Bir çox tarixçinin iddiasına görə, Atatürkü Türk dərin
dövləti ortaya atmışdır. Mustafa Kamal isə, onların dəstəyi ilə
Türk millətini məhvdən və məğlubiyyətdən qurtarmış, respublika
qurmuşdur.
Ölkə.az xəbər verir
ki, türkiyəli yazıçı Fatih Beyhan Atatürk Osmanlı dərin dövlətinin
adamı idi deyərək, müəyyən faktlara açıqlıq gətirib. O, "Atatürkün
böyük sirri" kitabında bu məsələyə toxunub.
Sultan Vəhdəttin və Mustafa Kamal Samsuna hərəkət etmədən öncə,
son gecə ikilikdə bir neçə saat söhbət etmiş və and içmişdilər.
Görüş zamanı əldə olunan razılığa əsasən, Sultan vətəni qorumaq
üçün İstanbulda düşmən dövlətlərin diqqətini üzərinə çəkəcək, sülh
və razılıq oyunu ilə vaxt qazanacaqdı. Digər tərəfdən isə,
işğalları bitirmək, Anadolunun təhlükəsizliyini təmin etmək üçün
fəaliyyətə başlamalı idi. Mustafa Kamal Paşa isə, Samsundan
başlayaraq Anadoluda təşkilati işlərə başlamalı, hərbi və idari
sistemi formaya salmalı, bu vasitə ilə işğallara qarşı sivil və
hərbi hərəkata rəhbərlik etməli idi. Anadolunun qurtuluşu bu iki
yoldan hansı ilə təmin edilsə, Vəhdəttin və Mustafa Kamaldan bir
digərinin yolunda özünü fəda etməli idi.
Bu anlaşmanın surəti Sabiha Sultanda və Vahdettinin özəl
yavərindədir. Anlaşmaya əsasən, ingilis siyasəti əleyhinə yeni
strategiya ortaya atılmışdır. Sultan və Atatürk arasında olan
ixtilaf əvvəlcədən danışılmış, planlaşdırılmış döyüş kimidir. Hətta
Mustafa Kamal haqqında çıxarılan edam fərmanı da əvvəldən
razılaşdırılıb. Mustafa Kamal bu barədə Ankarada Milli Məclisdə bir
çıxışı zamanı etiraf edib: "Sultan özəl yavərini yanıma göndərdi.
Biz Düzcedə görüşdük". Sonra isə, Atatürk Vahdettinin ona
göndərdiyi xüsusi məktubu göstərib. Məktubda: "İngilis süngüsü
altında belə bir qərar vermək məcburiyyətindəyəm. Bu qərarı almağım
sənin məqsədinə doğru addımlayacağın yolda kefini pozmasın"
yazılıb.
Məktubdan və Sultanla Atatürk arasında gedən söhbətdən belə
məlum olur ki, ikili arasında Ingiltərəyə qarşı siyasi oyun
qurulub.
Fatih Beyhanın fikrinə görə, Sultan Vəhdəttinin ingilis gəmisi
ilə getməsi də Türkiyənin qurtuluşu üçün özünü fəda etməyini təsdiq
edir. Sultan, ingilisləri özünə tam inandırmaq üçün onların
gəmisinə mindi və ölkəni tərk etdi. Sonradan ingilislər ondan
istifadə etmək istəsələr də, Vəhdəttin buna fürsət verməyib.
Unutmaq lazım deyil ki, Vəhdəttin şahzadə olduğu dövrdə Atatürklə
tanış idi və Mustafa Kamal onun seryavəri idi. Birlikdə Almaniyaya
səyahətə çıxmışdılar və bu səfər zamanı Anadoludakı vəziyyəti
ətraflı müzakirə etmişdilər.
Mustafa Kamalın Vəhdəttinlə qurduğu münasibət və Almaniya səfəri
sonrakı həmlələrində də hər zaman avantaj əldə etməyinə səbəb olub.
