Ulduzla çoxdan tanışıq. Ta
uşaqlıqdan. Onda ikimiz də həkim olmaq arzusundaydıq. Ağ xələt
bizim üçün o vaxtlar paklıq rəmzi idi. Sonra illər ötdü, zaman
hərəmizi bir diyara atdı. Əlaqələrimiz kəsildi.
Bu yaxınlarda özəl klinikaların birinə getmişdik bacımla. Bacım
hamilə idi. Həm müayinədən keçmək, həm də uşağın cinsiyyətini
yoxlatmaq istəyirdi. Bizə klinikanın ən yaxşı qadın həkimi olan
Ulduz xanımı məsləhət bildilər. Heç ağlıma da gəlməzdi ki, bizim öz
Ulduzumuzla illər sonra burda qarşılaşacağıq. Əvvəl otağa keçdik.
O, şirin-şirin danışır, bacımı müayinə edirdi. Səsi, danışıq tərzi
bir də gözləri mənə o qədər doğma gəlirdi ki, o da ara-bir mənə
baxıb gülümsəyirdi. Sanki eyni hisslər onun da beynində oynayırdı.
Bacımın şəxsiyyət vəsiqəsini alıb ünvana baxdı və gülümsəyərək
mənim adımı soruşdu. Və onda bir-birimizi tapmış olduq. Rahat
danışıb görüşmək üçün vaxt və məkan təyin etdik. Bacımı da müayinə
etdi, amma uşağın cinsiyyətini hələ demədi, gələn müayinəyə
saxladı.
Ulduzla görüşdük, oturub həm uşaqlıqdan həm yaşadıqlarımızdan
danışdıq. Ulduz məndən fərqli olaraq arzusunun və uşaqlığına
verdiyi sözün arxasınca gedə bilib. Mənə çox maraqlı idi işi. Axı
onun bugünkü peşəsi mənim də nə vaxtsa arzum olub.
Mən:
- Ulduz, ağ xələtdə özünü necə hiss edirsən? Paklıq
rəmzidir, deyirdik, yadındadı?
- Hə yadımdadı. Amma inan ki, əlimdə başqa sənətim olsa, günü bu
gün soyunub ataram bu xələti.
- Niyə axı?
- Əvvəllər hər şey tam fərqli idi. Qəribə bir soyuqqanlılıq
vardı məndə. Məsələn, abort üçün gələn anaları düşünmədən stola
çıxardır, abort edib yola salırdım. Bilə-bilə ki, bir cana qıyıram,
bir nəfəs doğrayıram, amma heç əlim də əsmirdi. O stol sanki qəssab
stolu idi, mən də qəssab. Bir insanı doğrayıb yox edirdim. Mənə elə
baxma, nolar. İnan ki, bu, mənim üçün çox adiləşmişdi. Axı biz
öyrənmişik günahı başqalarında axtarmağa. Mən də düşünürdüm ki,
günahı anasınındır, mən öz işimi görürəm.
- Axı bir ana övladını niyə öldürmək istəsin? Ən çox
niyə müraciət edirdilər?
- Bizim cəmiyyətin iyrənc qanunlarına görə. Bax elə bu iyrənc
qanunlardır ki, neçə adamı cinayətkar, neçə ananı övlad qatili
edir.
- Məsələn?
- Məsələn, biri gəlir ki, yoldaşım deyir, get yoxlatdır, bu dəfə
də qız olsa, evə gəlmə. O da gəlib yoxladırdı. Qız idisə,
götürtdürürdü. Deyirdi, saxlasam, ərim məni öldürər. Sanki qadın
özü seçir bətnindəkini. Ya da evdən xəbərsiz hamilə qalanlar
olurdu. Özünü tez bizim üstümüzə atır. "Bu uşağı götürün, yoxsa
qardaşım başımı kəsər", - deyir. Bilirsən, mən bir tərəfdən də
özümü xilaskar kimi hiss edirdim. Sanki bir canı almaqla bir
ailəni, bir gənci xilas etmiş olurdum. Bu cür absurd fikirlərlə
işimə haqq qazandırırdım. Otaqdan çıxanda bizim paklıq rəmzi
dediyimiz ağ xalatın üstü bir məsum körpənin qanı ilə boyanmış
olurdu. Sanki qəssab otağından çıxırsan: əli bıçaqlı, üstü qanlı.
Bilirsən, ən pisi də odur ki, mən gördüyüm işin peşəkarı olmaqla
fəxr edirdim. Bütün klinikalar məni əl-əl axtarırdı. "Ulduz xanım
ilin ən yaxşı ginekoloqu" adlı neçə-neçə diplom almışam, neçə
sertifikat, mükafat almışam. İndi onları bilirsən necə
oxuyuram?
- Necə?
- "İlin ən yaxşı çocuq qatili".
- Niyə bütün bunlar haqda keçmişdəki kimi danışırsan?
Axı indi də eyni işdə çalışırsan.
- Bilirsən, indi artıq iyrənirəm. Özümdən də, işimdən də. Bu
işin başqa adı yoxdu, vallah. Biz ağ xələtə bürünmüş uşaq
qatilləriyik.
- Maraqlı nələr baş verib bəs? Hər işin bir maraqlı yönü
də olmalıdır da.
- Hə o qədər olub ki.
- Danış da bu haqda. Bayaqdan doğramaqdan, öldürməkdən o
qədər danışdın ki, qorxdum lap səndən. Bir az başqa tərəfini
danış.
- Eh, adam öldürməyin başqa yönü var ki? Amma maraqlı
hadisələrlə də çox qarşılaşmışam. Məsələn, bir ana vardı, tez-tez
gəlirdi aborta, yoldaşı qız uşağı istəmirdi. Bir gün də gəldi ki,
spiral qoydursun. Bu da elə bir şeydir ki, qoydurdun, daha uşağa
qala bilməzsən. Aradan 7 ay keçmişdi bu qadın yenidən gəldi. Qarnı
da nə boyda. Dedi, mənim nəsə xəstəliyim var. Qarnım günü-gündən
şişir. Hamilə olmağım mümkün deyil, çünki spiral qoydurmuşam, özü
də siz özünüz qoymusunuz. Biz bu xanımı aparata saldıq. Həqiqətən
də 7 aylıq hamilə idi. Bu çox qəribə bir hal idi. Bu ayda abort da
eləmək mümkün deyildi. Uşaq olmalı idi, başqa yolu yoxdu. Amma bir
problem də var ki, spiral qoya-qoya uşağa qalırsa, o spiraldan
uşağa nəsə zəhərlənmə-filan keçə bilər. Qadını nəzarətə aldıq.
Spiralı biz qoymuşduq, məsuliyyəti də bizim üzərimizdə idi. 9 ay
tamam oldu, qız dünyaya gəldi və bütün xəstəxana şokda idi. Bu
həqiqətən də qeyri-adi hal idi. Sözlə ifadə etmək belə mümkünsüz.
Uşaq spiralı əlinin içində tutmuşdu. Bunu hamı danışırdı. Bu
həqiqətən də insanlara hayqırış idi. O uşaq sanki deyirdi, siz məni
istəməsəniz də, mənim bu dünyaya gəlməyə haqqım var. Bax həmin gün
işimdən də, özümdən də iyrəndim. Mən bir qatil olduğumu o gün
anlamışdım.
- Bəs valideynləri? Onlar nə reaksiya verdilər
buna?
- O qadını hər dəfə "qız istəmirəm" deyib aborta göndərən ərini
çağırdıq otağa və göstərdik. Heç nə demədi. Dizi üstə çöküb
ağladı.
- Bəs maraqlı başqa nə xatırladır sənə
sənətin?
- Bir xəstəm vardı. İlk uşağına hamilə qalandan mənim yanıma
gəlib-gedirdi. Elə uşağı da xəstəxanamızda doğuldu. Onu evə yola
salanda yoldaşı bir neçə maşın bəzəyib gəlmişdi, güllər-filan.
Sanki gəlin aparırdılar. Bütün xəstəxana ondan danışırdı. Aradan
bir müddət keçdi. Həmin xanımın ikinci uşağı da oldu, yenə də bizim
xəstəxanada, yenə də həkimi mən idim. Bu dəfə evə yola salanda hamı
o təmtərağı gözləyirdi. Amma yoldaşı tək özü maşınıyla gəlib
sakitcə götürüb apardı. Tale elə gətirdi ki, üçüncü uşağı da bizdə
oldu. Çıxanda yoldaşı bir taksi göndərmişdi ki, min gəl.
Dördüncüdə, deyib, özün ordan bir avtobusa oturub gələrsən də.
- Bəs sənə desəm ki, bu söhbətimizi yazıb mediaya
çıxardacam, onda nə demək istəyərdin bizim xanımlara, həkimlərə,
bəylərə?
- Sən də dəhşətsən də. İnanıram, yazarsan bunları. Amma adımı
vermə. Necə olsa da, imicim var. Qoy elə bilsinlər, sevərək görürəm
işimi.
- Yaxşı. Nə demək istəyərsən?
- Bir gün bir qadın gəldi, çox gözəl idi. Hədsiz. Dedi,
hamiləyəm, amma bu uşağı tək böyüdə bilmərəm. Bacarmayacağam. Mənə
kömək edin. Bunu nə olur-olsun, götürtməliyəm. Pulunu da yanındakı
oğlan ödədi. Uşağı abort edib götürdük. Qadın gedəndən sonra hamı
dedi ki, ondan olan uşaq necə gözəl olardı. Çox gözəl idi, oğlan da
qız da. Mən evə gəldim. Axşam yatdım. Yuxuma yaşlı bir qarı girdi.
Əlimdən tutub apardı. Uşaqlar oynayan bir yamaca. Bir sarışın,
ortaboy oğlan oturmuşdu, qıraqdan bunlara baxırdı. O qədər nurlu, o
qədər gözəl idi ki. Adam qeyri-ixtiyari onu qucaqlayıb bağrına
basmaq istəyirdi. Sonra o oğlan qalxıb mənə tərəf gəldi. Soruşdum,
niyə bikefsən? Anam məni istəmir, dedi. Sonra bir qız görsətdi...
Uşaqla oynayan bir qız. Dedi ki, xala, bax mən böyüyüb o qızı
sevəcəkdim. O da məni. Mən həkim olacaqdım, amma adamları xilas
edən həkim. Ən çox anamı sevəcəkdim. Ona həyatda məhrum olduğu
bütün sevgiləri mən verəcəkdim. Mən onun bütün arzularını yerinə
yetirəcəkdim. Anam əvvəl əsgər anası, sonra bir həkim anası
olacaqdı. O qız var e, xala, o müəllimə olacaqdı. Mənim qədər anamı
da sevəcəkdi. Anamın tək oğlu yox, həm də onun kimi bir qızı
olacaqdı. Elə gözəl danışırdı ki, sanki o, danışdıqlarını mən görə
bilirdim. Uşağı qucaqlayıb alnından öpdüm. Dedim, olar, inşallah,
oğlum, olar. Böyüyərsən, dediklərin hamısı bir-bir olar. "Yox,
xala, heç biri olmayacaq. Çünki bu gün sən məni öldürdün. Anamla
əlbir olub öldürdünüz, bütün həyatımı. Xala, bilirsən, sən məni
doğrayanda elə hiss edirdim ki! Ağrını ilk sənin bıçağında duydum.
Mən bir parça qan laxtası deyildim axı. Sən də bilirdin ki, mən
formalaşmış bir can idim. Mən bir ömür sizlərə belə qıraqdan
baxacam, amma heç vaxt yaşaya bilməyəcəm…"
Yuxudan orda ayıldım... İndi hər dəfə abort etdirmək istəyən
analara əvvəl bunu danışıram. Yenə də sonda seçimlərini özləri
edir.
Ulduza zəng gəldi, təcili doğuş var idi. Söhbətimizi yarımçıq
qoyub gedəsi oldu. Gələn müayinəyə bacımla yenə də mən getdim.
Bacımın bir qızı var. Bilirdim ki, ikinci uşağının oğlan olmasını
arzulayırlar. Ulduz bizi mehribancasına qarşıladı. Danışıb,
gülə-gülə bacımı müayinə etdi, sonra uşağın cinsini yoxladı.
Üzümüzə baxıb, dedi, muştuluq, oğlandı. Sevinclə bacıma baxdım.
Onun kefi pozulmuşdu nəsə. Yaxınlaşıb dedim:
- Axı sən elə oğlan istəyirdin. Niyə kefin
pozuldu?
- Eh, qız olsaydı, 10 min gələcəkdi. 10 min itirsən kefin
pozulmaz?