Dövlət xəstəxanalarında
rüşvət alma halı ilə bağlı saytımıza gələn şikayətlər əsasında
"Eksperimental
xəstəxanada rüşvət tüğyanı" adlı reportaj
hazırlamışdıq.
Çəkiliş zamanı "Axar.az"ın
əməkdaşları adıçəkilən xəstəxanada müayinə və analizlər üçün pul
tələb edilməsinin şahidi olmuşdular.
Əməkdaşlarımızın yaxınlaşıb söhbətləşdiyi xəstələr də həkimlərin
pul istədiklərini demişdi və pulsuz heç bir xidmətdən yararlana
bilmədiklərindən gileylənmişdilər. Ən xırda müayinədən qan
təhlilinə qədər, hər şeyin öz qiyməti olduğunun şahidi
olmuşduq.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə
saxladıq.
Vətəndaş rüşvət verməsin
Mətbuat xidmətinin əməkdaşı Səbahət Əhmədova bu kimi halların
son vaxtlar çox az olduğunu bildirdi və vətəndaşların özlərini
aktiv olmağa səslədi:
"Vətəndaş rüşvət verməməlidir. Əgər belə hallara rast gələrsə,
qaynar xəttlə əlaqə saxlamalıdır. Qaynar xəttə məlumat daxil
olandan sonra bu məlumat öz təsdiqini taparsa, o zaman bu barədə
ölçü götürülür. İşdə rüşvət alan həkimi işdən çıxartmaqdan cinayət
işinin açılmasına qədər, müxtəlif cəzalar gözləyir. Daha yaxşı olar
ki, siz bu barədə Səhiyyə Nazirliyinin "Qaynar xətt"i ilə əlaqə
saxlayasınız. Çünki bu cür halların qeydə alınması və araşdırılması
ilə məşğul olan qurum odur".
"Qaynar xətt"ə zəng
"Qaynar xətt"ə zəng edərək xəstəxanadakı rüşvətxorluqla bağlı
məlumat verdik. Xəstəxanaya nə vaxt getdiyimizi, hansı həkimə
müraciət etdiyimizi soruşdular. Topçubaşov adına Elmi Cərrahiyyə
Mərkəzinin baş həkimi ilə əlaqə saxladıqdan sonra gün ərzində bizi
məlumatlandıracaqlarını dedilər.
Bütün günü, hətta daha 3 gün gözləsək də, heç bir cavab
gəlmədi.
Baş Prokrorluğun laqeydliyi
Baş Prokrorluğun mətbuat xidmətindən isə məsələyə heç bir rəy
bildirmək istəmədilər və Səhiyyə Naziriyinin mətbuat xidməti ilə
əlaqə saxlamağımızı, bu məsələnin onların səlahiyyətinə aid
olduğunu söylədilər.
İndi bildinizmi ki, niyə dövlət xəstəxanalarında rüşvət
tüğyan edir?
P.S. Yeri gəlmişkən, ötən yazımızda Baş həkimin faktı
inkar etdiyini və bizi qovduğunu yazmışdıq. Amma biz reportajı
hazırlayarkən danışıqları qeydə almışdıq. İndi isə səs yazısını
oxucuların ixtiyarına, "Qaynar xətt"in və Baş həkimin hüzuruna
təqdim edirik…