Sultana bağlı olan dərin təşkilatlanma Mustafa Kamala da tam mənası
ilə etibar etmişdir. Samsuna göndərilmədən əvvəl Daxili Nəzarət
İdarəsindən olan Məhmət Əli bəy, Mustafa Kamalı Şişlidəki
(İstanbulda səmt) evində ziyarət edib. Bundan başqa Nazir Avni
Paşanın da Şişlidəki evə tez-tez gedib gəldiyi məlumdur. Bu
görüşlər Mustafa Kamalın dövlətə sədaqət hissinin öyrənilməsi üçün
lazım olub. Sonra Avni Paşa şəxsi avtomobili ilə Mustafa Kamalı
evindən nazirliyə gətizdirib. Mustafa Kamal o günlərdə Hərbi Nazir
Şakir Paşa tərəfindən də nazirliyə dəvət edilmişdi. Burada ona
Samsunla bağlı tapşırıqlar verilib. Onu Samsuna təyin edən
Vəhdəttin Sultan olub. Deməli, Samsun vəzifəsi onun Anadolunu
təşkilatlandırmaq üçün ortaya çıxarılmış bir vəzifədir. Gəmini də
Vəhdəttin Sultan təşkil edib. Atatürkə ailəsini dolandırmaq üçün
kifayət qədər pul ayıran, ailəni himayə edən də Sultandır.
Mustafa Kamal Samsun səfərindən əvvəl bir neçə nəfərlə
vidalaşıb, səhər tezdən Babıalidə Sədrəzəm və nazirlərlə görüşüb,
cümə namazından sonra isə, Hamidiyə Məscidində Sultanla söhbət
edib. Eyni gün gecə vaxtı isə Atatürk gəmi ilə İstanbuldan yola
çıxıb. Daxili işlər naziri Məhmət Əli bəy gizli ödəmələrdən 1000
qızıl pulu Atatürkə verib.
Tarixi sənədlər və hadisələrə görə oxumaq lazımdır. Tarixi sağ
və sola ayırmaq, ideoloji seçim etmək axmaqlıqdır. Mustafa Kamal və
Vəhdəttin Sultan əlaqələri çox vacibdir. Amma təəssüflər olsun ki,
Turgut Özakman kimi tarixçi olmayan bir şəxsin yazdığı kitabda
Sultan əleyhinə kifayət qədər materiallar var. Bu isə, iftiradan
başqa bir şey deyildir.
Atatürkün Anadolu vəzifəsi şərq vilayətləri valilərinə, hərbi və
idari kürsülərə bildirilmişdir. Buna görə də, Mustafa Kamal
müfəttiş qismində Samsuna getdikdən sonra Sivas, Amasya və Ərzuruma
da keçib. Burada o, valilər tərəfindən qarşılanıb. Paşanın vali
tərəfindən qarşılanması Vəhdəttinin göndərdiyi gizli təlimata görə
həyata keçirilib. Mustafa Kamala bu vəzifə əsnasında sədrəzəmlə
birbaşa əlaqə icazəsi də verilmişdi. Bu isə, o dövr üçün bir
müfəttişə verilən ən geniş səlahiyyətdir. Bu səlahiyyətlər barədə
qərar 1919-cu il 5 may tarixli "Takvim-i Vekayi"də (Osmanlı
dövrünün rəsmi qəzeti) qəzetində dərc edilərək qüvvəyə
minmişdir.
Atatürkün o dövrə aid yazışmaları da göstərir ki, Sivasta baş
tutan bütün görüşlərin stenoqramı Sultana göndərilib.
Qısacası, Mustafa Kamal Milli Türkiyənin, Osmanlını idarə edən
dərin dövlət tərəfindən seçilmiş şəxsdir. Məsələn, Ankaranı paytaxt
seçən də Osmanlının dərin dövlətidir. Hətta Ankarada qurulan 1-ci
Məclis də 1915-ci ildən hazırlanıb. Dövlət varlığını qoruya bilmək
üçün sadəcə müəyyən fərqliliklərə gedib. Hətta bəzi tarixçilərin
iddiasına görə, Sultan Əbdülhəmid də dərin dövlətin sahibləri ilə
görüşüb, onlardan bəzi təlimatlar alıb.