Haqqında bəhs edəcəyimiz xanım gözəlliklə bağlı
təsəvvürlərə səhhətini, əsəblərini, normal yaşamını və axtardığı
gözəlliyini qurban verib. O, ideal gözəllik yanğısını indi
vücudundakı əzablarla əvəzləyib.
Toyuna hazırlaşdığı bir vaxt sinəsinə cərrah bıçağından ömürlük
korş zərbə alan gənc bir xanım başına gələnləri Milli.Az-a danışıb.
Süd vəzləri ilə bağlı kompleksdən qurtulmaq istəyən 27 yaşlı N.B.
bildirir ki, sinəsindəki komplekslə bağlı həkimə üz tutub və
gözlənilməz zərbə alıb:
"Süd vəzlərimin böyük olmasından kompleks hissi duyurdum.
Nişanlı olduğum üçün toydan əvvəl əməliyyat etdirməyə qərar verdim.
Ötən il aprelin 7-də İstanbul Estetik Klinikasına səhər saatlarında
müraciət etdim. Türk həkim Zubeir Orter müayinə etdi və bildirdi
ki, süd vəzimdə olan artıq piyləri çıxartmaqla məni bu kompleksdən
azad edəcək. Razılaşdım və bildirdi ki, Türkiyəyə qayıdacaq, ona
görə də əməliyyatı elə həmin gün etməlidir. Əməliyyat üçün üç min
beş yüz manat istədi, üç min manata razılaşdıq. Elə həmin gün qan
analizi götürdülər, günorta saat üçdə əməliyyat təyin etdilər.
Hazırlaşmaq üçün evə getdim, tıxacda qaldığımdan klinikaya bir az
gec gəldim. Tıxacda olduğum zaman da klinikadan Mahirə xanım zəng
edərək gəlib-gəlməməyimlə maraqlandı. Klinikaya çatdım və məni
tələsik çizim üçün müayinə otağına göndərdilər. Burada həkim çizim
edərkən heç bir avadanlıqdan istifadə etmədi. Əməliyyatım 6 saatdan
artıq çəkdi. Sonradan ilk sarğı açılanda nəticəni görüb
qorxdum".
Şikayətçi xanım bildirdi ki, sarğıdan sonra gördükləri çox
dəhşətli idi: "Ölçülərdə böyük fərq vardı, sağ süd vəzim bərbad
vəziyyətdə idi. 6 gün xəstəxanada qaldım, həkim Türkiyəyə getdi və
sonrakı müayinələri azərbaycanlı Əbdüləli Əliyev apardı. Bir ay
yarım hər gün klinikaya sistemə getmişəm, tikiş açılmışdı,
dəfələrlə qanaxmam oldu və buna görə də toyum təxirə salındı. Sonra
qardaşım baş həkim Azər Nəsirovla danışdı, o da səhvi gördüyünü
bildirdi. Üzr istədi və onlara ikinci şans verməyimizi xahiş etdi.
Qarşıda toy olacağını nəzərə alıb razılaşdıq. İyulun 12-də təkrar
əməliyyat olundum və ikinci əməliyyatı Əbdüləli həkim etdi.
Narkozdan ayılanda sağ süd vəzimə implant yerləşdirdiyini bildirdi.
Bu implantın müvəqqəti olduğunu söylədi. 6 aydan sonra təkrar
əməliyyata ehtiyac olduğunu dedi. Buna görə də toyum ikinci dəfə
təxirə salındı. İkinci əməliyyatın təmənnasız olacağını demişdilər,
lakin əməliyyatdan sonra 550 manat tələb etdilər. Xəstəxanaya
etdiyim ödənişlərlə bağlı mənə heç bir qəbz də vermədilər. Bununla
bağlı Vergilər Nazirliyinə etdiyim müraciət əsasında həmin klinika
cərimələndi".
Başına gətirilənlərdən sonra İstanbul Estetik Klinikasına qarşı
qorxu yarandığını deyən şikayətçi məhkəməyə müraciət etdiyini dedi:
"Dəymiş zərərin maddi və mənəvi ödənməsini istədim, Azər müəllim
isə: "Haraya müraciət edirsən, et", - dedi. Və bütün bu zaman
ərzində çəkilən şəkilləri, nə də epiqroslarını mənə vermədilər.
Hal-hazırda iş Nərimanov Rayon Məhkəməsindədir. Qorxuram, onlar
məhkəməyə və hakimə təsir edələr. Müəssisənin sahibi kimdirsə,
böyük adamdır, nüfuzundan istifadə etməsindən qorxuram. Məhkəmədə
klinikadan 200 000 manat mənəvi zərər, həm də gələcək
əməliyyatlarım üçün pul tələb etmişəm. Xaricdə ən azı iki dəfə
əməliyyat olunmalıyam".
Əməliyyatdan sonrakı uğursuzluq N.B.-ni intihar həddinə də
çatdırıb. O bildirdi ki, həkim əməliyyatdan əvvəl süd verə
biləcəyimi söyləmişdi, ancaq sonradan onlar bundan məhrum etdilər:
"Gələcək övladlarıma süd verə bilməyəcəm. Məcburi köçkünəm.
Ermənilərdən qaçdıq, ancaq öz vətənimdə bəzi işbazlar mənim bu hala
gəlməyimə göz yumdular. Tələb etdiyim pul nə sağlamlığımı, nə də
itən zamanlarımı qaytaracaq, sadəcə hər kəsə dərs olmasını
istəyirəm".
Klinika isə şikayətçinin süd vəzi əməliyyatının uğursuz olması
ilə razılaşmır. N.B. üzərində ikinci əməliyyatı aparan Əbdüəli
Əliyev isə suallara günün ikinci yarısında cavab verəcəyini
bildirdi.
Klinikanın baş həkimi Azər Nəsirov isə açıqlamasında bildirdi
ki, həmin xanımın süd vəziləri həddindən artıq böyük olub. Əgər yüz
süd vəzisinin böyüklüyü kiçildilirsə, bu xanımda iki ən böyük süd
vəzilərindən biri idi. Biri var, böyük süd vəzisini kiçildirsən,
bir də var, miqyaslı süd vəzisindən azad olasan. Bu xanımda
həddindən artıq böyük idi".
Baş həkimin sözlərinə görə, şikayət edən xanımın əməliyyatı
normal olaraq bitib. Bundan sonra həmin xanım istəyinə uyğun olaraq
süd vəzlərinin formasını dəyişmək istəyir, amma bu gün üçün onun
normal süd vəzləri var.
"Bu iş məhkəməyə gedəcək və məlum olsa ki, əməliyyat uğursuz
olmayıb, onda sizin yazdığınız yazının aqibəti necə olacaq?
Şikayətçi çox şey deyə bilər. Onda şəkillər var, əməliyyatdan
öncəki şəkilləri də sizə göstərsin. Bütün şəkillər onun özünə
verilib. Bu işdə həkimin bir səhvi yoxdur ki, şəkilləri ona
verməsin", - deyə baş həkim əlavə etdi.