""Medi Sina" klinikasının adını birinci dəfə idi
eşidirdim. Mən orda heç vaxt olmamışdım. Heç bir əməliyyatı da
orada icra etməmişəm. Elnarə Tofiqqızının yaxın həkimi kimi orada
iştirak etmişəm".
Bu sözləri AzNews.az-a açıqlamasında Bakı Slavyan
Universitetinin dekanı Elnarə Tofiqqızının 2013-cü il sentyabrın
20-də "Medi Sina" klinikasında əməliyyat zamanı dünyasını
dəyişməsində zərərçəkən tərəfin ittiham etdiyi həkimlərdən biri
Fərəcullah İdrisov dedi. Onun sözlərinə görə, o, əməliyyatda
iştirak etməyib:
"Mən o əməliyyatda iştirak etməmişəm və xanımı oraya
yönəltməmişəm. Mən xanımın nə müalicə, nə cərrah, nə də ki, narkoz
həkimi olmuşam. Xanım operatorun təkidi ilə orada əməliyyat olundu.
Mahir Məmmədov özü deyib ki, mən xanımı "Medi Sina"ya aparıb, orda
edəcəm əməliyyatı".
"E.Tofiqqızını klinikaya həkimlər gətirib"
"Medi Sina" klinikasının Baş həkimi Abbas Bağırov da Elnarə
Tofiqqızının "Medi Sina"ya onu əməliyyat edən həkimlər tərəfindən
gətirildiyini bildirdi:
"Fərəcullah İdrisov Elnarə Tofiqqızının əməliyyat olunması üçün
Mahir Məmmədova müraciət edib. M.Məmmədov Müdafiə Nazirliyinin Baş
Klinik Hərbi Hospitalında onkoloqdur. Əvvəlcə, Hərbi Hospitalda
xanımın əməliyyat olunmasını istəyiblər. Amma razılaşmayıblar.
Mahir doktor da "Medi Sina"ya gəlib-gedirdi. O məsləhət görüb ki,
əməliyyat "Medi Sina"da olsun. Sonda xanımı özəl klinikaya
gətirərək əməliyyat etdilər. Xəstə bizə deyil, sözü gedən həkimə,
Fərəcullah İdrisova müraciət etmişdi".
"Fərəcullah İdrisov Hərbi Hospitalda əməliyyata razı
olmadı"
Bir müddət öncə bu barədə mediaya danışan Müdafiə Nazirliyinin
Baş Klinik Hərbi Hospitalının həkimi Mahir Məmmədov isə məsələyə
aydınlıq gətirərkən F.İdrisovun Hərbi Hospitalda əməliyyata razılıq
vermədiyini bildirmişdi:
"Mən Müdafiə Nazirliyinin hospitalında işləyirəm. Xəstənin
həkimi Fərəcullah İdrisova onun hospitalda əməliyyat olunmasını
təklif etdim, amma həkim razılaşmadı".
Anesteziya Mahir Məmmədovun təlimatı ilə
keçirilib
Elnarə Tofiqqızına narkoz vermiş anestezioloq Firuz İbrahimov
isə açıqlamasında xəstənin əməliyyata hazırlanmazdan öncə ürəyinin
kardioqram edildiyini, nəticənin çox normal olduğunu deyib:
"Ümumiyyətlə, anesteziyada risk yoxdur, orda riskin azlığı və ya
çoxluğu var. Anesteziyada əks göstəriş də yoxdur. Elnarə Tofiqqızı
risk qrupuna aid olan xəstə idi. Çəkisi 100 kiloqramdan artıq olan
xəstələr anesteziya əməliyyatında riskli xəstə sayılır".
F.İbrahimov həmçinin anesteziyanı cərrah Mahir Məmmədovun
təlimatı ilə keçirdiyini bildirib:
"Əməliyyatda iştirak edən cərrah Mahir Məmmədov "Medi Sina"da
birinci dəfə əməliyyata girdiyini dedi. Ümumiyyətlə, həmin
klinikada cərrahiyə şöbəsi tam standartlara cavab vermirdi".
