Əvvəli burada:
I yazı
II
yazı
III
yazı
Ötən yazılarımda haqqında bəhs etdiyim, SSRİ-də
kommunizimin qurulmasını bəyan edən "Zəhmət" kolxozunun adı
yaxşılığa necə çıxmışdısa, sədrin həbs olunmasından sonra pisliyə
də eləcə ildırım sürəti ilə yayıldı.
Sədrin əmlakı yağmalanır
Qonşu kəndlərdə və başqa yerlərdə qabaqcıl kolxoz sədrinin –
"geroy" Dünyamalının həbs olunması ilə bağlı söz-söhbət səngimək
bilmirdi. Onun əmlakının müsadirə olunması, satışa çıxarılması
haqda da əfsanələr dolaşmaqda idi.
O günlərin şahidləri ilə söhbətim davam edir. 85 yaşlı kənd
sakini Narınc Səfərova başındakı örpəyinin uclarına düyün vura-vura
yaddaşının vərəqlərin açır:
"Qohumları, özünü dayıma yaxın adam kimi tanıdanlar, ailənin
içinə girib qaynayıb-qarışanlar çox narahat idilər. Həyət-bacada
ona yalmananlar, atının üzəngisini basmaq üçün irəli atılanlar isə
ondan, onun qohumlarından üz döndərmişdi. Elə naxələf çıxan
qohumlar da tapıldı. Amma bunlar qan qohumları, əmi uşaqları
deyildi. Gecə ilə hələ ailə həyatı qurmamış övladlarının adına
alınan qızıl-zinət əşyalarını, xalı-xalçalarını, yorğan-döşəyi
qohum-əqrəba, özlərini yaxın kimi sırıyanlar tərəfindən
bölüşdürdülər. Ki, qoruyub saxlayaq, yad ələ düşməsin. Qalanlarını,
ələ keçənlərini hökumət apardı. Amma ona naxələf çıxanlar da az
olmadı. Hamısı hampaydı. İndi bir elin adamlarıyıq da, qoca vaxtı
adlarını çəkmirəm, namazqılan arvad xeylağıyam, ad çəkmək mənə
yaraşmaz. Tayfalarımız qaynayıb-qarışıb, bir-birimizin içinə
girmişik. Amma kənddə hamı bilir kim kimdi. Kim nələri dahıdı
(dahımaq – danmaq, boyun almamaq. - F.B), vermədi. O adamlara,
qurbanolduğum özü qənim oldu. Hamısı etdikləri naxələfliyin altını
çəkdi, burunlarından gəldi hər şey. Birinin oğlu şikəst doğuldu, o
birinin övladı dünyasını dəyişdi, əzab çəkdilər, görk oldu onlara
əmanətə xəyanət etmək. Bir sözlə, ona sataşan xeyir görmədi. Mən
təzə gəlin gəlmişdim. Bu hadisə baş verəndə bir il deyildi yoldaşım
tutulmuşdu. Uşaqların adına alınan qızıllardan mənə də verdilər ki,
saxlayım. Əvvəlcə evin banında gizlətdim. Qorxurdum ki, aparalar.
Tez-tez çıxıb yoxlayırdım. Yalan olmasın, gündə 5-10 dəfə eyvandan
bana nərdivanla çıxardım. Qaynanam deyərdi ki, a köpəyin qızı,
dədənin başını itiribsən orda, çıxıb-düşürsən? Qorxumdan qaynanam
görməyəndə evin banına odun qırığı, talaşa-zad atırdım və deyirdim
ki, təndirdə yandırmaq, "pıç"a (soba, "peç" sözünün təhrif edilmiş
forması. – F.B) atmaq üçün talaşadan-zaddan yığıram oradan.
Qaynanam üstümə çımxırırdı ki, çıxma, deyərlər, filankəsin gəlini
oğlu tutulub deyə, bana-zada dırmaşır. Qızılı götürüb tumanımın
lifəsində saxladım. Bu arada rəhmətlik ərim də buraxıldı gəldi.
Adam vurmuşdu deyə, tutmuşdular. Şofer işləyirdi. Xırda qızıl
bağlamasını döşlərimin arasında saxlayırdım arada. Gecə yatanda yüz
cürə fikir aparırdı məni, necə edim, kişi bilməsin. Birdən əl
atdı-elədi... Xülasə, sən də mənim balam, Dünyamalı dayım türmədən
gələnə qədər heç kəsə bildirmədim. Qayıdandan sonra xəlvətcə aparıb
verdim. Dayıdostum dedi ki, səndən və bir neçə nəfərdən başqa heç
kəs heç nə qaytarmadı və heç özləri də istəmədi. Sonra kişi mənə
deyirdi ki, ay arvad, sən canın, necə edirdin ki, mən o qızıllardan
xəbər tutmurdum? Nə isə, bir nəfər də, elə o da qohumlardandı,
gecəynən gedib "pojarni"dan paltar alıb, əyinlərinə geyiblər.
Əllərində ot çəkən, guya nizədir, giriblər qohumlardan birinin
evinə. Yaşlı qadını qorxudublar ki, bəs biz çekistlərik, sənə filan
qədər əmanət verilib. Gətir, yoxsa səni də, oğlanlarını da həbs
edəcəyik. O yazıq arvad da qorxusundan vermişdi. Bunlar maska da
geyinibmişlər ki, tanınmasın. Bolqarıstanda olanda oranın başçısı
(Bolqarıstan Kommunist Partiyasının baş katibi Tedor Jivkov nəzərdə
tutulur. T. Jivkovun Dünyamalı Məmmədovun təşkilatçılığı, bacarığı
və təcrübəsinin rəhbəri olduğu ölkədə istifadə olunmasıyla bağlı
Sovet rəhbərliyinə minnətdarlıq məktubu da Kremlin arxivində
qorunur.- F.B.) vardı ha, rəhmətliyə bir xalça bağışlamışdı,
üstündə də at şəkli. Hər gün o xalçadan sarı gəlirdilər. Axırı onu
qohumlardan birinə verdilər ki, apar bunu dəyər-dəyməzinə sat ki,
bunların əlinə düşməsin. Salyanda satdılar, gətirib pulunu
verdilər".
Mircəfər Bağırovun sədrin həbsində marağı
Maraqlıdır, bəs Mircəfər Bağırov niyə sədrin həbs olunmasında
maraqlı olub? Bunların arasında hər-hansı bir inciklik və
qarşıdurma vardımı? Apardığım araşdırmalardan məlum olur ki,
"Zəhmət" kolxozunun sədri həmişə M.Bağırov haqda kolxozçular
arasında xoş sözlər deyib, onu rəhbər kimi dəyərləndirib. Bəzən
Stalini və Bağırovu partiya ilə bərabər tutub. Lakin inandığı
adamların arasında gileyləri də olurmuş. Onun dar çevrədə dediyi
sözlər gedib yuxarılara çatırmış. Belə ki, kolxozda əldə olunan
yüksək məhsula görə, kolxozçulara yüksək əməkgünü bölməsi,
əlsiz-ayaqsızlara yardım edilməsi kolxoz malının dağıdılması kimi
təqdim edilirmiş. O, həmişə deyirmiş ki, bu məhsul bizimdir və
bizim camaat arasında da bölünməlidir. Partiyanın tapşırığı,
planlar, öhdəlilkər yerinə yetirilib, daha nə istəyirlər? Elə
Bağırovun da kəndə qəfil gəlişləri bununla əlaqədar olubmuş.
Artıq torpaq ittihamı
Sədrə qarşı irəli sürülən ittihamlardan biri də sənəddə
göstərilən torpaqlardan artıq əkməsi və yüksək məhsuldarlığa saxta
yolla nail olmasıydı. Sədr artıq torpaq əkməsini etiraf edir və
qeyd edir ki, bu artıq sahələr, əslində, əkin yerini suvarmaq üçün
çəkilən suvarma kanallarının itkisinə gedən torpaq sahəsini
əvəzləyib. Belə ki, əkin sahəsinin içindən çəkilən eni 2-3,
uzunluğu isə kilometrlərlə olan kanallar onlarla hektar torpağın
itkisidir. Biz məhsulu səpdiyimiz əkin sahəsi ilə hesablayırıq.
Voroşilovla görüşən Zərri nənə Bağırov haqda nə
deyib?
Dünyamalı Məmmədovun həbs olunub SSRİ Hərbi Məhkəməsinin hökmü
ilə 18 il müddətinə həbs edilərək sürgünə göndərilməsinə sevinənlər
də az olmayıb. Lakin onun qohum-əqrəbası və digər yaxın ətraf
bununla heç vəchlə barışmayıblar. Onlar Azərbaycan K(b)P-nin
birinci katibi M. Bağırova, SSRİ Ali Sovetinin Rəyasət Heyətinin
sədri K.E. Voroşilova, dahi rəhbər Stalinə məktublar yazıb,
haqqın-ədalətin yerini tapmasını xahiş ediblər. Dünyamalı
Məmmədovun bacısı Zərri nənə əvvəlcə Bakıya, sonra isə Moskvaya
gedib. Bakıda onu qəbul edən tapılmayıb. Moskvada isə...
Ağbirçək kənd sakini Narınc Səfərova: "Bala, Zərri nənə kişi
kimi qadın idi. Dedi, qardaşımı darda qoymaram. Dediyini elədi də.
Rəhmətlik Zərri bibim deyərdi ki, qurban olum Malenkoya (Malenkov.
- F.B), qardaşımın qaranlıq zindandan çıxmağına səbəb o oldu".
Lakin sənədlər Narınc nənənin dediklərinin əksini deyir. Zərri
nənə 1953-cü ilin iyul ayında Kremldə olub. Bəs Malenkovun adı nə
üçün yaşlı qadının dilində tez-tez hallanırmış? Ehtimal olunur ki,
Zərri nənə Malenkovla da görüşüb və onun təklifi ilə digər böyük
səlahiyyət sahibi olan Voroşilovla görüşü baş tutub. Onu SSRİ Ali
Sovetinin Rəyasət Heyətinin sədri Voroşilov qəbul edib. Qəbulda bir
nəfər tərcüməçi şərqşünas da olub. Zərri nənə kabinetə girən kimi
başındakı qara rəngli yaylığını açıb Voroşilovun ayaqları altına
atıb. Bu hərəkəti başa düşməyən, bu olaydan heç nə anlamayan
Voroşilov təəccüblə tərcüməçiyə baxıb: "Bu, nə deməkdir?".
Tərcüməçi Voroşilova deyib ki, bu, şərq xalqlarının ən müdrik,
hörmət olunan qanunudur. Əgər qadın yaylığını başından açıb ayaqlar
altına atırsa, bunun ciddiliyinə varmaq gərəkdir. Qan davası da
olsa, dayanmalıdır. Bu hərəkətlərlə Şərq dünyasında ta qədimdən
neçə-neçə qan-qada bağlanıb, sülh əldə olunub. Qadına Şərqdə belə
dəyər verilir. Əgər onun yaylığını ayağı altına atdığı adam
doğurdan da kişi adamdırsa, onun xahişi, tələbi dərhal yerinə
yetirilməlidir.
Bu sözlərə heyranlıqla qulaq asan Voroşilov: "Bizim
şərqli kişilərdən nəyimiz əskikdir ki,- deyib.- Xalqın
adət-ənənəsinə hörmət edilməlidir".
Zərri nənənin şikayətinə qulaq asdıqdan sonra Voroşilov SSRİ Baş
prokuroru Rudenkoya zəng edir. Dünyamalı Məmmədovun dərhal azad
olunmasını və onun haqda olan məhkəmə işinin ibtidai istintaqa
qaytarılıb yenidən obyektiv araşdırma aparılmasını tələb edir.
Sonra da Zərri nənədən hal-əhval tutur, necə gəlməsi ilə
maraqlanır və Mircəfər Bağırov haqda fikirlərini soruşur.
Zərri nənə qardaşının həbsində bir başa maraqlı olan adam haqda
pis söz demir:
"O, seyid balasıdır, onun cəddi var, seyid adam haqda nə deyim
ki..."- deyir.
Rudenkonun məktubunda yazılanlar
Zərri nənə kəndə gəlib çatmamış Rudenkonun məktubunun sorağı
kəndi dolaşır. Sevinənlər daha çox olub. Lakin uzaq səfərdən
qayıdan bacı, azad olunmuş qardaşını kənddə görə bilmir. Dünyamalı
Məmmədov azad olunsa da, kəndə qayıtmır. İki ay Lənkəranda qalır,
"qala-həbsxanada olan 11 nəfər həmkəndlim nə qədər türmədədir,
kəndə qayıtmaram" deyir. Onları ərzaq, dəyişək geyim və başqa lazım
olan əşyalarla təmin edir. İki ay davam edən təkrar istintaqdan
sonra azadlığa çıxmış kəndliləri ilə birgə doğma kəndinə dönür.
Heydər Əliyev və sədr
Onun kolxoz quruculuğundakı əməli işinə sonralar da yüksək dəyər
verilir. Uzun müddət Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev
Dünyamalı Məmmədovu şəxsən tanıyıb və ona çox böyük dəyər verib.
Sovet Hakimiyyətinin yaranmasının 60 illiyi münasibəti ilə ona
təbrik məktubu göndərib.
Sonralar "Zəhmət" kolxozu "Azərbaycan SSR-nin 40 illiyi" adına
sovxoz olur. Bu sovxoza Dünyamalı Məmmədovun oğlu Qılıncxan
Məmmədov uzun illər rəhbərlik edir. Qılıncxan Məmmədovun zamanında
da sovxoz öz göstəriciləri ilə respublikada daima qabaqcıl sovxoz
kimi tanınıb.
Körpəlik yaddaşından
Mənim yaddaşımda qalan bir xatirə də ondan ibarətdir ki, yaşının
ahıl vaxtlarında kəndin mərkəzində onun təşəbbüsü ilə kənd
cavanları iməcilik edib park saldılar. Hazırda kəndlilərin yeganə
istirahət yeri həmin parkdır.
Lakin indi bu kəndin qazı belə yoxdur. Kənd əhalisi ötənlərin
bol, firavan günlərini nostalji hisslərlə yada salır və
yaşayır...