Telejurnalist Afət Telmanqızının ailəsində baş vermiş
faciənin araşdırılmasını baş prokuror Zakir Qaralov xüsusi nəzarətə
götürüb. Həkim məsuliyyətsizliyi səbəbindən dünyasını
dəyişən 26 yaşlı Pərvinə Qasımovanın ölüm faktını hazırda Yasamal
Rayon Prokurorluğunda müstəntiq İsmayıl Abıyev təhqiq edir.
"Modern.az"a açıqlama verən Afət Telmanqızı əlavə edib ki, artıq
prokurorluqda qardaşı, yəni P.Qasımovanın əri Anar Cəfərovdan
izahat alınıb.
Telejurnalist baş verən ölüm faktına görə Sumqayıtda 2 saylı
Doğum Evinin baş həkimi, əməliyyatı aparmış həkim Sevda
Xanbutayevanın, şöbə müdiri Məmməd Cəfərovun birbaşa məsuliyyət
daşıdığını bildirib. Onun sözlərinə görə, müstəntiq həmin şəxslərin
ad və soyadlarını qeyd edib və izahatlarının alınacağını
bildirib.
"Həkimlər könüllü şəkildə prokurorluğa gəlməkdən imtina etsələr,
polis vasitəsilə izahat verməyə gətiriləcəklər. Respublika Klinik
Xəstəxanasının həkimlərini heç bir günahı yoxdur. Gəlinimizin ölümü
ilə bağlı bütün məsuliyyəti yalnız 2 saylı Doğum Evinin həkimləri
daşıyır".
Bununla belə, Klinik Xəstəxananın reanimotoloqu Vidadi Həsənov
xəstənin son anlarında yanında olduğu üçün prokurorluqda izahat
verməyə çağırılacağını deyib.
"Nəsimi Rayon Prokurorluğunda açılan cinayət işindən isə heç bir
yenilik yoxdur. Tibbi komissiyanın reyini gözləyirik".
Digər jurnalist – Anar Niftəliyev isə həyat yoldaşı Elnarə
Tofiqqızının ölümünün araşdırılması yönündə heç bir iş
aparılmadığını deyib. "İstintaq hərəkətləri aparılmır, həkimlərdən
cəmi bir dəfə izahat alıblar. Əvəzində isə həkimlərdən yalnız biri
– anestezioloq özünə vəkil tutub. Digər iki həkim artıq istintaqla
"razılaşdığını" və məsuliyyətdən yaxa qurtardıqlarını vəkilə
bildiriblər.
Bu barədə müstəntiqə məlumat vermişəm. Təəssüf ki, istintaq
qrupu zərərçəkən kimi iddialarım üzrə araşdırmalar aparmır. Bu
barədə Baş Prokurorluğa müraciətim artıq hazırdır. İstintaq
qrupunun rəhbəri Ələkbər Rzayev iki gün olar ki məzuniyyətdən
qayıdıb. Onun istintaqın gedişi ilə bağlı atacağı addımları
gözləyirəm. Yenə eyni hərəkətsizlik davam edərsə, həkimlərin
müstəntiqlərlə "anlaşması" barədə ehtimalım doğrulacaq və mən Zakir
Qaralovdan işin Nəsimi Prokurorluğundan alınıb, Bakı şəhər
prokurorluğuna verilməsini xahiş edəcəyəm".