Yuxarı

Lapşinin esktradisiyası və Qarabağ üçün - İkinci mərhələ

Ana səhifə Digər Şərh
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağa qanunsuz səfər edərək, ermənilərin hüzurunda o torpağın sahibi olan Azərbaycana qarşı çıxışlar edən rus-yəhudi bloger bəlkə də bir gün qolunda qandal DTX əməkdaşları tərəfindən Bakıya gətiriləcəyini heç düşünməmişdi. Uzaqbaşı Azərbaycan Xarici İşlər Nazirliyi onu da Qarabağa səfər edən digərləri kimi “qara siyahıya” salacaq, o da əl-qolunu sallayaraq, ürəyi istəyəni edəcəkdi.

Lapşinlə yanaşı, çoxları da düşünməzdi ki, rəsmi Bakı bu məsələnin üzərində ciddi şəkildə dayanacaq və Putinin müttəfiqi Lukaşenko da rus liderini yox, Azərbaycan liderini dinləyərək, blogerin Azərbaycana esktradisiyasına icazə verəcəkdi.

Və çoxları həm də onu düşünmürdü ki, Rusiyanın tələblərinə rəğmən, Azərbaycan öz mövqeyində sona qədər israrla dayanacaq.

Azərbaycan çoxlarının gözləmədiyi şeyi gerçəkləşdi və əməli ilə bir daha sübut etdi ki, “Dağlıq Qarabağ məsələsində heç də zarafat etmir”. İşğal olunmuş torpaqlarımıza səfər edib foto-obyektə gülümsəyən bloger artıq Bakıdadır və Azərbaycanın Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə mühakimə olunacaq.

Üç hədəf

1. Ötən il açıqlanan rəsmi məlumatda göstərilir ki, Dağlıq Qarabağa qanunsuz səfər etdiyinə görə Azərbaycan XİN-in “qara siyahısı”na düşənlərin sayı 529 nəfərdir. Bu şəxslər Azərbaycan ərazisinə daxil olmaq hüququndan məhrum olunublar. Onların cəzası yalnız bundan ibarətdir. Lapşinin ekstradisiyası ilə hər şeydən öncə “cəzasızlıq mühiti” darmadağın edildi.

2. Lapşinin ekstradisiyası Azərbaycanın Qarabağa qanunsuz səfər edənlərə qarşı hərəkətə keçməsi üçün presedent yaratdı. Bundan sonra işğal olunmuş torpaqlara səfər edən istənilən şəxs haqqında cinayət işi açılacaq və beynəlxalq axtarışa veriləcək.

3. Bununla rəsmi Bakı Ermənistana ciddi zərbə endirdi. Artıq bundan sonra Dağlıq Qarabağa gəlmək istəyən əcnəbilər ən azı iki dəfə düşünəcəklər. Xüsusilə bu, xarici ölkələrin parlamentariləri, tanınmış şəxsləri və siyasətçilərini işğal etdikləri torpaqlara gətirərək, legitimlik əldə etmək cəhdlərini heçə endirəcək.

Bu məqamlar Lapşinin ekstradisiyası ilə Azərbaycanın nail olduğu hədəfləri göstərir.

Lakin Lapşinin ekstradisiyasının arxasındakı siyasi məqamlar da diqqət çəkir. Rəsmi Bakı bununla təkcə Ermənistana zərbə endirmək və “cəzasızlıq mühiti”ni yox etmək gedişi etmədi. Burada Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların pərdəarxasında yaranmış situasiya və diplomatik manevrlər diqqətdən yayınmamalıdır.

***

Rusiya xarici işlər naziri Sergey Lavrovun 2017-ci ilin ilk günlərində verdiyi “İşğal olunmuş ərazilərin azad olunması ilə eyni vaxtda Dağlıq Qarabağın statusu həll olunmalıdır” və “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın daxili işi deyil” açıqlamaları aprel döyüşlərindən sonra münaqişənin həlli ilə bağlı Bakının xeyrinə yaranmış vəziyyətdə bəzi şeylərin dəyişdiyini göstərdi.