Prokurorluq istintaq hərəkətlərini aparmır
A.Niftəliyev AzNews.az-a açıqlamasında həkimlərin bir-birini
təkzib etdiyini, yalan danışdığını söylədi: "Bütün məsuliyyətin
altına girən də, əməliyyat üçün Mahir Məmmədov və Firuz İbrahimovla
danışıb, nəfslərinə görə törədilən bu qətlin təşkilatçısı da
Fərəcullah İdrisovdur. O, necə əməliyyata girmədiyini iddia edə
bilər ki, qətldən sonra hadisə yerinə gələn Nəsimi rayon
prokurorunun köməkçisi və hazırda istintaq qrupunun üzvü olan
İsmayıl Rövşənov da onun əməliyyat geyimində olduğunu görüb. Bu
insanlar vicdanlarını o qədər itiriblər ki, əzab çəkmək, bir qətlə
görə səmimi peşmançılıq keçirmək əvəzinə, heç bir suçlarının
olmadığını deyirlər. Belələri tam mənası ilə qatildir və görün,
Azərbaycan səhiyyəsində necə qəssablar çalışır".
A.Niftəliyev istintaqın gedişindən ciddi narahat olduğunu da
bildirdi: "Yanvarın 22-də Baş prokurorun müavini cənab Rüstəm
Usubovun məni qəbul etməsindən sonra qaldırdığım vəsatətin təmini
istiqamətində addımlar atıldı və şahidlərlə birgə ifadə verdim,
üzləşmə də oldu. Amma artıq bir aydan artıqdır ki, zəruri istintaq
hərəkətlərindən digəri – həkimlərin üzləşməsi aparılmır. Zərərçəkən
kimi hüququmdan istifadə edib vəkilim vasitəsilə dəfələrlə
müstəntiqdən bunun səbəbini soruşmuşam. Hər dəfə ekspertizanın son
rəyinin gəlmədiyi bildirilir. Ortada bir çete işləyir, sanki: bir
tərəfdən 2 aya yaxındır ki, Milli Anatomiya və Ekspertiza Birliyi
artıq 4 dəfə verdiyi və tam mənası ilə üzdə olan rəyə aid əlavə
sualları cavablandırmağı gecikdirir. Digər tərəfdən isə Nəsimi
Rayon Prokurorluğu qaldırdığım vəsatət üzrə istintaq hərəkətlərinin
aparılmasını hansısa qaranlıq səbəbdən ertələyir".
A.Niftəliyev növbəti dəfə Səhiyyə naziri Oqtay Şirəliyevə
müraciət göndərdiyini də bildirdi: "Səhiyyə Nazirliyi dünən, martın
27-də müraciətimə rəsmi cavab göndərib. Orada qeyd olunur ki, mənə
göndərilən cavab Baş Prokurorluğa və Nəsimi Rayon Prokurorluğuna,
istintaqa da təqdim edilib:
"Məktubda isə rəsmi şəkildə qeyd olunur ki, Elnarə
Niftəliyevanın "Medi Sina Klinikası" özəl tibb müəssisəsində
aparılan cərrahiyyə əməliyyatı zamanı vəfat etməsi faktı ilə bağlı
ərizənizdə qaldırılan məsələlər Səhiyyə Nazirliyinin baş
onkoloqunun və baş anestezioloq-reanimatoloqlarının iştirakı ilə
araşdırılıb. Mütəxəssislərin rəyinə görə, Elnarə Niftəliyevaya
"Medi Sina Klinikası" özəl tibb müəssisəsində "hər iki süd vəzinin
axardaxili papillomaları" diaqnozu ilə əməliyyatdan əvvəl
müayinələrin aparılmasında, xəstənin cərrahiyyə əməliyyatına
hazırlanmasında, anesteziya metodunun seçilməsində və onun adına
tibbi sənədlərin tərtib edilməsində tibb işçiləri tərəfindən
nöqsanlara yol verilib. Ekspertizanın 4, Səhiyyə Nazirliyinin isə
bu rəsmi mövqeyindən sonra Nəsimi Rayon Prokurorluğunda işin
süründürülməsinin səbəbi olduqca qaranlıqdır və görünür, bu işlə
artıq Korrupsiyaya qarşı Mübarizə İdarəsi məşğul olmalıdır".
Qeyd edək ki, 1977-ci il təvəllüdlü E.Tofiqqızı ötən il
sentyabrın 20-də Nəsimi rayonunda yerləşən "Medi Sina" Tibb
Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib.
Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün
Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib.
Keçirilən ekspertizanın rəyinə əsasən müəyyən edilib ki,
E.Tofiqqızı üzərində anestezioloq düzgün anesteziya əməliyyatı
aparmayıb. Nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o,
tənəffüs çatışmazlığından vəfat edib.
Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı
Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi
açılıb.