Zərərçəkən Anar Niftəliyev
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya
Komissiyasının sədri akademik Arif Mehdiyevə müraciət
edib.
Axar.az xəbər verir ki, müraciətdə Topçubaşov adına
Elmi-Tədqiqat Cərrahiyyə Mərkəzinin ümumi cərrahiyyə şöbəsinin
əməkdaşı Fərəcullah Sədullah oğlu İdrisovun istintaq getdiyi
müddətdə xüsusi imtiyaz qazanmaq və istintaqa təsir etmək məqsədi
ilə tibb elmləri üzrə fəlsəfə doktoru adı almaq üçün AAK-a sənəd
göndərdiyi və onun 2015-ci il iyulun 1-də elmi ad aldığı qeyd
olunur.
Xatırladılıb ki, 2013-cü il sentyabrın 20-də xanımı, tənqidçi
Elnarə Tofiqqızının "Medi Sina" klinikasında cərrahiyyə əməliyyatı
zamanı həkim səhlənkarlığından baş verən ölüm işi ilə bağlı cinayət
işi açılıb və Bakı şəhər Prokurorluğunda davam edən cinayət işində
əməliyyatda assistent kimi iştirak edən Fərəcullah İdrisovun
əməlində cinayət tərkibi şübhəsi olduğundan, onun barəsində Cinayət
Məcəlləsinin 29.187.1-ci maddəsi ilə cinayət işi açılaraq,
araşdırlması üçün DİN-ə göndərilib.
Həmin ərəfədə, 27 mart 2014-cü ildə A.Niftəliyevin vəkili Səməd
Vəkilov 5K/44 saylı məktubla rəsmi qaydada Azərbaycan Respublikası
Prezidenti yanında Ali Attestasiya Komissiyasına müraciət edərək,
tibb elmi üzrə fəlsəfə doktoru adı almaq üçün müraciət edən
F.İdrisovun sənədlərinə baxılmasının istintaq bitənə qədər təxirə
salınmasını xahiş edib. Ancaq Ali Attestasiya Komissiyası 1 iyul
2015-ci il ildə F.İdrisovun elmi işini təsdiqləyib və ona elmi ad
verib.
Anar Niftəliyev Bakı şəhər Baş Polis İdarəsində aparılan
istintaqın 11 may 2016-cı ildə yekunlaşdığı barədə AAK sədri,
akademik Arif Mehdiyevi məlumatlandırıb və qərarın surətini AAK-a
göndərib: "Bakı şəhər Baş Polis İdarəsi 11 may 2016-cı il tarixində
qərar qəbul edib. Həmin qərara əsasən, Fərəcullah İdrisovun CM-nin
29.178.1-ci maddəsi ilə cinayət əməli törətdiyi sübuta yetirilib və
o, məsuliyyətə cəlb edilib. Sadəcə, qanunvericiliyə görə, cinayət
hadisəsindən 2 ildən artıq vaxt keçdiyindən, o, işlətdiyi əməlin
cəza hissəsindən azad olunub və iş məhkəməyə göndərilməyib. Buna
baxmayaraq, F.İdrisov CM-nin 29.178.1-ci maddəsi ilə məhkum
olunub".
Dələduzların elmi addan şəxsi məqsədlər üçün istifadə etdiyini
bildirən zərərçəkən keçmiş ABU rektoru Elşad Abdullayevin
təcrübəsini xatırladıb və hüquq-mühafizə orqanlarının dələduzluq
əməlini təsdiqləməsindən sonra E.Abdullayevin elmi addan məhrum
edildiyi presedentini xatırladıb. Qeyd edib ki, dələduzluq əməli
ilə məsuliyyətə cəlb edilən Fərəcullah İdrisovun da bu əməllərini
davam etdirməyəcəyi və daha kimlərinsə həyatdan vaxtsız getməsinə
bais olmayacağına dair heç bir təminat yoxdur. Buna görə də
A.Niftəliyev Bakı şəhər BPİ-nin qərarından sonra AAK-ın F.İdrisovun
elmi işinə yenidən baxaraq, müvafiq qərar qəbul etməsi barədə
akademik Arif Mehdiyevdən göstəriş verməsini xahiş edib.
Xatırladaq ki, 1977-ci il təvəllüdlü Elnarə Tofiqqızı 2013-cü il
sentyabrın 20-də "Medi Sina" Tibb Mərkəzində süd vəzi kanalının
popilloması əməliyyatı zamanı həkim səhlənkarlığından vəfat edib.
Bakı Apelyasiya Məhkəməsinin 31 avqust 2015-ci il tarixli qərarı
ilə Elnarə Tofiqqızının ölümündə günahkar bilinən Firuz İbrahimov
2,5 il müddətinə azadlıqdan məhrum edilib.
Cərrahiyyə əməliyyatında iştirak edən F.İdrisov isə Bakı şəhər
Baş Polis İdarəsinin 11 may 2016-cı il tarixli qərarına görə
Cinayət Məcəlləsinin 29.178.1.-ci maddəsi ilə (dələduzluğa cəhd)
məhkum edilib. Ancaq cinayət hadisəsindən iki il keçdiyi üçün
məhkum F.İdrisov CM-nin sözügedən maddəsinin cəza hissəsindən azad
edilib və toplanmış materiallar məhkəməyə göndərilməyib.