Qəbələdən qayıtdıq. Azərbaycan Respublikasının
Prezidenti yanında Bilik Fondunun Bakıda keçiriləcək birinci Avropa
Oyunlarına dəstək xarakterli tədbirləri rayonda böyük coşqu ilə
qarşılandı.
4 qardaşlaşmış məktəbin
iştirakı ilə futbol turniri keçirdik. Qalibləri də
mükafatlandırdıq, Dövlət müşaviri hörmətli Kamal Abdullayevin
təşəbbüsü ilə məğlubları da.
Niç kəndindəki Alban məbədində olduq. Şam yandırdıq, müsəlman
olsaq da, İsanın ruhuna elə öz dilimizdə və öz düşüncəmizdə dualar
oxuduq. İki gözəl gün yaşadıq. Yaşadanlara və yaşayanlara eşq
olsun!
Əvvəldən başlayaq - ideyadan. Bilik Fondu yeni yarananda
Azərbaycan Respublikası millətlərarası multikulturalizm və dini
məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin xeyli tövsiyələri
oldu. Hələ də onlardan bəhrələnirik. Belə tövsiyələrdən biri
məktəblərin qardaşlaşmasına nail olmaq idi. Nail olduq. Bugünə
qədər 40 məktəbi qardaşlşadırmışıq. İlk dəfə 4 məktəb arasında
"Qardaşlaşma sazişi" imzalandı. Bilik Fondunun həyata keçirdiyi
"İlboyu bilik" proqramının "Qardaşlaşmış məktəblər" layihəsi
çərçivəsində aprelin 12-də Beyləqan şəhərində Bakı şəhəri Elitar
Gimnaziya, Qəbələ rayonu Nic kənd orta, Beyləqan şəhər 1 saylı tam
orta və Xocavənd rayonu Salakətin kənd tam orta məktəbləri bir
araya gəldi. Bu qardaşlaşmada Niç kəndində təhsil alan udilərin yer
alması multikultural əhəmiyyət daşıyırdı. Dünyanın inkişaf etmiş
ölkələri multikultural siyasətin tətbiqinə tam nail ola bilmədilər.
İrq, din, dil ayrıseçkiliyi Avropada və Qərbdə ciddi fəsadlar
törətməkdədir. Qardaşlıqdan danışanda ölümün adını çəkməzlər, ona
görə ABŞ-da yaşananları misal göstərmədən bəyan edirik ki,
multikulturalizm azərbaycanlıların həyat tərzidir. Daha doğrusu
təkrar edirik. Azərbaycan Prezidenti cənab İlham Əliyevin fikrini
təkrarlayırıq.
Belə razılaşdırmışdıq ki, qardaşlaşan məktəblərin qarşılıqlı
əlaqələrinin təşkil olunmasında da yaxından iştirak edək. 4
müxtəlif rayonun təmsilçiləri olan 4 məktəb... Necə edək? Onları
bir dəfə Beyləqanda, bir dəfə Xocavənddə görüşdürmüşük. Növbəti
ünvan haradır? Bu sualı uşaqların özlərinə ünvanladıq. Bir ağızdan
Niç kəndi dedilər. Gözəl təbiəti, tarixi abidələri, fərqli dini
inancları olan udilərlə ünsiyyəti seçdilər. Biz gələcəyimizin
ardınca getməyə borcluyuq. Bu günün şagirdləri həm də gələcəkdir.
Onların fikrini əsas götürməmək mümkünsüzdür.
İkinci suala da cavab tapmalıydıq. Qardaşlaşan 4 məktəbin ilk
görüşündə onlar arasında bilik yarışması keçirilib. Onda şərait
belə tələb edirdi. İndi isə Azərbaycan dünyada ilk dəfə keçiriləcək
Avropa Oyunlarına ev sahibliyi edəcək. Möhtəşəm hadisədir. Ölkə bu
hadisəyə köklənib. Belədə mütləq idman yarışı olmalıdır. Ən
populyar idman növü isə futboldur. Müəyyənləşdirdik: Qəbələ
rayonunda Qardaşlaşmış məktəblər arsında futbol turniri keçirilsin.
Və bu turnir Bakı 2015 Avropa Oyunlarına dəstək xarakteri
daşısın.
Qəbələ. Çatdıq. Rayon icra hakimiyyətinin məsul şəxsləri
tərəfindən isti münasibətlə qarşılaşdıq. Rayonda qonaqlar çox idi.
Bu, sevindiricidir. Qonaqsız ev suyu qurumuş dəyirmana bənzəyir.
Qəbələ isə yaşıllığa bürünüb. Şagirdlər çox sevinirdilər. Bilik
Fondunun nümayəndəsi Təranə Səlimova təşkilatı işləri öncədən
dəqiqliyi ilə həyata keçirmişdi. Əvvəlcə rayonun görməli yerlərini
gəzdik. Gecə düşmüşdü, amma uşaqlar yatmaq istəmirdi. Yenə gəzdik.
Səhər 4 komanda arasında turnirin ilk oyunlarına start veriləcəkdi.
