Son dövrlərdə hepatitə yoluxan şəxslərin sayı getdikcə
artır.
Axar.az oxucuları bu xəstəliklə bağlı maarifləndirmək üçün
hepotoloq Könül Mahmudova ilə söhbətləşib.
Könül Mahmudova hepatitin növlərindən və onun müalicə
üsullarından danışıb.
Xəstənin vəziyyəti nəzarətdə
saxlanılmalıdır
– Televiziya proqramlarının birində hepatitin "daşıyıcı"
adlı bir növünün olmadığını, ümumiyyətlə, "daşıyıcı xəstə" deyə bir
anlayışın mövcud olmadığını demisiniz. Bu, çoxlarında sual doğurdu.
Əgər şəxsin xəstəliyi aktiv və keçici deyilsə, onda xəstəliyin bu
növü necə adlandırılmalıdır?
– Hepatit C-də "daşıyıcı" sözü yoxdur. Düzdür, virusun miqdarına
görə Hepatit B-də "daşıyıcı" terminindən istifadə olunur, amma C-də
qətiyyən yoxdur. Virusun miqdarı azdırsa, Hepatit B xəstəsinə
daşıyıcı demək olar. C-də isə xəstə yoluxubsa, artıq Hepatit C
xəstəsi sayılır. Sadəcə, C-nin aktiv və qeyri-aktiv formaları var.
Qaraciyərdə birləşdirici toxumanın əmələ gəlməsi 5 ildən bir
yaranır, ilkin müayinədə fibrozun olmadığını müəyyən etmək hələ 5
il sonra yaranmayacağına dəlalət etmir. Elə xəstə var ki,
yoluxandan 5-6 il sonra qaraciyərinin vəziyyəti pisləşməyə
başlayır. Adam da var ki, 20 ildir Hepatit C-dən əziyyət çəkir,
amma bu, onun qaraciyərində ciddi bir fəsad törətmir. Yəni Hepatit
C-nin xəstəyə təsirləri fərdidir.
– Passiv hepatitdə xəstənin müalicə alması mütləqdir?
Yəni bədənə olan təsiri fərdidirsə, müalicəyə ehtiyacı olmayan
passiv hepatit ola bilərmi?
– Hepatitli xəstələrin vəziyyətini öyrənən Avropa assosiasiyası
mövcuddur ki, bu assosiasiyaya görə, əgər xəstə Hepatit C-yə
tutulubsa, onun müalicəsi mütləqdir. Çünki assosiasiyanın fikrincə,
bu xəstələrin vəziyyətini proqnozlaşdırmaq çətindir. Bu səbəbdən
xəstənin dərhal müalicə alması tövsiyə olunur. Buna baxmayaraq,
xatırladım ki, Avropada hepatitin müalicəsi sığorta şirkətlərinin
öhdəliyindədir. Amma MDB ölkələri – Rusiya da daxil olmaqla,
fibrozun birinci, ikinci mərhələləri müşahidə olunduqda gözləmək
məsləhətdir. Lakin bu halda da xəstənin vəziyyəti nəzarətdə
saxlanılmalıdır. Məhz burada Avropa və MDB ölkələri
mütəxəssislərinin fikrində ayrılıqlar meydana gəlir.
Cahil insanlar xəstəliyin adını eşidən
kimi...
– Bəs bizdə hansı təcrübə əsas götürülür?
– Belə deyək, bizdə müraciət edən xəstənin sosial durumu çox
önəmlidir. Əgər gənc bir xəstə Hepatit C xəstəliyinə tutulubsa,
bütün ailə əsəb keçirir, valideynlər və yaxınlar narahat olmağa
başlayır. Ailə nə olursa-olsun öz övladını müalicə etməyə çalışır.
Özünüz bilirsiniz ki, Hepatit C nə qədər ailələr dağıdır. Cahil
insanlar xəstəliyin adını eşidən kimi çəkinirlər. Halbuki bu
xəstəlik nə cinsi yolla keçir, nə də uşağa ötürülür.
– Deməli, ciddi bir fəsadı olmasa da, xəstələrə müalicə
almağı tövsiyə edirsiniz...
– Müalicə alması məsləhətdir, çünki qaraciyər zədə almamış
müalicə olunanda effekt daha yaxşı olur.
Müasir müalicə üsulu ilə
– Xəstəliyi müalicə ilə tamamilə aradan qaldırmaq
mümkündür?
– Hepatit C-də virus müalicə alındığı təqdirdə - 95 faiz
hallarda tamamilə sağalır.
– Müalicə nə qədər davam edir?
– Bu, əsasən virusun genindən asılı olaraq dəyişir. Sözügedən
virusun 6 genotipi var. Ən pis müalicə olunan birinci və dördüncü
genotiplərdir. Azərbaycan ərazisində ən çox birinci genotip
müşahidə olunur. Müəyyən etdiyimiz xəstələrin, demək olar ki, 80
faizi birinci genotipdən əziyyət çəkir. Bu növ virusun müalicəsi 1
il davam edir – əgər qaraciyər sağlamdırsa. Yox əgər serrozlu
qaraciyərdirsə, onun müalicəsi il yarıma qədər uzana bilər. Çünki
sözügedən virusun orqanizmdən çıxması olduqca çətindir. Müasir
müalicə üsulu ilə qaraciyər sağlamdırsa, müalicənin müddəti 3-6 ay
arası dəyişir.
– Müalicə xəstəyə neçəyə başa gəlir?
– 3 aylıq müalicə kursu təxminən 4 min, maksimum 5 min AZN-ə
başa gəlir.
Əgər qaraciyərdə problem yoxdursa...
– Yəni Hepatit C xəstəsi bir neçə aylıq müalicə ilə
tamamilə bədəndən çıxarılır?
– Bəli, bizim sağalan xəstələrimiz çoxdur.
– Passiv xəstələrin heç bir şikayəti yoxdursa,
qaraciyərin sağlamlığında hər hansı bir problem mövcud deyilsə,
onun müalicəyə ehtiyacı varmı? Yəni xəstəliyin bu növü heç vaxt
özünü büruzə verməyə bilərmi?
– Bu, elə bir xəstəlikdir ki, onu əvvəlcədən proqnozlaşdırmaq
mümkün deyil. Əgər qaraciyərdə problem yoxdursa, 2-3 il gözləmək
olar. Amma belə olduğu halda mütəmadi müayinə şərtdir.
– Xəstəliyin yaşdan asılılığı necədir? Hansı yaşda
müalicə daha çətindir?
– Xəstə cavandırsa, onda fəsadlar daha çox olacaq. Çünki cavan
orqanizmdə metabolizm yaxşı gedir. Yaşlı orqanizmdə isə fəsadlar
gec başlayır və 50-60 yaşlı xəstənin bədənində bu xəstəlik özünü
elə gec göstərir ki, onu müalicə etməsəniz də olar.