Yuxarı

Ərdoğanla Putinin Qarabağ razılaşması necə ola bilər?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidentinin İranda üçtərəfli görüşlərdən 10 gün sonra Soçiyə yola düşməsi Ankara və Moskva arasında İdlib ətrafındakı gərginlikdən birgə çıxmaq məqsədinə xidmət etsə də, belə təcililik və o cümlədən, Tehranın bir qədər kənarda saxlanması çox düşündürücüdür.

Avrasiya qitəsinin sabiq imperiyalarını sanksiyalarla dalana dirəyən Avroatlantik İttifaqı Suriyadakı xaosu dərinləşdirərək, bir neçə ilin sınaqlarından keçən “Üçlər İttifaqı”nda parçalanma yaratmağa ümid bəsləyir. Belə bir şəraitdə Ərdoğan və Putin arasındakı bugünkü danışıqlar gerçəkdən də tarixi xarakter daşıyır. Belə ki, son illərdə iki dövlət arasındakı münasibətlər nəinki lokal mənada bir şəhərdəki vəziyyətdən asılıdır, eləcə də müxtəlif regionlar arasında cərəyan edən oxşar hadisələr kontekstində ehtimal olunan gələcək sülh formulları və formatları da indi masa üzərinə qoyulub.

Ərdoğan cəmi bir il əvvəl Rusiya prezidenti ilə Qarabağ haqda müzakirələri apararkən ATƏT-in Minsk Qrupundakı formal üzvlüyünə deyil, daha çox Yaxın Şərq və Cənubi Qafqaz bölgəsinin vahid geopolitik müstəvi təşkil etməsindən çıxış edirdi. O biri tərəfdən, rəsmi Bakının Prezident İlham Əliyevin liderliyi altında son 100 ildə ilk dəfə ən əlverişli dövlətlərarası münasibətlər formalaşdırmasının üzərindən sükutla keçmək olmaz. Bir tərəfdən Tehran-Ankara-Moskvanın mənafeləri xüsusilə də 90-cı illərdən bu yana heç zaman indiki qədər müsbət planda çulğalaşmayıb, o biri tərəfdən qoca tarix sübut edir ki, ölkə rəhbərləri siyasi xəritələri dəyişdirmək və ya keçmişdə formalaşan status-kvonu korreksiyaya məruz qoymaq üçün hər zaman yalnız bir nöqtəyə fokuslanmırlar. Heç uzaq təcrübələrə, məsələn 2-ci Dünya savaşının ən şiddətli dövründə böyük dövlət başçılarının Potsdam, Tehran konfranslarında gələcək Avropanın arxitekturasını necə görmələrini xatırlatmağa ehtiyac yoxdur; cəmi 4 il əvvəl Türkiyə Krım ətrafında Kreml sahibi ilə uzlaşmaya getdi və buna hansı hesablaşmalar, sövdələşmələr naminə əl atdığını yalnız ehtimal etmək olar.

Hərçənd Ukrayna ilə müqayisədə Azərbaycan Avrasiya qitəsi, o cümlədən, türk dünyası və konkret Türkiyədən ötrü daha böyük siyasi-iqtisadi və təhlükəsizlik əhəmiyyətinə malikdir, belə olanda Ərdoğanın xarici siyasət üzrə müşavirlərinin Soçidə Qarabağ fürsətini əldən buraxması tarixi şansın qaçırılması olardı.

Bəli, bir əvvəl noyabrda Putinin Qarabağ məsələsində məsuliyyəti tərəflərin üzərinə qoyması və “ümidsiz olması”ndan çıxan nəticələrlə bir il sonrakı durumda ediləcək təşəbbüslərin eyni nəticə ilə sonuclanacığını düşünmək əbədi bədbinlərin işidir. Nədən? Axı Ermənistanda o vaxt hakimiyyətdə olanlar birbaşa Kremlin iradəsinə tabe idilər və belə olanda Azərbaycan tərəfinin ən həssas regional siyasi kontekstdən faydalanmaq istəkləri də arzu etdiyi yekunlara çatmağa qoymurdu. Ancaq indi vəziyyət kökündən dəyişib. Cənubi Qafqazda Gürcüstanın ardınca ikinci bir paytaxtda qərbləşmə tərəfdarları hakimiyyətə gəliblər. Bir əsr ərzində hökmranlıq edən siyasətin buzu sınmağa başlayıb. Düzdür, hələ də konspirasiya həvəskarları Paşinyanı az qala Dumadakı sistem müxalifətinin üzvləri kimi qələmə verirlər, lakin reallıq odur ki, hazırki İrəvan siyasi elitası Qərbin təsir agentlərindən və gerçək casuslarından ibarətdir. Fransa Prezidenti Makronun “inqilab liderini” az qala Avropa Birliyinin üzv dövlət nümayəndəsi kimi qəbul etməsi və demokratiyaya yardım vədlərinin hansı məqsəd güddüyünü anlamaq o qədər də çətin deyil.

