Azərbaycanda həkimlərə güvənmək olarmı?
Hər bir insan sağlamlığını qorumağa, bir dəfə gəldiyi həyatı
istədiyi kimi yaşamağa çalışır. Amma nə yazıq ki, yaşadığımız ömür
bəzən xəstəliklər, problemlərlə o qədər yüklənir ki, onu
istədiyimiz kimi yaşaya bilmirik. Təbii ki, səhhətimizdə problem
yaranandan ilk müraciət etdiyimiz həkimlər olur.
Həkim olmaq, insanların can güvənliyini təmin etmək, onların
sənə dikilmiş ümid dolu baxışlarını boşa çıxarmamaq üçün çalışmaq
təbii ki, böyük məsuliyyətdir. Amma nə yazıq ki, Azərbaycanda həkim
adını daşıyan hər kəs bu məsuliyyəti hiss etmir.
Bəlkə də hər şeydə güzəştə getmək olar, amma ölkədə təhsil və
səhiyyədə güzəştə getmək, olan problemləri görməzdən gəlmək o
ölkənin indisi və gələcəyini məhv etməkdir.
Bu üzdən də Azərbaycan səhiyyəsində baş alıb gedən problemlərin,
həm savadsızlıq, həm də vicdansızlıq insanların faciəsinə səbəb
olduğundan həkim terrorunun qarşısını almaq üçün məncə hər kəs
əlini daşın altına qoymalıdır.
Çünki söhbət hamının üzləşə biləcəyi faciədən, qarşılaşacağı
vicdansızlıqdan gedir.
Təbii ki, bütün ölkələrdə hansısa xəstə əməliyyat zamanı
dünyasını dəyişə bilər, ya da müalicə effekt verməyə bilər. Amma
Azərbaycanda durum bir qədər fərqlidir, çünki bizdə həkimlərin
üzündən dünyasını dəyişənlərin faciəsi təsadüfdən doğmur.
Nə baş verir, insanların həkimlərimizə niyə inamı yoxdur? Niyə
Azərbaycan İran sərhədi İrana nicat tapmaq üçün az qala yürüş edən
insanlarla qaynayır?!
Bu suallara cavab almaq üçün bir necə şəxsə müraciət etdik və
onların həkimlərimizə nə qədər güvəndiyini öyrənmək istədik.
Əkrəm
Əylisli özü-özünü müalicə edir
Yazar Əkrəm Əylisli ümumiyyətlə həkimlərə güvənmir, çünki yazara
görə hər bir insan özü-özünün həkimi olmalıdır. Yazar bildirdi ki,
yazılan dərmanların çox olması elə adamı xəstə edir, ona gərə də o
xəstələndikdə daha çox bildiyi üsullarla özünü müalicə edir.
Yayılan xəbərlərə gəlincə, Ə.Əylisli onları bir az şişirdilmiş
hesab edir və düşünür ki, araşdırmaya ehtiyac var.
Rəşad Məcidə görə xaricə getməyə ehtiyac
yoxdur
Rəşad Məcidsə hesab edir ki, xəstə həkimlə söhbət etdikdən sonra
onun səviyyəsini müəyyən edə bilər və təbii ki, savadsız həkimlər
də yox deyil. Yazara görə indi ölkədə bütün müasir avadanlıqlar
olduğundan xaricə getməyə ehtiyac yoxdur. Savadına güvəndiyi bir
necə həkimin adını çəkən müsahibimiz onu da bildirdi ki, indi
səhiyyədə əsas problemlərdən biri qiymətlərin baha olmasıdır.
Gözəl
Bayramlı bir neçə dəfə səhv etdiyini deyir
AXCP sədrinin müavini Gözəl Bayramlıya gəlincə o etiraf edir ki,
hətta özü də bir necə dəfə səhv edib. Gözəl xanım qeyd edir ki,
müəyyən səbəblər həkimlərə olan inamın azalmasına səbəb olub: "Mən
özüm də bir neçə dəfə səhvə yol vermişəm. Həkimlərin hansı
üsullarla yaşamağın yolunu tapdıqlarını bilmək çox təəccüblüdür.
Onlar bəzən yanlarına gələn xəstəni başqa tanış dostlarının
yanlarına göndərib deyirlər ki, sənin xəstəliyinin çarəsi bu
həkimdədir. Hansı ki, o həkim özü də bilir ki, xəstəni yanına
göndərdiyi həkim yalnız ondan gəlir kimi istifadə edəcək. Bu cür
hallarla çox qarşılaşmışam. O üzdən daha çox təbii üsullarla
müalicələrə üstünlük verirəm. Mənə elə gəlir xaricdə təhsil alıb
gələn həkimlərimiz daha uğurlu müalicə üsullarından istifadə
edirlər. Çünki orada təhsil sistemi daha uğurludur.
Zahid Orucun fikirləri Əkrəm bəylə üst-üstə
düşür
Zahid Oruca görə, biz gündəlik monitorinqlər keçirsək, görərik
ki, həkimlərə kifayət qədər müraciət edən, pənah gətirən insanlar
var. Amma etiraf etmək lazımdır ki, sovet dövründə formalaşan
həkimlərin əksəriyyəti öz bildiklərinə qapanıb qalıblar. Onlar yeni
müasir texnologiyalarla ayaqlaşa bilmirlər. Buna görə də bizim
aparıcı, peşəkar həkimlərə ehtiyacımız var. Səhiyyəyə nə qədər
vəsait qoyulursa-qoyulsun əgər gələn həkimlər öz əməklərinə,
peşələrinə inam göstərməyəcəklərsə, həmin avadanlıqlar heç vaxt öz
funksiyasını yüksək səviyyədə həyata keçirməyəcək. Biz tələbələrin
xaricə göndərilməsi və kadr kimi yetişdirilməsində maraqlı
olmalıyıq. Adətən biz problemləri daha çox qabardırıq, amma şəfa
tapan insanlar haqqında heç danışmırıq. Məncə, həkimlərimizi bu
qədər savadsız olaraq təqdim etməyə ehtiyac yoxdur.
Sonda Z. Oruc bildirdi ki, o, səhhətində problem yarananda yerli
həkimlərə müraciət edir.
Həkimlər özləri necə, həmkarlarına
inanırmı?
Mərkəzi Klinik xəstəxananın kardioloqu Firdovsi İbrahimlinin
fikirlərini aldıq. Bəlli oldu ki, o həmkarlarına inanır. Firdovsi
həkim bildirdi ki, əvvəllər bu sahədə boşluq var idi. Amma indi
kifayət qədər yaxşı yerli həkimlərimiz var. Mən və bütün ailə
üzvlərim hər zaman yerli həkimlərə müraciət edirik. Azərbaycan
tibbi təhsil sistemində artıq Avropa ilə müqayisədə heç də fərqli
deyil. İnsanların ortalama yaş müddətini götürdüyü zaman biz Şərqi
Avropa ilə ortalama bir yerlərdəyək. Bu baradə yaş həddində azalma
müşahidə olunmur. O ki qaldı əməliyyatlara, burada xüsusi boşluq
var. Bu təkcə ölkədə deyil, bütün dünyanı əhatə edən bir
problemdir. Avropanın mərkəzində də bu say kifayət qədər özünü
göstərir. Mən isə hər zaman yerli həkimlərə müraciət etmişəm.