"Vesti.az" saytı tənqidçi Elnarə Tofiqqızının ölümüylə
bağlı istintaq işi və ekspertizanın yekun rəyi haqda məlumat almaq
üçün mərhumun həyat yoldaşı Anar Niftəliyevdən açıqlama alıb.
Açıqlamanı "Axar.az"ın oxucularına təqdim edirik.
Bu ilin
sentyabr ayında həmkarımız Anar Niftəliyev ağır itki ilə üzləşib.
O, həyat yoldaşı - tanınmış tənqidçi Elnarə Tofiqqızını
itirib.
E.Tofiqqızı sentyabrın 20-si Nəsimi rayonunda yerləşən "Medi
Sina" Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zaman vəfat
edib. Ölümündən dərhal sonra Niftəliyevanın nəşi məhkəmə tibbi
ekspertizasına göndərilib.
İlkin nəticəyə görə, Niftəliyeva asfiksiyadan (nəfəs
çatışmazlığı) vəfat edib. Ekspertizanın ilkin rəyinə əsaslanan Anar
Niftəliyev mətbuata bəyanatında bildirib ki, yoldaşı həkimlərin
məsuliyyətsizliyi və səhlənkarlığı sayəsində vəfat edib.
Hadisə ilə əlaqədar Niftəliyevanın əməliyyatında iştirak edən
tibbi heyət və jurnalist Anar Niftəliyev prokurorluğa ifadə verib.
Amma indiyə kimi heç kim həbs edilməyib.
- Anar, sizə öz dərin başsağlığımı bildirirəm. Həyat
yoldaşınızın ölümü ilə bağlı istintaqda bir irəliləyiş varmı?
- Sentyabrın 25-i Nəsimi rayon prokurorluğunda Cinayət
Məcəlləsinin 314.2 maddəsinə (məsuliyyətsizlik nəticəsində ölümə
bais olma) əsasən cinayət işi açılıb. Ancaq bu işdə heç bir
irəliləyiş yoxdur. Nəsimi Rayon prokurorluğu mənə məlumat vermir,
məndən hər şeyi gizlədirlər. Hazırda istintaq gedir, amma
saxlanılan yoxdur. Lakin mən həyat yoldaşımın qatillərinin
cəzalandırılmasını istəyirəm.
- Bəs ekspert rəyində nə deyilir?
- Siz elə bilirsiniz mən özüm bilirəm? Həyat yoldaşımın ölümü
ilə bağlı ekspertizanın rəyi hələ dünən hazır olmalı idi. Səhiyyə
Nazirliyinin patoloji anatomiya və məhkəmə tibbi ekspertiza mərkəzi
aparatının rəhbəri Ceyhun Allahverdiyev söz verdi ki, ekspertiza
rəyi oktyabrın 22-si açıqlanacaq. Lakin nəticəni deməkdən imtina
etdi və bildirdi ki, cavabı istintaqı aparan Nəsimi Rayon
Prokurorluğundan öyrənə bilərik.
Nəsimi rayonunun prokuror köməkçisi, istintaq qrupunun üzvü
İsmayıl Rövşənov isə bildirdi ki, onlar hələ rəyi almayıblar.
- Siz hansı dövlət dairələrinə şikayət etmisiniz?
- Mən Prezident Administrasiyasına müraciət etmişəm, bu gün
bildirdilər ki, müraciətim hüquq mühafizə orqanları ilə iş
şöbəsinin müdiri Fuad Ələsgərova yönəldilib. Müraciətimin surətləri
Baş prokuror Zakir Qaralov və Səhiyyə naziri Oqtay Şirəliyevə
göndərilib. Onlardan cavab gözləyirəm.
"Vesti.az"