yarımadasından
Vladimir Leninin heykəllərini ləğv etmək, onun adını meydanlardan
götürmək üçün 10 gün möhlət verir: "Əgər tələb yerinə yetirilməsə,
biz təcili addımlara başlayacağıq. Bu gün 10 min, sabah 20-30 min
olacağıq".
Fevralın 24-də Sevastopolda 30 minə yaxın insanın qatıldığı daha
bir mitinq olub. Mitinqə Rusiya bayrağı ilə çıxan və əsasən
ruslardan ibarət olan Krım sakinləri dövlət administrasiyasına
etimadsızlıqlarını bildirib, Mixail Çalovu administrasiyaya yeni
rəhbər təyin ediblər. Mitinqdə Ukraynada baş verənləri faşizm
adlandırıb və "Putin bizim lider", "Rusiya bizi geri al!", "Krımda
faşizmə keçidə imkan verməyəcəyik" kimi şüarlar səsləndirilib.
Mitinqin qətnaməsində bildirilir ki, Sevastopol Ali Radanın heç bir
qərarını tanımayacaq, həmin qərarları Krıma tətbiqinin qarşısı
alınacaq. Səbəb kimi hakimiyyətin qiyam yolu ilə devrilməsi
göstərilir.
Daxili işlər naziri Arsen Avakovla, Təhlükəsizlik Xidmətinin
sədri Valentin Nalivayçenko fevralın 23-ü axşam saatlarından
Krımdadırlar. Unian.net-ə müsahibə verən Avakov yarımadada durumun
nəzarətdə olduğunu deyib: "İndi ən önəmli olan provokasiyalara yol
verməməkdir. Bizim Kiyevdə yaşadıqlarımızın təkrarlanmaması üçün
provokasiyaların qarşısını birlikdə almalıyıq. Ümid edirəm ki, dinc
danışıqlar yolu ilə biz Krımın taleyi ilə bağlı anlaşma əldə edə
biləcəyik".
Onu da vurğulayaq ki, fevralın 19-da Ali Radanın Krımdan olan
üzvü "Regionı" partiyasının təmsilçisi Nikolay Kolesniçenko ölkədə
siyasi böhran davam edərsə Krımın Rusiyaya verilməsi məsələsini
gündəmə gətirməyi təklif etmişdi. Ali Radanın üzvləri arasında
təklifə dəstək verənlər vardı. Ertəsi gün isə "Batkivşina"
fraksiyasının təmsilçilərinin müraciəti ilə Ukraynanın ərazi
bütövlüyünə təhdidlərlə bağlı Ukrayna Prokurorluğunda cinayət işi
qaldırılıb. Cinayət işinin istintaqı davam edir.
Əzəli-əbədi türk yurdu olan Krım 60 il öncə - 1954-cü ildə SSRİ
Ali Sovetinin qərarı ilə Rusiyadan alınaraq Ukraynaya verilib.
Hazırda oranın əhalisinin 18 faizini Krım türkləri, 58 faizini
isə ruslar təşkil edir. ("Musavat.com")