İspan aktrisa Sara Monteli
dövrünün ən məşhur aktrisalarından olub.
Axar.az Sara Monteli haqda yazını Samirə Əşrəfin tərcüməsində
təqdim edir:
Monastırdan akademiyaya gedən yol…
Sara Monteli 1928-ci il martın 10-da İspaniyanın Syudad-Real
şəhərində yoxsul və katolik inanclı çoxuşaqlı ailədə doğulub. Orta
məktəb təhsilini monastırda alan Saranın valideynləri onu rahibə
kimi yetişdirməyə çalışıb. Valideynləri onu əzizləyərək həmişə
Sarita deyə çağırardılar. O da öz növbəsində, valideynlərinə
xüsusilə də, atasına çox bağlı olub. 5 yaşı olanda Sara artıq kilsə
nəzdindəki xorda oxumağa başlayır. Bir müddət sonra isə
fortepianoda çalmağı öyrənir. 11 yaşı olanda o, ən gənc iştirakçı
kimi müsabiqəyə qatılaraq, münsiflər heyətinin qarşısında mahnı
oxuyur. Münsiflər heyəti yekdil qərarla onu birinci elan edib heç
bir imtahan vermədən musiqi akademiyasına qəbul edirlər. Sara
musiqi akademiyasında təhsil ala-ala teatrdakı tamaşalarda oynayır,
radiolarda çıxış edir. O, tezliklə məşhur rejissorların diqqətini
özünə cəlb etməyi bacarır.
16 yaşında o, ilk dəfə "Mən səni özüm üçün sevirəm" filminə
çəkilir. Elə həmin il ikinci film təklifi gəlir. "Hər şey toydan
başladı" filmindən sonra Sara özünə Monteil təxəllüsünü
götürür.
Bir il ərzində Sara üç filmdə rol alır və konsertlərə dəvət
olunur. 1945-ci ildən 50-ci ilə qədər Sara Monteil 14 filmə
çəkilir. Lakin zaman keçdikcə görür ki, onun filmdən qazandığı
şöhrət təkcə öz ölkəsini əhatə edir. Belə olan halda o, ispan
yazıçı Miqel Mixarın məsləhəti ilə Meksikaya köçməyi qərara alır.
Meksikada beş il yaşayan Sara orada 13 filmə çəkilməyə nail olur.
O, filmlərə çəkilməklə yanaşı, müğənnilik sənətini də tərk etmir,
əksinə daha da təkmilləşdirir.
Hollivudun sirləri...
Meksikada işlədiyi müddətdə o, ABŞ rejissorlarının diqqətini
cəlb edir və Saranı Hollivuda dəvət edirlər. 1954-cü ildə Sara
məşhur Hollivud aktyorları Qeri Kuper və Bert Lankasterlə birlikdə
"Vera Krus" filmində yer alır. Film aktrisaya o qədər uğur
qazandırır ki, "Kolumbiya Pikçers" şirkəti aktrisa ilə 7 illik
müqavilə bağlayır.
Həmin filmdən sonra Qeri Kuper aktrisaya aşiq olur. Onu sənət
ilahəsi hesab edən aktyor bir müddət sonra aktrisanı ələ almağı
bacarır. Onların adı xeyli müddət birlikdə hallanır.
1956-cı ildə aktrisa musiqili "Serenada" melodramında rol alır.
Həmin filmdə Saranın tərəf-müqabili Amerikanın ən güclü tenoru,
əslən italiyalı olan Mario Lanz olur. "Serenada" filmi də çox böyük
tamaşaçı alqışı qazanır. Mario Lanzla Sara Monteil isə elə çəkiliş
zamanı dostlaşırlar.
Bir il sonra Sara özündən 23 yaş böyük, əvvəllər də ailəli olan
rejissor Entoni Mana ərə gedir.
Onların ailə həyatı bir müddət sonra süquta uğrayır. Elə həmin
ərəfədə ispan rejissor Saranı "Sonuncu sətir" filminə çəkmək üçün
İspaniyaya dəvət edir. Həmin dəvəti qəbul edən aktrisa vətəninə
qayıdır. Film ona beynəlxalq uğur qazandırır. Film təklifləri hər
tərəfdən axın etməyə başlayır. Bu qədər uğurdan sonra Sara
Hollivuda qayıtmaq fikrindən vaz keçib vətənində qalmağa qərar
verir. Mətbuat onu İspaniyanın Bricit Bardosu adlandırır. Zaman
keçdikcə Sara Monteil öz ölkəsinin mahnı və rəqslərini bütün
dünyaya yamağa nail olur.
