Azərbaycanlı qızlar çox
mehribandır, səmimidir, onlarla ünsiyyət məndə çox asan alınır. Tam
səmimiyyətimlə deyim ki, bunu çox istəyərdim. Hətta mən Azərbaycana
gəldiyim gündən bu barədə düşünürəm. Çünki onlar şirin, gözəl,
qayğıkeşdirlər. İnşallah,azərbaycanlıqızlaevlənəcəm.
Bu sözləri Azərbaycanda təhsil alan nigeriyalı tələbələrlə
söhbətimizdə eşitdik. Əcnəbi tələbələrin Azərbaycandakı güzəranı
ilə maraqlanmaq məqsədilə onların ən çox maraq göstərdiyi
universitetlərdən birinə – Azərbaycan Dövlət İqtisad Universitetinə
yollandıq. Universitetin müəllim heyətinin köməyi ilə əcnəbi
tələbələrlə görüş baş tutdu.
Axar.az-ın təşkil etdiyi görüşdə əsas məqsəd əcnəbi tələbələrin
Azərbaycanda oxumaq istəklərinin səbəbini öyrənmək, burada təhsildə
yaranan çətinliklərlə maraqlanmaq, təhsil fərqi, karyera imkanları
ilə tanış olmaqdır.
Bizimlə həmsöhbət olan ilk tələbə əvvəlcə bir qədər
həyəcanlansa da, sonradan sözləri ilə bizi də, dostlarını da
güldürdü:
- Adım Tomidir. Nigeriyadan gəlmişəm. Artıq 2 ildir
Azərbaycandayam. Burada ali təhsil almaq çox da çətin deyil.
Ondan niyə məhz Azərbaycanda təhsil almaq istəməsinin
səbəbini soruşuram:
- Nə danışım, bilmirəm (gülür).
Kənardan dostları ona həyəcanlanmaması üçün dəstək
olurlar. Tomi davam edir:
- İnternetdən Azərbaycanı tapdım, haqqında kifayət qədər məlumat
topladım. Məsələn, ölkə əhalisinin psixologiyası, mədəniyyəti ilə
maraqlandım və düşündüm ki, burada təhsil almaq olar. Burada mənə
rahatdır.
Nigeriya ilə Azərbaycandakı təhsil sistemini müqayisə etdikdə
görürəm ki, gözəçarpacaq dərəcədə fərq yoxdur. Tək fərq müəllim
heyətidir. Məsələn, mənim Azərbaycan dili müəlliməm Elfira xanım
çox yaxşı insandır. O, mənə Azərbaycan dilini öyrətdi. Bu gün
sizinlə belə rahat ünsiyyət qururamsa, bunu Elfira xanıma
borcluyam.
Burada çoxlu dostlarım var. Onlar həm azərbaycanlı, həm də
nigeriyalıdır. Dərsdən sonra onlarla toplaşır, maraqlı əyləncələr
təşkil edirik. Ən çox Tarqovunu (Nizami küçəsini) bəyənirəm. Orada
axşamlar çox gəzirik.
İstəyirəm ki, məktəbi bitirdikdən sonra ölkənizdə qalıb işləyəm.
Amma əlbəttə ki, bunu Allah bilər (gülür).
- Azərbaycanlı xanımla münasibət qurmaq və yaxud onunla
ailə qurmaq barədə düşünmüsünüzmü? Bunu istəyərdiniz?
Sualımdan sonra otağı nigeriyalı tələbələrin gülüşü götürür:
Tomi: "Çox yaxşı sualdır, istəyərdim, çox maraqlı olardı
(gülür)."
Keçirik Elvis Felekesə. Elvis də özü və təhsili haqda
danışır:
- Artıq 2 ildir ki, Azərbaycandayam. Buranı seçməkdə əsas
məqsədim Nigeriya sərhədlərindən kənarda təhsil almaq idi. Nigeriya
təhsili ilə buradakı təhsili müqayisə etdikdə görürəm ki, burada
sistem çox asan və dəqiq qurulub. Məsələn, səhər dərsə gedib,
günorta evə qayıdırıq. Amma Afrikada bu sistem qurulmayıb.
Dərslərin müddəti fərqlidir.
Elvis burada çalışmaq istədiyini, amma xarici vətəndaş
olduğu üçün çətinlik çəkdiyini deyir:
- Çox istəyərdim ki, dərsdən sonra haradasa çalışım, amma xarici
vətəndaşlar üçün həftəlik cəmi 20 saatlıq limit olduğundan bu
arzumu reallaşdıra bilmirəm (gülür).
- Bəs oxuyub bitirdikdən sonra burada qalıb karyera
qurmaq istəyərdinizmi?
- Belə bir şeyi çox arzulayıram. Əgər qarşıma belə bir fürsət
çıxsa, bunu dəyərləndirmək istəyərdim. Arzuladığım işi tapsam,
təhsilimi bitirdikdən sonra burada yaşayıb, işimi qurmağı
düşünürəm. Dərsdən sonra evə gedirəm. Adətən gitarada ifa edib,
mahnı oxuyuram. Dərsdən sonrakı istirahətimi bu təşkil edir. Musiqi
mənim həyatımdır.
Müəllimlərimə gəlincə, öncə Rəna xanımdan danışmaq istəyirəm.
Sağ olsun, o, bizə çox kömək etdi. Sonra Azərbaycan dili müəlliməmi
çox sevirəm. Bir də Sara müəllimə var, o, məni hərdən sevir, hərdən
isə yox (gülürlər).
Ölkəmizdə təhsil almaq Əsli Hacıyevanın (özbəkistanlı
tələbə - əslən azərbaycanlıdır) arzusu olub:
- Uzun müddətdir Azərbaycanda təhsil almaq barədə düşünürdüm.
