Nəsimi Rayon Polis İdarəsi (RPİ) əməlində dələduzluq
faktı araşdırılan həkim assistentini himayə edir.
Axar.az xəbər verir ki, "Medi Sina" klinikasında BSU-nun dekanı,
tənqidçi Elnarə Tofiqqızının (Niftəliyevanın) ölümündə
təqsirləndirilən anestezioloq Firuz İbrahimov və onkoloq Mahir
Məmmədovla əməliyyatda iştirak edən assistent Fərəcullah İdrisovun
əməlində dələduzluğa cəhd faktı aşkarlandığından, Bakı Şəhər
Prokurorluğu faktın araşdırılması üçün materialları Nəsimi Rayon
Polis İdarəsinə göndərmişdi.
Lakin Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsi klinikanın
baş həkimi də daxil olmaqla, araşdırmada adı keçənlərin izahatını
almadan və üzləşdirmə aparmadan 10 gün müddətində tez-tələsik işi
xətm etmək barədə qərar çıxarıb.
Zərərçəkən tərəf – jurnalist Anar Niftəliyevin hüquqi
nümayəndəsi Səməd Vəkilovun sözlərinə görə, Nəsimi RPİ-nin
müstəntiqi Elvin Əsgərov cinayət işinin xitam olunması barədə bu il
yanvarın 22-də qərar çıxarıb.
Nəsimi polisi qərardan verilən şikayəti necə
"itirdi"
Fevralın 2-də müstəntiqin qərarından Nəsimi Rayon Prokurorluğuna
şikayət verilib. Bu şikayət prokurorluğun dəftərxana rəisi Elmira
Rəhimova tərəfindən rəsmi qaydada imzalanaraq qəbul edilib.
Elə həmin şikayət ərizəsi araşdırılması üçün fevralın 3-də rəsmi
məktubla Nəsimi RPİ-nin İstintaq şöbəsinə göndərilib.
Zərərçəkmişin hüquqi nümayəndəsi deyir ki, bir aydan artıq vaxt
keçməsinə baxmayaraq, istintaqın rəisi Oruc Əmiraslanov tərəfindən
qanunvericiliklə nəzərdə tutulmuş qaydada şikayətə münasibət
bildirilməyib. İstintaq rəisi iddia edib ki, guya şikayət
prokurorluğa daxil olmayıb.
S.Vəkilov qeyd edir ki, bir neçə dəfə şikayətin nəticəsi ilə
bağlı Nəsimi Polis İdarəsinə gedib. Amma O.Əmiraslanovla görüşmək
mümkün olmayıb. Nəsimi RPİ-dən bildirilib ki, istintaq rəisinin
başı mühüm işlərə qarışıb, Daxili İşlər Nazirliyindən yoxlama var
və ona görə də onu qəbul edə bilmir. Bir müddətdən sonra isə bəlli
olub ki, Daxili İşlər Nazirliyi Nəsimi Rayon Polis İdarəsini deyil,
məhz istintaq şöbəsini "yoxlayırmış".
Bu "yoxlamalara" başı qarışdığı cavabı ilə məktuba cavabı bir
aydan artıq gecikdirən O.Əmiraslanov faktiki olaraq dələduzu himayə
etməklə məşğuldur. Zərərçəkənin hüquqi nümayəndəsi S.Vəkilovun
sözlərinə görə, işin xətm olunması barədə məlumatlandırılarkən
şikayət verəcəklərini dərhal müstəntiqin nəzərinə çatdırıblar:
"Bizə bu barədə məlumat veriləndə şikayət verəcəyimizi dedik.
Şikayət məktubunu hazırladıq və Nəsimi Prokurorluğunda qeydiyyatdan
keçirdik.
Ancaq uzun müddətdir ki, Nəsimi Rayon Polis İdarəsinin İstintaq
şöbəsinin rəisi Oruc Əmiraslanov məktubu qeydə almamaq üçün
müxtəlif bəhanələr gətirir. Birinci dedilər ki, baş qarışıqdır,
nazirlik idarədə yoxlama aparır.