2016-cı ilin aprelindən başlayaraq, münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda ciddi nəticələr əldə olunmasa da, danışıqlar prosesi “Madrid prinsipləri” və “mərhələli həll” variantlarını özündə ehtiva edən “Kazan düsturu” çərçivəsində gedirdi. Masada “işğal olunmuş 5 rayon qaytarılır, bölgədə silahsızlaşdırma prosesi başlanır, 2 rayonun taleyi daha sonra həll edilir, qaçqınlar geri qayıdır və yalnız sonda Qarabağın yekun statusu müzakirə edilir” məsələsi var idi. Ötən ilin avqustundan başlayaraq, Qarabağ məsələsi Suriya münaqişənin kölgəsində qaldı. Baş verən geosiyasi proseslər fonunda bunu müəyyən mənada anlayışla qarşılamaq olardı. Lakin Rusiya danışıqların dondurulması ilə Ermənistana hərbi yardımı gücləndirdi. Nəhayət, ilin sonunda – 29 dekabrda erməni diversiya qrupları münaqişə zonasında deyil, məhz Azərbaycanla sərhəddə təxribata əl atdı. Azərbaycan Ordusunun əsgəri Çingiz Qurbanov şəhid oldu və onun cəsədi düşmən tərəfindən girov götürüldü. (şəhidimizin nəşi yalnız 39 gün sonra, Lapişinin Bakıya ekstradisiyasından iki gün öncə alındı). Bu hadisənin üzərindən təxminən bir neçə gün sonra Lavrov siyasi mənzərənin qarışdığına işarə edən açıqlamalar verdi.

Rusiyanın “ərazilərin qaytarılması ilə Qarabağın statusunun həlli”nin eyni vaxtda həyata keçirilməsi istəyi münaqişənin Bakının yox, İrəvanın (dolayısı ilə Moskvanın) maraqlarına uyğun “paket həll” variantı çərçivəsində həllinin ön plana çıxarıldığını göstərdi. Hansı ki, bu variantda işğal olunmuş rayonlar qaytarılsa da Dağlıq Qarabağ faktiki olaraq itirilir.

Dağlıq Qarabağ ətrafında gərginlik çəmbəri yenidən daralır və Bakı öz manevrlərini genişləndirir.

Görünən o idi ki, Rusiya aprel döyüşlərindən sonra verdiyi sözə əməl etmir və danışıqlarına ruhuna zidd addım atır.

Bakı bununla razılaşmadığını açıq şəkildə ifadə etdi və təkbaşına “mərhələli həll” variantının tətbiqinə start verdi. Prezident İlham Əliyevin aprel müharibəsində işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası və qaçqınların köçürülməsi ilə bağlı sərəncamı da məhz bu variantın həyata keçirilməsinin başlanğıcıdır.

Bu diplomatik manevrin ardınca ikinci addım atıldı: 2011-2012-ci illərdə Dağlıq Qarabağa səfər edən və bundan sonra işğal edilmiş torpaqlarda yaradılan qondarma “DQR”-i beynəlxalq arenada müstəqil dövlət kimi təbliğ edən Aleksdandr Lapşin haqqında Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlandı, bloger barəsində dövlətlərarası axtarış elan edildi.

Lapşinin məhz Belarusda həbs olunaraq, Bakıya ekstradisiya edilməsində iki ölkə arasındakı yaxın münasibətlərlə yanaşı, son günlər müşahidə olunan Minsk-Moskva gərginliyi də rol oynadı. Yəni rəsmi Bakı bu situasiyadan uğurla istifadə edə bildi.

Hesab etmək olardı ki, Lapşini də Qarabağa qanunsuz səfər etmiş yüzlərlə şəxsdən biri kimi “qara siyahı”ya salmaqla kifayətlənmək lazım idi. Bəs, Azərbaycan bu məsələnin üzərinə niyə bu qədər getdi?

Lapşinin ekstradisiyası Azərbaycanın start verdiyi “mərhələli həll” variantının davamı və Sergey Lavrovun dediyi “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın daxili işi deyil” açıqlamasına cavabdır:

- Bakı Lapşinin ekstradisiyası ilə göstərdi ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və ora qanunsuz səfər etmiş şəxs Azərbaycanın daxili qanunvericiliyi ilə mühakimə olunmalıdır; Azərbaycanın ərazi bütövlüyü BMT tərəfindən tanınıb və münaqişə başqasının deyil, birbaşa Azərbaycanın daxili işidir.

***

Lapşinin Bakıya gətirildiyi gün baş verənlər Prezident İlham Əliyevin Qarabağ məsələsində necə prinsipial olduğunu, böyük güclərə və təhlükələrə baxmayaraq, milli maraqları sonuna qədər irəli sürdüyünü, digər ölkələrə də bunu qəbul etdirdiyini göstərdi.

- Fevralın 5-də şəhid Çingiz Qurbanovun nəşi düşməndən alınaraq, torpağa tapşırıldı. Şəhidin nəşi nə az, nə çox, düz 39 gün düşmən girovluğunda qalmışdı. Lakin bu müddətə baxmayaraq, Azərbaycan öz şəhidini geri aldı.

