Ölkəmizdə davam edən yay fəsli ilə əlaqədar olaraq su
ehtiyacını qarşılamaq üçün əlində enerji içkisi ilə gözə dəyən
cavanların sayında artım nəzərə çarpır. İlk dəfə 1987-ci ildə
Avstriyada "Red Bull" markası təqdim olunan, o vaxtdan bəri
get-gedə böyüyən enerji içkisi bazarında artıq yüzlərlə marka
ortaya çıxıbr. 2013-cü ildə "Euromonitor" şirkətinin apardığı
hesablamalara əsasən dünyada enerji içkisi bazarının payı 27,5
milyard ABŞ dolları həcmindədir.
"Enerji içkiləri" tərkibində kafein, taurin, ginsenq, quarana,
vitaminlər, herbal bitki əlavələri və şəkər olan alkoqolsuz
içkilərdir. Bu maddələr sinir sisteminə stimulyator təsir
göstərərək fiziki və zehni aktivliyi, diqqəti artırıcı, oyadıcı,
yuxunu gecikdirici təsir göstərir. Kafein əsas tərkib maddəsidir və
onun miqdarı çay, ya da kofedəkindən 3-5 dəfə artıqdır. Quarana
Cənubi Amerikada yetişən bir ağacın toxumlarından əldə edilir və
tərkibində yüksək miqdarda kafein, teofilin, teobromin var. Bu
maddələr ürək vurğularının sayını artırıcı, təzyiqi qaldırıcı təsir
göstərir, ürəyin yığılmasını qüvvətləndirir. İdmançılar arasında
fiziki aktivliyi artırmaq, orta məktəb şagirdləri, tələbələr
arasında imtahan stresini azaltmaq, imtahanda uğur qazanmaq
məqsədiylə istifadə olunur və çox populyardır.
Enerji içkilərinin ürəyin kardioqramasında QTc məsafəsini
uzatdığı və aritmiyalara səbəb olduğu göstərilib.Yüksək dozada
qəbul edənlərdə ürəyin dayandığı hallar raport edilib. Normadan
artıq enerji içkisi qəbul edənlərdə "kafein zəhərlənməsi" yarana
bilər; əsəbilik, aqressivlik, yorğunluq, yuxusuzluq, ürək
bulanması, əllərdə titrəmə, ürək döyüntüləri, təzyiq yüksəlməsi
əlamətləri arasındadır. Enerji içkilərinin asılılıq yaratdığı da
bilinir. Belə insanlarda zehni, psixi və davranış problemləri
yaranır, içkini tərgidə bilmir, zərərli olduğunu bilərək içməyə
davam edirlər. Kafein asılılığı olanlar enerji içkisini tərgidəndə
son dozadan sonrakı 12-24 saat ərzində baş ağrısı, daha sonra isə
diqqəti toplamaqda çətinlik, depresiya, yuxusuzluq, ruh dəyişikliyi
yaranır. Alkoqollu içkilərlə qarışdırıb içənlərdə alkoqolun təsiri
daha da artır. Siqaret çəkənlərdə isə nikotinin təsirini
gücləndirir. Əksər enerji içkilərinin tərkibində var olan şəkər tip
2 şəkərli diabet yaranmasına kömək edir.
Son zamanlarda dünyada olduğu kimi, ölkəmizdə də ifrat şişmanlıq
(obezite), şəkər, hipertenziya, insult, xərçəng, ürək infarktı kimi
xəstəliklər gedərək artmaqdadır. Demək olar ki, bu xəstəliklərin
hamısının altında zərərli yemək-içmək davranışları yatır. Həkim
olmayanlar da xəstəliklərin daha erkən yaşlarda başladığını etiraf
edirlər. Enerji içkiləri belə xəstəliklərin səbəblərindən biri ola
bilər. Enerji içkilərinin zərərlərini araşdıran insanlar üzərində
aparılmış və uzun müddət təqib edilmiş araşdırma yoxdur.
Bilinməyənlər bilinənlərdən çoxdur. Enerji içkilərinə başlayan
yeniyetmələrin gələcəkdə siqaret, alkoqol və narkotik maddələrin
istifadəsinə meyilli olduğunu göstərən yayınlar var. Adı enerji
içkisi olmasına baxmayaraq bunların fiziki aktivliyi, diqqəti,
yaddaşı, zehni fəaliyyəti artırdığına dair sübut edilmiş məlumat
yoxdur. Enerji içkilərinin yeniyetmələr və gənclərin inkişafında
müsbət təsiri olmadığı, əksinə səhiyyə problemlərinə yol açdığı
bilinməlidir. Maye ehtiyacını su ilə qarşılamaq, enerji içkiləri
yerinə təzə meyvə, meyvə suyu qəbul etmək məsləhət görülür. Ölkəmiz
üçün müəyyən yaş altındakılara enerji içkilərinin satışını qadağan
etmək, üzərinə sağlamlığa vurduğu zərərlər haqqında diqqət
etiketləri yapışdırmaq çəkindirici ola bilər.
Musavat.com