Dincəlmək vacibdir. Komandalar öz otaqlarına çəkilib taktikalar
qururlar.
Səhər. Oyun başlayır. Qonaqlarımız da var: Qəbələ rayon təhsil
idarəsinin müdir müavini İxtiyar Şirinov, rayon idman idarəsinin
məsul şəxsləri, müxtəlif məktəblərin müəllim və şagird
kollektivləri...
Başlayır. Qəbələnin Nic kəndinin məktəbliləri Beyləqan rayonu 1
nömrəli məktəbin şagirdləri ilə görüşür. Niçlilər açıq-aydın
üstündürlər. Daha çox uzun ötürmələrdən istifadə edirlər. Fiziki
baxımdan da fərqlənirlər, sürətləri də var. Onların məşqiçisi
Qəbələnin birinci liqasının oyunçusudur. Komandasını yaxşı
hazırlayıb. Nəhayət, böyük hesablı qələbə: 7:1. Beyləqan
nümayəndəmiz Gülbəniz Cəfərova şagirdləri danlayır. Əsəbidir. Biri
əsəbiləşəndə gərək o biri sevinməsin. Ancaq biz təşkilatçılar
sevinirik. Sübut var: oyunlar ciddiliyi ilə seçilir.
İkinci oyun Xocavənd rayonu Salakətin kənd tam orta məktəbi ilə
Bakı şəhəri Elitar Giminaziyası arasında baş tutdu. 10 dəqiqdən
sonra məlum olur: bakılılar finala çıxacaq. Əsl Bakı futbolu
oynayırlar: qısa və dəqiq ötürmələr, sürət zəif, tənbəllik göz
deşir. Rəqibdə isə bunlardan heç biri yoxdur. Əvəzində boşa
xərclənən sürət var. Nəticə 6:1. Elitar Gimnaziya finalda. Bu dəfə
Xocavənd nümayəndəmiz Rəmziyyə Aslanova əsəbiləşib. Yenə
sevinirik...
Axşam saat 8-də super-liqanın oyunu var. "Qəbələ" "İnter"i qəbul
edir. Bir sektoru Qardaşlaşmış məktəblər üçün ayırıblar. Əsrarəngiz
mənzərədir: yaşıllığa bürünmüş dağların əhatəsində stadion,
üzərində "Qardaşlaşmış məktəblər" sözü yazılan 70-dən çox şagird
əllərində "Birinci Avropa Oyunlarına tamaşa etmək üçün ölkəmizə
gələcək qonaqlara salamlıar olsun" şüarı yazılan plakatlar.
Qəbələni dəstəkləyirik. Baxmayaraq ki, aramızda bakılılar var, elə
onlar da qonaq olduqları evin sahiblərinin tərəfindədirlər. Fəalıq.
Qışqırırıq. Oyun 1:1 hesabı ilə başa çatır. Onlardan heç biri qalib
gəlmir. Meydanda yeganə qalib var, o da Qardaşlaşmış məktəblər.
Çünki gözəl gün yaşayırıq.
Növbəti gün. Finalçılar həyəcanlıdır. Açığını deyim, gizlincə
bakılıların tərəfindəyəm. Gecə onlara bəzi taktiki gedişləri izah
edirəm. Gedişlər gedir, bir daha geri qayıtmır. Bakı məktəbliləri
uduzurlar. Düzdür, oyunun əsas və əlavə hissəsi 3:3 hesabı ilə
yekunlaşır. 11 metrlik zərbələr. Niçlilərin qapıçısı bir topu
qaytarmaqla komandasını qələbəyə daşıyır. Üçüncü yer uğrunda
mübarizə də maraqlı keçir. Xocavənd böyük hesabla irəlidədir.
Məktəbin direktoru o qədər hissə qapılıb ki, hətta qapını qorumağa
özü keçib. Hakim bir də baxır ki, qapını topdan direktor xilas
edir. Hay-küy düşür. Bir haqlı fit səsi məsələni həll edir.
Xocavənd üçüncüdür.
Turnir başa çatır. Qaliblər də mükafatlanır, məğlublar da. Bilik
Fondu "Epizod" layihəsini işə salır. Layihənin mahiyyəti belədir:
tamaşada epizodik rol ola bilər, həyatda epizod yoxdur. Bütün
rollar baş roldur. Beyləqan futbolçularına top hədiyyə edirik:
oynayıb-oynayıb oynamağı öyrənsinlər.
Yolumuz Niç kəndinədir. Alban kilsəsində oluruq. Yəqin ki,
yandırdığımız şamlar artıq əriyib. Etdiyimiz dualar isə əminik ki,
İsa peyğəmbərin ruhuna qoşulub Allahın yanına qalxıb. Udilər də
Məhəmməd Peyğəmbərin ruhuna bir o qədər inanırlar. Qardaşlıq ancaq
belə olur. Dini, dili, adət və ənənələri fərqli insanları bir amal,
bir əqidə birləşdirir. Onun adı Vətəndir. Bizim vətəninsə adı
Azərbaycandır. Azərbaycançılıq məfkurəsində birləşəndə bütün yollar
yuxarı doğru gedir, aşağıya yol yoxdur.