Bu dəfə danışmaq növbəsi
onlarındır. Amma bu peşə sahiblərinin əsas işi heç də danışmaq yox,
əməli fəaliyyətdir. Çünki bu günün və sabahın sağlamlıq qarantı
onların əllərindədir. Özləri nə düşünürlər deyibən, yollanırıq
Azərbaycan Tibb Universitetinə.
İçəri keçər-keçməz ağ xələtli oğlanlar və qızlar hər
yerdə gözə dəyirlər. Onlar ümidlidirlər - gələcəyin ən yaxşı
həkimləri olmağa...
Axar.az-ın "tələbələrlə görüş" layihəsinin qonağı
müalicə-profilaktika fakültəsinin 3-cü kurs tələbəsi Məhərrəm
Alimli deyir ki, tibdə əsas məsələ yaxşı avadanlıqdır.
Onun sözlərinə görə, müasir tibb bunu tələb edir: "Bu, həkimin
savadından savayı müalicəyə kömək edir və düzgün diaqnoz
qoyulmasında həkimə yardımçı olur. Biz bu dəqiqə Avropadakı
xəstəxanalara fikir versək, görərik ki, orada cavan xəstələrə rast
gəlmək az qala mümkün deyil.
Böyük əksəriyyət yaşlı nəslin nümayəndələridir. Amma bizim
xəstəxanalarda tam əksidir. Bunun əsas səbəbi isə bizdə çek-ap
müayinənin olmamasıdır. Ona görə bizə əsas lazım olan budur ki, hər
kəs 6 aydan bir ümumi çek-ap müayinədən keçsin.
Çox istəyərdim ki, bizdə həkimlər kollegium iclaslar keçirib,
xəstəliklər barədə birgə qərar versinlər. Bizdə qərarlar bir
həkimin fərdi düşüncəsi sayəsində verilir, bu da əksər vaxtlarda
effektli olmur".
Müalicə-profilaktika fakültəsinin 6-cı kurs tələbəsi Fərid
Qurbanlının fikrincə, çek-ap müayinənin olması üçün isə tibbi
sığorta olmalıdır: "Respublika ərazisində savadsız həkimlər
azdır.
Həkim ucbatından ölümlərə gəlincə, məsələn, jurnalist Rasim
Əliyev sırf həkim ucbatından öldü. Şəxsən o cür xəbərləri oxuyanda
pis oluram. Məsələn, Nərmin Hüseynovanın ölümündə isə həkimin
günahı yox idi, buna səbəb ölkədə tibbi sığortanın
olmamasıdır".
Müalicə-profilaktika fakültəsinin 5-ci kurs tələbəsi Gültac
Kərimli bildirib ki, tələbələrin nitq qabiliyyəti də sıfıra
enməkdədir:
"Düşünürəm ki, imtahanlar həm test, həm də şifahi olsa, bunun
qarşısını almaq olar. Amma bununla hər kəs razı deyil. Mən də hər
kəs kimi həkim ucbatından ölüm xəbərləri barədə eşidəndə pis
oluram".
Müalicə-profilaktika fakültəsinin 2-ci kurs tələbəsi Məsumə
Mustafayeva hesab edir ki, Azərbaycanda tibb sahəsi olduqca
zəifdir:
"Bəzi əməliyyatları ölkədə aparmaq olmur. Niyə başqa ölkədə
aparılsın, amma Azərbaycanda yox? Məncə, qiymətlər də aşağı
olmalıdır. Əməliyyatların qiyməti çox bahadır.
Düşünürəm ki, bütün uğursuz əməliyyatların səbəbi həkimin şəxsi
həyatı ilə əlaqədardır. Əməliyyat zamanı həkimin şəxsi həyatındakı
problem uğursuz əməliyyata səbəb ola bilər".
Söhbətimizə İrandan və Türkiyədən tibb təhsili almaq üçün gələn
tələbələr qoşulur. Onlar İran vətəndaşı Milad Keşavərz və Türkiyə
vətəndaşı Səid Turuddur.
Səid bildirir ki, bu peşəyə atasının israrı ilə gəlib. Onun ən
böyük istəyi bir gün xəstələrinin ona "Allah səndən razı olsun"
deməsidir.
"İranda Tibb Universitetinə qəbul olmaq çox çətindir. Ona görə
də Azərbaycanda oxumağı seçdim. Düşünürəm ki, ATU belə güclü ölkə
üçün zəif universitetdir", - deyə Keşavərz bildirib.
- Sizdə həkim səhlənkarlığı olanda vətəndaşlar necə
etiraz edirlər?
Türkiyəli tələbə: "Bizdə həkimi döyürlər".
İranlı tələbə: "Bizdə isə söyürlər".
Sonda ATU-nun tələbələri ölkə vətəndaşlarına gələcəyin həkimləri
kimi tövsiyə də verdilər:
"Hər bir xəstəlik sinir sisteminin pozulması, əsəb və stress
səbəbi ilə meydana çıxır. Bizim cəmiyyətdə də əsəb, stress səhər
açılandan axşama qədər davam edir. Buna görə də insanlara gülərüz
olmağı tövsiyə edirik".
Razılaşmamaq olmur...