- Fevralın 7-də “Milli Qəhrəman” Mübariz İbrahimovun doğum günü idi. Prezident İlham Əliyev məhz həmin gün Çingiz Qurbanova “Milli Qəhrəman” adı verdi.

- Həmin günün axşamı Lapşin DTX əməkdaşları tərəfindən Bakıya gətirildi.

Bir-biri ilə zəncirvari əlaqəsi olan bu məqamlardır və Prezident İlham Əliyevin məhz fevralın 7-də şəhid Çingiz Qurbanova “Milli Qəhrəman” adı verməsi təsadüfi deyil. Bu tarix məqsədli şəkildə seçilmişdi və bununla düşmənə, həmçinin, ərazi bütövlüyümüzə qarşı olanlara açıq mətnlə mesaj verilirdi: Azərbaycan nəyin bahasına olursa, olsun, öz torpağı Qarabağdan imtina etməyəcək və bunun üçün bütün addımları atmaq iqtidarındadır.

***

Əsas ehtimallar arasında ekstradisiyadan sonra Azərbaycana qarşı hansı addımların atıla biləcəyi də var.

İsrail: Təl-Əvivin İsrail vətəndaşı olan Lapşinin esktradisiyasına görə Bakı qarşısında hansısa tələb irəli sürməsi gözlənilmir. Əgər belə bir şey olsaydı, bu, indiyə qədər baş verərdi. Güman ki, Bakı bu məsələni öncədən Təl-Əvivlə həll edib. Lakin israilli siyasətçilərin birindən əldə etdiyim məlumata görə, Knessetin növbəti iclasında Lapişinə görə İsrail hökuməti qarşısında Azərbaycanla hərbi müqavilələrin ləğvi məsələsi qaldırıla bilər.

İsrail hökumətinin buna getməyəcəyi məlum məsələdir.

1. Azərbaycanla çoxmilyardlı müqavilələrin ləğvi ilk növbədə silah istehsalçısı olan İsrailin özünə ziyandır.
2. İsrail bazardan çıxan kimi, onun yerini avtomatik olaraq Rusiya tutacaq. (Son zamanlar Rusiyadan Azərbaycana qarşı ziddiyyətli bəyanatların səslənməsinin arxasında bu amilin dayandığı da diqqətdən qaçmır).
3. Trampdan sonra ABŞ və İsrail İrana qarşı sərt siyasət yürütməyə başlayıb. Bu məsələdə İsrail üçün Azərbaycan bölgədə yeganə müttəfiq ölkədir.

Çox güman ki, Knessetdə Azərbaycanla bağlı məsələ indiyə qədər qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı çağırışlar edən bir qrup deputat tərəfindən qaldırılacaq. Bunun ciddi nəticələr verməyəcəyi əvvəlcədən bəllidir.

Rusiya: Moskvanın Lapşin məsələsində Azərbaycanın üzərinə gələcəyi gözləniləndir. Lapşin Belarusda saxlanandan sonra Rusiya xarici siyasət rəhbərliyi dəfələrlə bu haqda danışıb. Peskovun “Bakı ilə Lapşin məsələsində danışıqlar aparılmır” sözləri isə Moskvanın Bakı ilə ehtiyatlı davrandığını göstərir. Sadəcə olaraq, ruslar Lapşinin müdafiəsinə çalışacaq. Rusiyanın Bakıdakı səfirliyinin Lapşinlə görüş tələbi artıq “müdafiə cəhdləri”nin başlandığı deməkdir. Lakin Moskva Bakının əleyhinə ciddi addım ata biləcəkmi? Siyasi situasiya bunun Kremlə sərf etmədiyini deməyə əsas verir. Xüsusilə Prezident İlham Əliyev Belçikaya səfəri ilə bir çox mesaj vermiş oldu.

Hazırda gözlənilən əsas təhlükə cəbhədə erməni təxribatlarının artacağı ilə bağlıdır. Hansı ki, dünən axşamdan etibarən erməni hərbi birləşmələrinin atəşkəsi pozması halları intensivləşib. Rəsmi İrəvan Lapşinin ekstradisiyasına etiraz edən ermənilərin diqqətini yayındırmaq üçün də cəbhədə yeni hücumlar edə bilər.

Bütün bunların fonunda artıq bir məsələ aydındır: Azərbaycan ərazi bütövlüyünün bərpası istiqamətində addım-addım irəliləyir.

Əgər aprel müharibəsi Qarabağ münaqişəsi ətrafında yeni reallığın yaranması idisə, Lapşinin Bakıya gətirildiyi gün də növbəti mərhələnin başlanmasıdır.

Publika.az

Tarix
2017.02.08 / 19:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla