21-ci əsr olmasına baxmayaraq, internetin nə olduğunu
bilməyən, kommunal problemlər içərisində yaşayan, qış aylarında isə
həyatları daha da ağırlaşan həmyerlilərimizin bir günlük qonağı
olduq.
Söhbət İsmayıllı rayonunun Zərnava kəndinin sakinlərindən gedir.
Bəlkə də çoxları bu kənd haqqında ümumiyyətlə, heç nə eşitməyiblər.
Lakin, bu kənddə heç də az adam yaşamır. Hazırda burada 120-dən çox
ev var. Ancaq bir gerçəklik də budur ki, indiyə qədər Zərnava
barəsində nə mətbuatda, nə də digər informasiya qaynaqlarında geniş
məlumat dərc edilməyib.
Bunun əsas səbəbi burada şəbəkə sisteminin olmaması və kəndə
aparan yolların keçilməzliyidir. Digər səbəb də, insanların sakit
həyat tərzinə alışması, kənar insanların kəndin illərdir ki,
yazılmayan qanunlarını pozacaqları düşüncəsidir.
Elə biz də kəndə ilk ayaq basanda bizə qəribə yanaşır, öz
aralarında tat dilində (Kənd sakinləri tatlardan ibarədir)
danışırdılar. Lakin bizi sorğu-suala tutduqdan sonra münasibətləri
də dəyişdi. Zərnavanın sakinləri əsasən tatlardır. Onlar öz
aralarında çox vaxt tat dilində danışsalar da, Azərbaycan dilini də
pis bilmirlər.
Zərnava kəndinə gedən yol...
Zərnava kəndinə gedən piyada yolu İsmayıllıda məşhur olan asma
körpüdən keçir. Bu körpüyə turistlər "adrenalin körpüsü", Zərnava
sakinləri isə həyat körpüsü kimi baxırlar. Sakinlərlə söhbətimizdə
öyrəndik ki, körpü çəkilmədən öncə buradan axan Girdimançayda
tez-tez faciələr yaşanıb, insanlar boğulublar.
Körpü çəkildikdən sonra piyadaların işi bir qədər asanlaşıb.
Lakin piyadalar bəhs etdiyimiz asma körpüdən keçdikdən sonra da
hələ təxminən 6-7 kilometr də yol getməlidirlər ki, Zərnavaya -
mənzil başına çatsınlar. Bu yolu isə getmək, necə deyərlər, hər
kişinin işi deyil.
Zərnavaya gedən yol o qədər enişli-yoxuşludur ki, buranı ancaq
"Niva" və "UAZ" markalı avtomobillə getmək mümkündür. Kənddə isə
barmaqla sayılacaq qədər qeyd etdiyimiz markada avtomobil var. Eyni
zamanda bu avtomobillər də günün hər saatında kənddən çıxmırlar.
Çıxırlarsa da bu, sakinlər üçün çox baha başa gəlir.
Belə ki, kənddən səhər saat 7:00-dən gələn "UAZ"-lar bir nəfəri
3 manatdan, günün digər saatlarında isə 8-15 manatdan asma körpüyə
qədər gətirib, eyni qiymətə də aparırlar. Əgər birbaşa İsmayıllının
mərkəzinə getmək istəyirsənsə, o zaman 30 manat verməlisən.
Söhbət etdiyimiz sürücülər bildirdilər ki, qiymətin bu cür
olmasının səbəbi yolsuzluqdur. Çünki onlar hər dəfə kəndə
gedib-gəldikləri zaman yanacaqdan əlavə avtomobillərinə də xeyli
xərc çəkməli olurlar. Belə çıxır ki, yolsuzluğa yolsuzluq maşını
olan "UAZ" belə, dözmür.
Biz də yolun yarısını piyada, geri qismini isə "UAZ" vasitəsi
ilə gedərək, Zərnavaya çatdıq. Bunu xüsusi ilə vurğulayaq ki, əgər
6-7 kilometr yolu dağa çıxacaq qədər gücünüz yoxdursa, qəti şəkildə
piyada getməyi düşünməyin.
Zərnavada bizə verilən ilk sual: "Hansı
liderdənsiz?"
Kəndə çatdığımız zaman yolda bizi görən cavan, uşaq, ümumiyyətlə
hər kəs qəribə baxırdı. Sanki hamının beynində bir sual vardı:
"Bunlar kimlərdir?" Oradakı uşaqlar paytaxtdakı kimi telefonla
deyil, ağacdan duzəltdikləri oyuncaqlarla oynayırlar. Qonşular
bir-birilərini mesaj, ev telefonu vasitəsi ilə deyil, təpələrə
çıxıb qışqırıb, haylamaqla çağırırlar. Buradakı uşaqlar bizim üçün
çox fərqlidirlər və görünür, biz də onlar üçün fərqliyik. Elə
cavanların düşünüb, ancaq soruşmadıqları sualları, kəndin bir
ağsaqqalından eşitdik. Özünü təqdim etməyən ağsaqqal soruşdu ki,
"Hansı liderdənsiz?" Başa düşdük ki, ağsaqqal bizi hansısa
telekanalın müxbiri zənn edib. Telekanaldan deyil, qəzetdən
gəldiyimizi söylədiyimizdə isə o, bildirdi ki, burada ancaq
televizora baxırlar. O da ki, işıqlar yananda... Qəzet oxumaq,
saytları izləmək isə mümkün deyil.
Söhbətimiz əsnasında kəndin digər ağsaqqalı Üzeyir Tarverdiyev
gəldi. Bizimlə görüşüb, gəlişimizə şad olduğunu bildirdi. Daha
sonra isə kənd haqqında bizə məlumatlar verdi. Üzeyir kişidən
öyrəndik ki, bu kəndə əslində, gedən-gələn çox az olur.
Ara-sıra buraya kəndin keçilməz yollarını adlaya bilən turistlər
gəlirlər ki, onların da sayı çox olmur: "Kənddə vəziyyət gördüyünüz
kimi ağırdır. Sentyabr ayından sonra demək olar ki, kəndə gələn
yollar tamamilə keçilməz vəziyyətdə olur. Ərazi sürüşmə zonası
olduğu üçün bu, insanların avtomobillə gediş-gəlişinə çox mane
olur. Noyabr ayından isə yollar donur və kənd sanki qapalı bir
məkana çevrilir. Burada su xətləri də yoxdur. Dağlardan boru
vasitəsilə həyətlərə su çəkmişik. Təbii qazın, telefon xəttinin nə
olduğunu isə ümumiyyətlə, bilmirik. Burada olan işıq dirəkləri
1963-cü ildə qurulub və hələ də yenilənməyib. Ona görə də,
işıqlarımız da tez-tez sönür".
Kəndin çörəyi torpaqdan "çıxır"
Üzeyir kişi bildirdi ki, kəndin camaatı əsasən gündüz
saatlarında əkin sahələrində olurlar. Əkin sahələri isə kəndin
mərkəzindən 8 kilometr aralıdadır: "İnsanlarımız yay aylarında
təsərrüfatla məşğul olurlar ki, qışda yeməyə bir şeyləri olsun. Bu
kəndin çörəyi torpaqdan çıxır. Dediyim kimi, qışda rayona getmək
xeyli çətinləşir. Elə olur ki, günlərlə mərkəzə gedə bilmirik. Ona
görə də, məcburuq ki, hər şeyi özümüz edək. Kənddə xəstəxana da
yoxdur. Xəstəni maşınla rayonun mərkəzinə aparmaq da çətin işdir.
Çünki bu yollarda maşının içində belə, sağ adamın az qalır, canı
çıxsın. Yolsuzluq kəndin ən böyük problemidir. Kənddə bir məktəb
var, bir də klub... Əgər ona klub demək mümkündürsə..."
Üzeyir kişi ilə elə onun söylədiyi klubun qarşısında söhbət
edirdik. Sakinlərin klub adlandırdıqları tikili bərbad
vəziyyətdədir. Bura vaxtı ilə qiraət zalı olsa da, hazırda
qiraətdən çox uzaq olan mühit içərisindədir. Üzeyir Tarverdiyevlə
söhbətimizdən sonra kəndin ziyalılarını axtardıq.
Axtara-axtara Zərnavada olan yeganə, adsız orta məktəbin hərbi
müəllimi Haqverdi Məhərrəmovu tapdıq. Bizi xoş münasibətlə
qarşılayan Haqverdi Məhərrəmov kənd haqqında bir sıra məlumatlar
verdi.
Zərnavanın ayını "qulağından tutub" mağarasından çıxaran
sakinləri...
Zərnavanın hər tərəfi dağlar olduğu üçün burada vəhşi heyvanlara
da tez-tez rast gəlinir. Deyilənə görə, iki il öncə kəndə gələn və
xırda alverlə məşğul olan bir çinlini də canavar yeyib. Lakin
burada canavardan çox, ayının olduğu bildirildi.
Sakinlərlə söhbətimiz zamanı onlardan öyrəndik ki, ayı kənddə
tez-tez görünən heyvandır. Cavid adlı kənd sakini bildirdi ki, bir
zamanlar burada Zakir adında bir nəfər yaşayıb. Həmin Zakir
dağlarda ayının mağarasına girib, onu "qulağından tutaraq", çölə
çıxararmış.
Yuxarıda da qeyd etdiyimiz kimi, kənd sakini Haqverdi
Məhərrəmovdan da maraqlı məlumatlar aldıq. H.Məhərrəmov bildirdi
ki, kəndin dörd tərəfinin qəbiristanlıq olması, buranın
qədimiliyinin göstəricisidir: "Kəndin qəbiristanlıqlarında elə
məzarlar var ki, üzərində ivrit (Afro-Asiya dil ailəsinə məxsus
sami dillərindən biri... Qədim yəhudi dilinin müasir
modifikasiyasıdır. İsrail dövlətinin rəsmi dilidir) dilində yazılar
var. Bütün bunlar kəndin qədimiliyinin göstəricisidir. Bura ucqar
kənd olsa da, insanları çox mehribandır. Kənddə heç bir qapıda
qıfıl yoxdur. Çünki burada indiyə qədər heç bir oğurluq olmayıb və
ola da bilməz. Burada sənin, mənim malım deyə bir şey yoxdur. Hər
kəs öz malını bir-biri ilə bölüşür. İnsanlar da çox
əməksevərdirlər. Çünki yolsuzluq şəraiti olduğu üçün rayona getmək
çox çətindir. Zərnavada tənbəki də çox əkilib, becərilir.
