Xəstənin vəziyyəti ilə maraqlanırıq, hazırda yaxşıdır və
səhhətindəki problem aradan qalxır.
Bu sözləri Axar.az-a adının açıqlanmasını istəməyən "HB Güvən
Klinikası"nın işçisi "Baku Medikal Plaza" klinikasında baş verən
hadisəyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hadisədən sonra Öndər Tulumbacı bir müddətə
əməliyyatdan kənarlaşdırılıb:
"Öndər həkimə gəldikdə isə 1 ay qeysəriyyə əməliyyatı
keçirməyəcək".
Qeyd edək ki, iyunun 1-də "Baku Medikal Plaza" klinikasında
paytaxt sakini İrina Makarova qeysəriyyə əməliyyatı keçirib.
Əməliyyatı "HB Güvən Klinikası"nın cərrahı Öndər Tulumbacı
keçirib.
Əməliyyat təxminən 5 saat davam edib. Bu müddət ərzində İrinanın
əməliyyatı və onun vəziyyəti barədə heç bir məlumat verilməyib. Şok
təfərrüatlar əməliyyatdan sonra məlum olub. Həkim düzgün əməliyyatı
aparmadığını anladıqdan sonra klinikadan qaçıb. Daha sonra məlum
olub ki, həkim əməliyyat zamanı cərrah bıçağıyla əkiz körpələrdən
birinə toxunub. Uşağın üzərindəki kəsiyin uzunluğu 2 sm, dərinliyi
isə 0,3 sm olub. Bu kəsik uşağın həyatı üçün ciddi risk təşkil
edir.
İrina Makarov əməliyyat zamanı çox qan itirib. Üç gün ərzində
yaxınları və qohumları ona qan verib. Ancaq buna baxmayaraq qadında
daxili qanaxma dayanmayıb. Əməliyyatdan iki gün sonra İrina
gözlərini açıb. Qohumları ümid edirdi ki, ən pis hadisə geridə
qalıb. Amma qadının vəziyyəti sonradan yenə pisləşib.
Baku.vs-in məlumatına görə, İrina uğursuz əməliyyata görə
yumurtalıq və uşaqlığını itirib. Ola bilsin ki, İrinaya dördüncü
dəfə əməliyyata girmək lazım gələcək.
Bu, Öndər Tulumbacının ilk yarıtmaz işi deyil. Axar.az-ın
araşdırması zamanı türkiyəli həkimin bu ilin fevralında Sadıqova
Həlima Qaraş qızına qarşı da dələduzluq etdiyi məlum olub.
Narazı vətəndaş bildirib ki, Ö.Tulumbacının əməliyyatı formal
xarakter daşıyıb:
"Sonradan UZİ-dən keçəndə aydın olur ki, mənim üzərimdə heç bir
əməliyyat aparılmayıb. Yəni heç bir tibbi müdaxilə olmayıb. Sadəcə
kəsiblər və tikiblər".