Yeni il qabağı qiymətlərin marketlərdə od-tutub yandığı
bir vaxtda Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə Bakının
bir-neçə rayonunda Yeni il yarmarkası təşkil olunub. Dekabrın
28-dən üzünü alıcılara açan bu yarmarkalar ayın sonuna kimi davam
edəcək. Yarmarkalardakı qiymət fərqini öyrənmək üçün "Axar.az"
olaraq Binəqədi rayonu 6 saylı peşə liseyinin yaxınlığında
keçirilən yarmarkada olduq.
Əvvəlcə satıcılara yaxınlaşıb onların hansı rayonlardan
gəldiyini və satışın onları qane edib-etmədiklərini soruşduq.
Məlum oldu ki, burda super marketlərdəki "yaraşıqlı" meyvələrdən
fərqli olaraq, orqanik məhsullar satılır. Yerli məhsulların qiyməti
isə market qiymətlərindən 40-50 qəpik civarında fərqlənir. Amma
rayon qiymətlərindən xeyli bahadır. Burda demək olar ki, Astara
rayonundan tutmuş Quba-Xaçmaz, Gədəbəy, Qəbələ - hansı rayondan
istəsən, satıcı tapa bilərsən.
Qubanın ağ alması
Rüfətin 17-i yaşı var. İşi-gücü alma satmaqdır. Yarmarkaya
gətirdiyi məhsulu rayondan alıb burda satır. Almanın 18 kq-nı 4
manata alıb, yarmarkada 3 kq-nı 1 manata satır.
Dediyinə görə, TV-lərdə yarmarkanın nə zaman olacağından xəbər
tutan kimi almalarını da yığıb gəlir yarmarkaya. Burda isə nə yer
pulu verir, nə də rüşvət.
Müştərisiz yarmarka
Yarmarkada alıcıdan çox satıcı var, elə ona görə də burda
alıcılıq qabiliyyəti çox zəifdir. Satıcılar da bundan
gileylənir.
Bərdə rayon sakini Heybət Muradov bunu son zamanlardakı
bahalaşma ilə əlaqələndirir.
Kənd Təsərrüfatı Nazirliyini nümayəndəsi hədə-qorxu
gəldi
Heybət Muradov yarmarkanın iki yerə bölündüyündən danışır.
Yarmarkanın qismən alıcı gur olan tərəfinin heç bir rayondan
gəlməyən, burda yaşayan satıcıların ixtiyarında olduğunu deyir.
Amma bu yarmarkanın digər yarmarkalardan fərqli cəhəti də var:
"Təkcə bu yarmarkada satıcılardan yer pulu istəmirlər. Sağ
olsunlar, yaxşı adamlardır. Qalan yarmarkalarda yerli alverçilər
çoxdur, gəlmələrdən də 5-10 manat yer pulu istəyirlər. Yarmarkaya
alma, mandarin, çuğundur, gətirmişəm. Dörd həftədir burdayam, bir
düz-əməlli alver eləyə bilməmişəm. Satdığım da ancaq benzin pulunu
çıxarır. Qazellə yola 50 manat benzin yandırıram. Yolda da
saxlayanda polislər görürlər maşının içində mal var, gah mandarin
götürürlər, gah alma götürürlər. Bayram günüdü, ancaq heç nə sata
bilmirik, camaatda pul yoxdur. Alıcılıq qabiliyyəti çox aşağıdır.
Görürsüz, alıcı yoxdur, hamsı satıcıdır. Bahalıqdı. 50 qəpiyə
mandarin, xırnik alan yoxdur".
Bərdə rayonundan gələn satıcının ürəyi dolu olduğundan üzləşdiyi
problemlərdən, gündəlik dolanışığından narazılıqla danışmağa
başladı və bu da Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Fazil
Əliyevi əməlli-başlı əsəbiləşdirdi, bərdəli satıcıyla dilləşdi və
əlavə etdi ki, o, nazirlik nümayəndəsi olduğundan ona heç kim heç
nə edə bilməz.
Sən kimsən ki, danışırsan, get işinlə məşğul
ol
"Mən həqiqəti danışıram", - deyən satıcıya nazirlik
nümayəndəsinin, "Yaxşı, həqiqəti de. Biz həqiqəti göstərərik sənə.
Sən kimsən ki, danışırsan, get işinlə məşğul ol", - deməsi ilə
Heybət Muradov da susdu.
Nazirlik nümayəndəsi ilə satıcının mübahisəsinin böyüyəcəyini
görüb məsələni yüngülləşdirməyə çalışdıq. Satıcıya göstərilən
təhdidin necə nəticələr verəcəyinə Kənd Təsərrüfatı Nazirliyinin
şöbə müdiri heç bir cavab verməyərək oradan uzaqlaşdı.
Yarmarkadakı bütün məhsulların qiymətini öyrənməyə çalışdıq. Bir
balaca araşdırma aparıb dükan məhsullarından nə qədər fərqləndiyini
öyrənmək üçün marketlərə üz tutduq.
Binəqədi rayonu 6 saylı peşə liseyinin qarşısında təşkil olunan
yarmarkadakı məhsulların qiymətləri ilə şəhərin digər yerlərində
satılan məhsulların qiymətini müqayisə etməyə çalışdıq.
Nəticəni təqdim edirik:
Mandarin (yarmarka): - 0.8 man. Yarmarkdan kənar: - 1-1.5
man.
Alma (yarmarka): - 0.5 – 1 man. Yarmarkadan kənar: - 0.7 – 2.3
man.
Alma (qızıləhmədi): - 0.80 man. Yarmarkadan kənar: – 2 man.
Nar (yarmarka): - 1m-1.50 man. Yarmarkadan kənar: - 1.3 – 2.8
man.
Heyva (yarmarka): - 0.6 man. Yarmarkadan kənar: - 1.3 - 2
man.
Kartof (yarmarka): - 0.6 – 1 man. Yarmarkadan kənar: - 1.1 – 1.2
man.
Soğan (yarmarka): - 0.5 man. Yarmarkadan kənar: - 1.4 – 2
man.
Sarımsaq (yarmarka): - 1 man. Yarmarkadan kənar: - 1.5 man.
Kök (yarmarka): - 0.7 man. Yarmarkadan kənar: – 1 man.
Kələm (yarmarka): - 0.35 man. Yarmarkadan kənar: – 0.5 man.
Şabalıd (yarmarka): - 4 - 5 man. Yarmarkadan kənar: - 5 man.