Axar.az xatırladır ki, Azərbaycan kino sənətinin tarixi 1898-ci
il iyunun 21-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr
Mişon tərəfindən çəkilmiş xronika süjetləri ("Bibiheybətdə neft
fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq
gəzintisi", "Qafqaz rəqsi" və s.) və bir bədii kinosüjetdən
("İlişdin") ibarət idi.
1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar
cəmiyyətlər tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat
kontorları yaradılmışdı. 1915-ci ildə adı çəkilən cəmiyyət neft
sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun "Neft və milyonlar
səltənətində" romanı əsasında eyniadlı ilk Azərbaycan bədii
filminin çəkilişinə başladı. Filmi çəkmək üçün Peterburqdan
rejissor Boris Svetlov dəvət olundu. Təbiət mənzərələri Bakıda və
ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi.
1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası
əsasında ilk Azərbaycan kinokomediyası çəkildi.
Azərbaycan kinosunun tarixi-inqilabi janrına qısa bir nəzər
salaq:
S.Vurğunun "Komsomol poeması"nın motivləri əsasında çəkilən
"Yeddi oğul istərəm" (1970) filmi 20-ci illərin komsomolçularına
həsr olunub. "Səmt küləyi" (1973) filmi Azərbaycan kinosunun
tarixində xarici ölkə studiyası ilə birgə yaradılan ilk əsərdir.
"Axırıncı aşırım", "Qatır Məmməd" (1974) filmlərində sovet
hakimiyyətinin ilk illərində Azərbaycan kəndində gedən sinfi
mübarizədən bəhs olunur. "O birigün gecə yarısı", "Atları
yəhərləyin", "İşarəni dənizdən gözləyin" filmləri də tarixi
mövzulardadır.
"Nəsimi" (1973) filmində feodal dünyasının haqsızlıqlarına qarşı
çıxan şairin həyatı və o dövrün sosial və əxlaqi problemləri əksini
tapıb. "Dədə Qorqud" (1975) filmi poetikliyi ilə fərqlənir. "Babək"
filmində IX əsr Azərbaycan sərkərdəsi Babəkin başçılığı ilə
Xilafətə qarşı xalqın mübarizəsi təsvir edilib. "Nizami" (1982)
filmində N.Gəncəvinin, "Qəm pəncərəsi" (1986) filmində isə
C.Məmmmədquluzadənin obrazı canlandırılıb.
Azərbaycan kinosunda uşaq filmlərinin istehsalına da böyük önəm
verilib. "Bir qalanın sirri", "Sehirli xalat", "Qərib cinlər
diyarında", "Mən mahnı qoşuram", "Əzablı yollar", "Gəmi saatının
sirri", "Qaladan tapılan mücrü" filmlərini uşaqlar üçün nəzərdə
tutulmuş filmlər kimi göstərə bilərik.
1989-cu ildə ilk fantastik Azərbaycan bədii filmi ("Əlaqə")
yaradılıb.
Qeyd edək ki, Milli Kino Günü ümummilli lider Heydər Əliyevin 18
dekabr 2000-ci il tarixli sərəncamı ilə hər il avqustun 2-də qeyd
olunur.