Çünki burada təhsil alan tələbələrin yaxşı potensialı olması barədə
məlumatım var idi. Burada qiymətlər çox münasibdir. Mənim üçün
aylıq büdcəmi xərcləmək kifayət edir. Demək olar ki, heç bir
çətinlik çəkmirəm.
Masanın o biri tərəfindən nigeriyalı tələbələrdən biri –
Maykl dərsə tələsdiyini, onunla söhbətimizi digər tələbələrdən tez
etməyimizi xahiş edir:
"Mən Nigeriya Federativ Respublikasından gəlmişəm. Azərbaycanda
oxumağı ona görə seçdim ki, burada oxuyan dostlarımdan biri bunu
mənə tövsiyə etdi. Bir dəfə internetdə Azərbaycanda təhsil alan
nigeriyalı tələbə dostumla danışırdım. O, məndən nə üçün
Azərbaycanda təhsil almadığımı soruşdu. Mənə izah etdi ki, burada
təhsil, yaşamaq çox rahatdır. Bu sözlərdən sonra burada təhsil
almaq qərarı verdim. Nigeriya təhsil sistemi ilə buradakı sistemdə
böyük fərq var. Burada bizi praktikaya göndərmirlər. Dərslər daha
çox nəzəriyyə üzərində keçirilir, amma Nigeriyada üstünlük
praktikaya verilir. Çox istəyərdim ki, dərslər praktika üzərində
qurulsun.
Universiteti bitirdikdən sonra burada qalıb çalışmaq istəyərdim.
Əgər şərtlər yaxşı olsa, qalıb burada çalışmağı düşünürəm. Çünki
bura sülhsevər ölkədir.
Söhbətimiz bitən kimi Maykl üzrxahlıq edir və getməli
olduğunu deyir. Otağı tərk edəndən bir neçə saniyə sonra geri
qayıdır və mənə etirazını bildirir:
- Siz niyə Tomiyə verdiyiniz sualı mənə də vermədiniz?! Niyə
soruşmadınız mən azərbaycanlı xanımla evlənərəm, ya yox?!
Hamını gülmək tutur…
Sualımı Maykl üçün də təkrar edirəm, çox maraqlı cavab
verir:
- Azərbaycanlı qızlar çox mehribandır, səmimidir, onlarla
ünsiyyət məndə çox asan alınır. Tam səmimiyyətimlə deyim ki, bunu
çox istəyərdim. Hətta mən Azərbaycana gəldiyim gündən bu barədə
düşünürəm. Çünki onlar şirin, gözəl, qayğıkeşdirlər. İnşallah,
azərbaycanlı qızla evlənəcəm.
Söhbətə Felekes də müdaxilə edir:
- Mən də bu ölkədən olan bir xanımla evlənmək istəyirəm
(gülür).
Keçid alırıq Viktora:
"AdımViktor Damola. Yarı Nigeriyalı, yarı azərbaycanlı.
Naxçıvanlıyam (gülürük). Azərbaycanı çox xoşlayıram, yaxşıdır, pis
yer deyil. Artıq 2 il 3 aydır Azərbaycandayam. Mənim bir dostum
var, o da nigeriyalıdır. 8 ildən çoxdur burada yaşayır. Evlidir. O
mənə Azərbaycan haqqında həmişə danışırdı. Gəldim və gördüm ki,
yaxşı yerdir. Nigeriya ilə Azərbaycan təhsil sistemini müqayisə
edəndə çox fərq olduğunu demək olar. Bilirsiniz, Nigeriyada oxumaq
çox çətindir. Orada ancaq oxumaqdır, amma burada maraqlı şeylər
daha çoxdur. Hamısı ağ baladır, mən qarabalayam (gülürük).
Viktor müğənni olduğunu deyir. Bildirir ki, onun əlavə
məşğuliyyəti universitetin tədbirlərində çıxış etməkdir. O,
tələbələr arasında keçirilən musiqi festivalında birinci yeri
qazananlardandır.
Ondan bizim üçün Azərbaycan xalq mahnısı olan "Sarı gəlin"i ifa
etməyi xahiş edirik. (İfanı təqdim etdiyimiz videoçarxda izləyə
bilərsiniz).
Əcnəbi tələbələr arasında əslən azərbaycanlı olan, amma qonşu
ölkələrdə doğulub, boya-başa çatan tələbələr də var. Onlar Ofeliya
Məmmədova, Elman Süleymanov, Qaragöz Hacıyevadır. Onlarla da
söhbətimizdən bəlli olur ki, burada oxumaq çox asandır.
Sonda Universitet rəhbərliyi ilə kiçik söhbət edirik. Onlardan
əcnəbi tələbələrin ölkənin tarixi yerlərilə tanışlığı barədə
soruşuruq.
Suallarımızı UNEC-in Beynəlxalq Əlaqələr Departamentinin xarici
tələbələr üzrə böyük inspektoru Rəna Naibova və UNEC-in Beynəlxalq
Əlaqələr Departamentinin direktor müavini Anar Kazımov
cavablandırır.
Universitetdən bildirdilər ki, əcnəbi tələbələr ötən il Nar
bayramında Göyçayda, İsmayıllıda, Lahıcda olublar. Ümumilikdə isə
universitet rəhbərliyi əcnəbi tələbələrlə ölkə turlarına tez-tez
çıxır. Bu barədə universitetin yeni layihələri də olacaq.
Sonda Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərliyinə və
müəllim heyətinə bizə yaratdığı şəraitə görə təşəkkür edirik!