Tənbəkinin bir kiloqramı 50 manata satılır. Zərnavada olan tənbəki
heç yerdə yoxdur. İnsanlarımızın çoxu tənbəki əkib satmaqla
məşğuldur. Kənddə bir orta məktəb var və deyim ki, bu məktəbi
bitirib ali təhsil ocaqlarına qəbul olanlarımız da olur. Ancaq
burada uşaqların parlaq gələcəyi üçün elə də böyük şərait
yoxdur".
İnternet... Burada onu unutsanız, yaxşıdır
Kənddə olduğumuz zaman gördük ki, burada internet bir yana, heç
mobil telefonun dalğası belə, tutmur. Sakinlər bildirdilər ki, bir
zamanlar mobil operatorlardan biri kəndə yaxın ərazidə dalğa
ötürücü qurğular quraşdırmaq istəyib. Lakin sonradan bu
fikirlərindən danışıblar. Burada uşaqlar ümumiyyətlə, internetin nə
olduğunu bilmirlər.
Əksər uşaqlarla söhbətimiz zamanı şahidi olduq ki, əslində,
onlar çox enerjili, oxumağa meylli olsalar da, texnologiyadan çox
uzaqda olan kənddə yaşamaları bu kimi istəklərinə mane olur.
Kəndin azyaşlı sakini Ramil bildirdi ki, gələcəkdə burada
yaşamaq fikrində deyil. Oxuyub, böyük adam olmaq və kəndinin də
yollarını təmir etməyi qarşıya məqsəd kimi qoyub...
Kəndi ziyarət etmək üçün səbəblər...
Kənd hər tərəfdən dağlarla əhatə edilib. Yaşıllığın, ağacların,
təmiz havanın bol olduğu bu kənddə 1 gün yaşamaq belə, bəs edər ki,
illərlə bu kəndi unutmayasan. Dağlardan axan təmiz sudan dəmlənmiş
çaydan doymaq olmur.
Təpənin üstündə oturub, ətrafdakı mənzərəyə baxanda insan özünü
cənnətdə hiss edir və başqa ölkələrdə çəkilmiş təbiət fotolarına
baxarkən həsəd apardığımız anı xatırlayıb, peşman olursan.
Çünki təbiət Azərbaycana xoş üzünü göstərib, sadəcə, bundan
istifadə etmək lazımdır.
Kənd camaatı sakit təbiətləri ilə seçilirlər. 700-dən çox
insanın yaşadığı kənddə olduğumuz müddətdə möhkəm səslə danışan,
dalaşan birinə rast gəlmədik. Sanki kənddə heç kim yaşamır. Bunun
özü belə, kəndi ziyarət etmək üçün daha bir səbəbdir.
Bura şəhərin səs-küyündən qurtulmaq üçün ideal yerdir. İnsanlar
evlərinin qapısını üzünüzə açmağa hər zaman hazırdırlar. Onsuz da
burada qapılar heç vaxt bağlanmır. Çünki insanların bir-birinə
güvəni sonsuzdur. Kəndə gələn hər kəs onlar üçün qonaqdır, müştəri
deyil...
Zərnavada bir günün sonu...
Saat təxminən 19.00 radələrindən sonra kəndin sakinləri əkin
sahələrindən öz evlərinə qayıdırlar. Burada insanlar səs-küyü
sevmirlər. Ona görə də, kəndin daxilində heç bir çay evi və digər
bu kimi iaşə obyekti mövcud deyil.
Kənddə cəmi 2 mağaza var ki, burada da su və ucuz kökələrdən
başqa heç nə tapmaq mümkün deyil. Bunun səbəbi həm nəqliyyatdır,
həm də kənd yerindəki tələbat...
Axşam saatlarında artıq kəndin bütün sakinləri öz evlərinə
qayıtdılar. Qayıtdılar ki, dincəlib, səhər sübh çağında yenidən
sahələrə yollanmaq üçün enerji yığsınlar. Kənd, dağ adamı artıq bu
rejimə alışıb. Onlar üçün həyat bu formada davam edir.
Amma bu çətinliyi bir az azaltmaq, üstəlik, kəndi turizm üçün
istifadəyə yararlı hala gətirmək olar. Əgər sadəcə asma körpünü
ziyarət edənlərdən (xarici ölkə vətəndaşlarından) alınan 50 qəpik
pul kəndə fayda verə bilirsə, deməli, bu kəndin özünə ediləcək
yatırımla həm kəndlinin yaşam səviyyəsini yüksəltmək, həm də
ölkəmizin turizm sektorunu inkişaf etdirmək mümkündür.
Musavat.com