"Sonuncu sətir" filminin misilsiz uğurundan sonra Hollivud
aktrisaya cəmi dörd filmdə çəkilmək üçün milyonlar təklif edir.
Onun növbəti filmi "Bənövşə satıcısı" olur. Daha sonra o, "La
Violetera" adlı musiqi albomu hazırlayır.
1960-cı ildə rejissor Luis Sesar Amadori onu "Mənim sonuncu
tanqom" adlı filmə çəkir. Sara həmin filmdə məşhur fransız aktyoru
Moris Rone ilə tərəf-müqabili olur.
Bundan sonra aktrisa 1962-cil ildə "Şanteklera", "Gözəl Lola",
1971-ci ildə "Varyete" filmlərinə çəkilir. Onu artıq İspaniyada
"melodramın şahzadəsi" adlandırırlar. Filmlərdən və albomlardan
qazandığı uğur onu bütün kino və musiqi siyahılarında lider edir.
Musiqi albomları hər yerdə satışı rekordu qırır.
1972-ci ildə Sara Monteil Los-Anceles şəhərinin Fəxri Vətəndaşı
adına layiq görülür. Sonralar Çikaqo və Mayami kimi şəhərlərdə onun
adını daşıyan ev muzeyləri açılır.
1974-77-ci illərdə Sara Monteil karyerasını dayandırdığı barədə
mətbuata açıqlama verir. Kinodan ayrılmasının əsas səbəblərindən
biri isə o idi ki, aktrisa filmlərinin bir çoxunda açıq-açıq
səhnələrdə çəkilirdi. Lakin müəyyən yaş həddindən sonra o, belə
rollara çəkilməkdən imtina edib yalnız teatr, televiziya və musiqi
üzərində işləyəcəyini açıqlayır.
Dörd evlilik və övladlığa götürülmüş
uşaqlar...
Sara Monteil gözəl olduğu qədər də təlatümlü həyat yaşayıb. Onun
çoxsaylı sevgililəri olsa belə, aktrisa dörd dəfə ailəli olub.
1961-ci ildə rejissor Entoni Mandan ayrıldıqdan sonra aktrisa
müəssisə sahibi olan Xose Visente Remiresə ərə gedir. Onlar 1964-cü
ildə ailə qursalar da, 1970-ci ildə ayrılırlar.
1979-cu ildə Sara jurnalist Xose Touşla ailə qurur. Onu Xoseyə
bağlayan xaraktercə atasına bənzərliyi olur. Xose Saradan yaşca
xeyli böyük idi.
Bu nikahdan da aktrisanın övladı olmur. Lakin bu onların
xoşbəxtliyinə mane olmur. Bir müddət sonra onlar iki uşağı
övladlığa götürürlər. Tays adlı qız 1979-cu il təvəllüdlü Braziliya
doğumlu olur. Teyl isə oğlan uşağı idi. O, 1982-ci ildə ispan
ailəsində doğulmuşdu. Aktrisa müsahibələrinin birində qeyd edir ki,
hər iki körpənin doğum prosesində iştirak edib və onları özü
dünyaya gətirməsə də, özününkü hesab edir.
Sara və Xose çox yaxşı valideyn olur. Lakin 1992-ci ildə Xosenin
qəfil ölümü ailəni kədərə qərq edir. Onun ölümündən sonra Sara və
uşaqları uzun müddət özlərinə gələ bilmirlər.
2002-ci ilin əvvəllərində Sara dördüncü dəfə ailə qurur. Həmin
vaxt aktrisanın 73, ailə qurduğu operator Antonio Ernandesin isə 38
yaşı olur. Üç il davam edən bu evlilik də 2005-ci ildə ayrılıqla
nəticələnir.
Sara Monteilin həyatında başqa kişilər də olub. O, Nobel
mükafatı laureatı Severo Oçero, şair Leon Felip, dramaturq Miqel
Mixura ilə də sevgi münasibəti yaşayıb. Bəzi mənbələr onun hətta
Ernest Heminquey və Fidel Kastro ilə dərin münasibəti olduğunu
yazırlar.
Sara yazıçı Ernest Heminqueydən incəsənətin sirlərini öyrənməyə
nail olub. Siqaret çəkməyi isə aktrisa ilk dəfə Fidel Kastrodan
öyrəndiyini etiraf edib.
Sara Monteil 2013-cü il aprelin 9-da yaşadığı evdə ürək
tutmasından 86 yaşında dünyasını dəyişib. Onun ölümündən sonra evi
muzey kimi pərəstişkarlarının ixtiyarına verilib.