Təmirə bağlanan kinoteatrların nə zaman insanların üzünə
açılacağı məlum deyil...
Vaxtilə kassaların qarşısı tamaşaçılarla dolu olardı. İndi isə
paytaxtda fəaliyyət göstərən kinoteatrların bəzisi sökülüb,
bəziləri isə kinoteatrlardan daha çox çayxana, internet-klub, mebel
salonu kimi fəaliyyət göstərir. Mədəniyyət və Turizm Nazirliyi
dəfələrlə mövcud problemin aradan qaldırılacağını desə də, hələlik,
ortalıqda real işlər yoxdur. Məlum olduğu kimi, 2006-cı ildə ölkə
prezidenti İlham Əliyevin sərəncamı ilə kinoteatrlar özəlləşməyə
verildikdən sonra onların əksəriyyəti Mədəniyyət və Turizm
Nazirliyinin balansından çıxaraq sahibkarlar tərəfindən
özəlləşdirildi. Sahibkarlar isə həmin kinoteatrları təmir etmək
əvəzinə onlardan biznes və başqa təyinatlı obyektlər kimi istifadə
etməyə başlayıblar. Bu sahədə kiçik araşdırma apararkən məlum oldu
ki, mövcud kinoteatrların vəziyyəti olduqca acınacaqlıdır.
Bu istiqamətdə ilk baş çəkdiyimiz Nəriman Nərimanov
metro-stansiyasının yaxınlığında yerləşən "Nərimanov" kinoteatrı
oldu. Ancaq adıçəkilən ünvanı tapa bilsək də, əvvəllər tamaşaçı
selinə qərq olan kinoteatr binasını tapa bilmədik. Belə ki,
adıçəkilən kinoteatrın yerləşdiyi ərazi dəmir hasarlarla əhatə
olunub. Sovet hakimiyyəti illərində tikilən və çoxsaylı
tamaşaçıları ilə hər zaman diqqət mərkəzində olan bu möhtəşəm sənət
ocağının binası tamamilə sökülərək yerində hansısa ticarət obyekti
tikilir. Bu barədə suallarımızı cavablandıran sakinlərin sözlərinə
görə, kinoteatrı söküləndə elə biliblər ki, təmir olunacaq:
"Kinoteatr 2012-ci ilin axırlarından etibarən öz fəaliyyətini
dayandırıb. Bundan sonra kinoteatrın ətrafını hasara aldılar. Biz
də elə bildik ki, kinoteatrı təmir edəcəklər. Ancaq bir müddətdən
sonra bina tamamilə söküldü. İndi də gördüyünüz kimi, yerində
hansısa sahibkar ticarət obyekti tikdirir".
Növbəti üz tutduğumuz məkan isə şəhərin mərkəzində yerləşən
"Azərbaycan" kinoteatrı oldu. "Nərimanov" kinoteatrından fərqli
olaraq "Azərbaycan" kinoteatrının binasını yerində tapa bildik.
Amma adıçəkilən kinoteatrda da qapıları deyəsən birdəfəlik olaraq
tamaşaçıların üzünə bağlanıb. Kinoteatrın bağlı qapıları qarşısında
bizi qarşılayan mühafizə xidmətinin əməkdaşı kinoteatrın təmirə
bağlandığını bildirdi və bu səbəbdən də kinoteatrın interyerində
çəkiliş aparmağımıza imkan vermədi:
"Kinoteatr təmirə bağlanıb. Rəhbərliyin icazəsi olmadan da
çəkilişə icazə verə bilmərik".
Amma məsələ heç də göründüyü kimi sadə deyil. Belə ki, artıq iki
ildən artıqdır təmirə bağlandığı deyilən kinoteatrda bu müddət
ərzində heç bir təmir işləri aparılmayıb. Bu, azmış kimi
kinoteatrın bir hissəsi də ticarət obyekti kimi fəaliyyət göstərir.
Bütün bunlarla yanaşı adıçəkilən kinoteatrda elə kinoteatrı
xatırladacaq heç bir işarə yoxdur. Belə ki, kinoteatrın yuxarısında
"Azercell"in, şüşələrlə əhatə olunmuş hissədə isə "Kapital bank"ın
loqosunu görmək mümkündür. Bütün bunlar isə onu göstərir ki, yaxın
gələcəkdə "Azərbaycan" kinoteatrının da aqibəti "Nərimanov"
kinoteatrı kimi olacaq...
"Bakı" kinoteatrının vəziyyəti isə daha dramatikdir. Belə ki,
ciddi təmirə ehtiyacı olan binada kinoteatr fəaliyyət göstərsə də,
işçilər tamaşaçı azlığından şikayətləndilər. Bu barədə bizimlə
söhbət edən kinoteatrın işçisi Adəm Şəbiyev bildirdi ki, hazırda
adıçəkilən kinoteatr öz çətin dövrünü yaşayır. Yaxın vaxtlarda
dövlət dəstəyi olmazsa, kinoteatrın bağlanma ehtimalı var:
"Hazırda "Bakı" kinoteatrında vəziyyət olduqca çətindir. Gün
ərzində hər seansda 5-6 tamaşaçıdan artıq tamaşaçı görmək olmur. Bu
da kinoteatrın maddi durumunu olduqca çətin vəziyyətə salıb. Yaxın
vaxtlarda dövlət dəstəyi olmasa, kinoteatr öz fəaliyyətini
dayandıracaq. Çünki gün ərzində 10-15 bilet satmaqla nə kinoteatrın
maddi-texniki bazasını yaxşılaşdırmaq olar, nə də işçilərə normal
əmək haqqı vermək".
Həmsöhbətimizin sözlərinə görə, kinoteatrda hökm sürən tamaşaçı
qıtlığının kökündə binanın qəzalı vəziyyətdə olması dayanır:
"Kinoteatrın binası gördüyünüz kimi qəzalı vəziyyətdədir. Belə
binada hansısa filmə baxmaq da təbii ki, insanlar üçün maraqsız
olur. Ona görə də insanlar kinoteatrdan üz döndəriblər. Bu gün
"Bakı" kinoteatrının ciddi təmirə ehtiyacı var. Buna görə də biz
dövlətdən, Mədəniyyət və Turizm Nazirliyindən kömək gözləyirik.
Əgər yaxın vaxtlarda dövlət dəstəyi olmasa "Bakı" kinoteatrı da
digər kinoteatrlar kimi tarixin arxivinə gedəcək".
Hazırda kinoteatrda nümayiş olunan filmlərə gəlincə isə, Adəm
Şəbiyev daha çox Türkiyə istehsalı olan filmlərə üz tutduqlarını
bildirdi:
"Bizdə əsasən türk filmləri nümayiş olunur. Xarici filmləri
almağa və dublyaj etdirməyə maddi imkanımız çatmır. Ona görə də
türk filmlərinin diskini mağazalardan alıb nümayiş etdiririk.
Büdcəsi olmayan kinoteatr film ala bilər? Biz yalnız öz gücümüzə
ayaq üstə durmuşuq. "Bakı" kinoteatrı can verir, qardaş"!
Ümumiyyətlə, Sovet hakimiyyəti dağılandan sonra kinoteatrlarımız
köhnə su dəyirmanlarını xatırladır. Hər zaman səs-küyü ilə
fərqlənən kino zallarımız indi sükut içində öz tamaşaçılarının
yolunu gözləyirlər.
Bakı kinoteatrları arasında nisbətən yaxşı vəziyyət şəhərin
mərkəzində yerləşən "Nizami" kinoteatrındadır. Adıçəkilən mərkəzin
işçiləri də burada tamaşaçı qıtlığından əziyyət çəkmədiklərini
söylədilər. Kassaların qarşısında yaranan növbələr də bunu deməyə
əsas verir. Elə ona görə də burada qiymətlər "Bakı" kinoteatrı ilə
müqayisədə bir qədər bahadır. Məsələn, "Nizami" kino mərkəzində bir
biletin qiyməti gündüz seansı üçün 4 manat, gecə üçün isə 6-7 manat
təşkil edir. Filmlərə gəldikdə isə "Nizami" kino mərkəzində də
əsasən türk filmləri nümayiş etdirilir. Ancaq bununla yanaşı
ara-sıra xarici filmlər də nümayiş etdirilir. Xarici filmlər isə
əsasən rus dilində nümayiş etdirilir ki, bu da öz növbəsində
Azərbaycan vətəndaşını, xüsusən də yetişməkdə olan gənc nəsli ana
dilimizdən uzaqlaşdırır. Bu, həmçinin mövcud qanunvericiliyə də
ziddir. Ölkədə fəaliyyət göstərən telekanallarda hətta türk
filmləri tərcümə edilərək verilirsə, nədən kinoteatrlar bu
qaydalara əməl etməsin?
Kinoteatrlarda apardığımız araşdırmanın məntiqi sonluğu olaraq
paytaxt sakinlərinə üz tutub onların bu mədəniyyət ocaqlarından üz
döndərmələrinin səbəbini öyrənməyə çalışdıq. Bu barədə suallarımızı
cavablandıran paytaxt sakini 58 yaşlı Əli Həbibov sonuncu dəfə
90-cı illərdə kinoteatrda olduğunu söylədi:
"Axırıncı dəfə 90-cı illərdə kinoteatrda olmuşam. Dəqiq yadımda
deyil, amma səhv etmirəmsə, "Nəsimi" filmi nümayiş etdirilirdi. O
vaxtdan sonra da kinoteatrlara getmirəm".
Digər şəhər sakinlərinin də böyük əksəriyyəti uzun illərdir
kinoteatrlara getmədiklərini söylədilər. Səbəb isə bu göstərilirdi
ki, kinoteatrların texniki vəziyyəti şəhər sakinlərini qane etmir.
Bəziləri isə kinoteatrlarda maraqlı filmlərin nümayiş
etdirilməməsini əsas gətirərək kinoteatrlardan üz döndərdiklərini
söylədilər. Kino mütəxəssisləri isə kinoteatrların ağır durumunun
səbəbini telekanalların çoxluğu və internetin həyatımıza geniş
şəkildə daxil olması ilə əlaqələndirirlər. Ancaq bu da bir faktdır
ki, inkişaf etmiş Qərb ölkələrində, xüsusən də ABŞ-da insanlar
kinoteatrlara, teatrlara böyük maraq göstərirlər. Çünki kinoteatra
getmək sadəcə, bir film izləməklə sonuclanmır, bu, həm də bir
mədəniyyət göstəricisidir.