Üç gündən sonra isə dedilər ki, idarə deyil, istintaq şöbəsi
yoxlanılır, başımız qarışıqdır. Bir həftədən sonra dedilər, DİN-in
yoxlaması başa çatmayıb. Bax beləcə, işi uzatmaqla
məşğuldurlar".
S.Vəkilov bildirib ki, müvəkkilinin qeyri-rəsmi mənbədən əldə
etdiyi məlumata görə, Nəsimi Rayon Polis İdarəsində heç bir
yoxlama-filan aparılmayıb:
"Əvvəla, yoxlamanın aparılıb-aparılmaması bizə cavabın bu qədər
gecikməyinə səbəb ola bilməz. Digər tərəfdən, əgər yoxlama
yoxdursa, niyə belə bir bəhabə gətirilir? Dolayısı ilə bu fakt
İstintaq şöbəsinin əməlində dələduzluq olduğu şübhəsi mövcud olan
şəxsin himayəsindən başqa bir şey deyil".
S.Vəkilov Fərəculla İdrisovun məhkəmə zamanı da istintaqa
verdiyi ifadəsindən imtina etdiyi və istintaqa yalan danışdığını
boynuna almasını diqqətə çatdıraraq, bu şəxslə bağlı ciddi
araşdırmaya ehtiyac olduğu halda onun məsuliyyətdən kənarda
saxlanılması üçün Nəsimi polisinin əldən-ayaqdan getməsini
anlamadığını bildirib:
"Nəsimi Rayon Məhkəməsində gedən cinayət işi prosesindəki
ifadəsində F.İdrisov heç bir səbəb gətirmədən istintaqı aldatdığını
etiraf elədi və tamamilə başqa bir ifadə verdi. Onun bu sözləri
məhkəmədə protokollaşdırılıb və biz artıq onun istintaqa və
məhkəməyə yalan ifadələri ilə bağlı vəsatətlərimizi hazırlamışıq.
Belə bir şəxsin ifadəsini əsas götürməklə, digər şahidlərin
ifadəsini almadan və araşdırma aparmadan Nəsimi RPİ-nin İstintaq
şöbəsi işi niyə xətm edib? Bizim verdiyimiz şikayət məktubunu niyə
cavablandırmır və sorğulardan yayınır? Şikayət məktubunu rəsmi
qeydiyyat nömrəsi ola-ola, niyə yoxa çıxardıb? Bütün bunlar
araşdırılmalıdır".
S.Vəkilovun sözlərinə görə, zərərçəkən tərəf bu qanunsuzluq
üzündən Daxili İşlər naziri, general-polkovnik Ramil Usubova
müraciət də hazırlayır.
Xatırladaq ki, mərhum E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də
"Medi Sina" klinikasında süd vəzi kanalının popilloması əməliyyatı
zamanı həkim səhlənkarlığından dünyasını dəyişib. Sentyabrın 25-də
Nəsimi Rayon Prokurorluğunda fakt üzrə cinayət işi başlanılıb.
2014-cü il aprelin 10-da isə iş Nəsimi Prokurorluğundan alınaraq,
Bakı Şəhər Prokurorluğuna, müstəntiq Vaqif Süleymanovun icraatına
verilib. Hazırda iş Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə
Həsənovanın icraatındadır. Nəsimi Rayon Məhkəməsində yalnız
həkimlərdən biri - anestezioloq Firuz İbrahimov CM-in 124.1
(ehtiyatsızlıqdan adam öldürmə) və 320.1 (hüquqi sənədləri
bilə-bilə saxtalaşdırma) maddələri ilə ittiham olunur. Prokurorluq
onkoloq Mahir Məmmədov və assistent Fərəcullah İdrisovun
əməllərində vergidən yayınma və dələduzluğa cəhd faktları
aşkarladığından, araşdırılması üçün materiallar müvafiq olaraq
Vergilər Nazirliyinin İstintaq İdarəsinə və Nəsimi Rayon Polis
İdarəsinə göndərilib.
Nəsimi Rayon Polis İdarəsi dələduzluğa cəhd maddəsi ilə cinayət
işi açmaqdan imtina etdiyi üçün zərərçəkən tərəf Nəsimi Rayon
Prokurorluğuna şikayət verib.