Belə olan təqdirdə Yaxın Şərq və Qafqazlarda Türkiyənin Rusiya ilə razılaşmaları üçün geniş zəmin var. Hər halda Əsədi legitim dövlət başçısı kimi qəbul etməmək AKP hökumətinin öz işidir, amma İdlib ətrafında qurulan məxfi ssenarilərdə Azərbaycanın bölgəsəl maraqlarını da ələ almaq Türkiyənin mövqeyini gücləndirir və ən sonda, nəhayət, Moskvanın Qarabağ münaqişəsinə münasibətinin dəyişməsinə səbəb ola bilər.

Onsuz da rəsmi Ankaranın Paşinyan hökumətinə münasibəti tam aydın deyil, amma tabloya bütöv baxmaq türk diplomatlarının borcudur.

Digər məqam isə odur ki, ABŞ-ın hazırki prezidenti ölkədaxili gərginlik səbəbilə bizim yerləşdiyimiz məkana yönəlik fəal xarici siyasət layihələrini irəli sürə bilmir və belədə Azərbaycana gələn son nümayəndə heyətinin münaqişə ilə bağlı yeni təkliflərini də gözləməyinə dəyməz.

Prezident İlham Əliyevin liderliyi müxtəlif regional mərkəzlərin və beynəlxalq güclərin maraqlarını çox uğurla uzlaşdırmağa imkan verir və getdikcə hamı əmin olur ki, Bakını bu tarazlaşdırıcı mövqeyindən çıxartmaq təşəbbüsləri əbəsdir. Ona görə də Rusiya prezidenti çox uğurlu bir şəkildə öz ordusunun Qafqazlarda və onun timsalında bütün dünyada imicini dəyişməyə imkan verər, üstəlik, bütün türk dünyası ilə münasibətləri üçün taleyüklü addımlar atmağa qadir ola bilər.

Əgər kimsə soruşsa ki, Ərdoğan-Putin razılaşmasının Qarabağ komponentinin detallarını necə təsəvvür edirsiniz, onda Ali Baş Komandan İlham Əliyevin 20 minlik ordu birləşmələrinin keçirdikləri hərbi təlimləri işğal olunan torpaqlara yönəltdiyi zaman Kremlin hərbi neytrallığını qoruyub saxlamasını istəmək yetərlidir. Axı “Zeytun budağı” əməliyyatı zamanı Afrini tərk edən rus generalları razılaşmaların müharibə sənəti olduğunu sübuta yetiriblər. İndi də Suriyada Rusiyanın rolunu tanıyan Ankara Qarabağda eyni güzəştləri Moskvadan istəyə bilər. Bu isə öz növbəsində Əliyevlə Ərdoğanın türk aləmində liderliyinin böyük göstəricisi olmaqla yanaşı, Putinə də Qərblə savaşda olduğu indiki şəraitdə çoxlu tərəfdaş dövlətlər qazandırar.

Ən nəhayət, bütün yeni konfiqurasiyalarda regionda heç kəs, o cümlədən İran da ziyan çəkmir, əksinə, gərginlik mənbələrindən və Qərbi buraya gətirən müharibə ocaqlarından ən böyüyü olan Qarabağ konfliktindən xilas ola bilir.

Güclənmiş və torpaq bütünlüyü təmin olunmuş Azərbaycan heç bir qonşusu üçün təhülkə törətməz, əksinə, sülhü daha çox ixrac edə bilər.

Bütün hallarda, siyasət bəzən okean fırtınalarından yan keçməyi deyil, onları özü yaratmağı və mümkün olduğu qədər idarə etməyi buyurur. O üzdən, son aylar ərzində Bakıya gələn diplomatik heyətlərin trafiki bütün bölgə dövlətləri ilə müqayisədə 3 dəfə çoxdur.

Azərbaycan aktiv bir siyasi-hərbi düzənin içərisindədir.

Cəmiyyəti böyük dəyişikliklərə hazırlamaq gərəkdir!

Tarix
2018.09.17 / 15:31
Müəllif
Zahid Oruc
Digər xəbərlər

Robert Habek Bakıya gəldi

Ermənipərəst ABŞ konqresmeni Azərbaycandan qaçdı

Xorvatiya niyə "Bayraqdar" aldı? - Əsas hədəf

Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb

Azərbaycan ona görə xahiş etdi, Türkiyə icazə vermədi

Bakıda Frank Palloneyə qarşı aksiya keçirilir

Paşinyan Bakının əsas tələbini qəbul etdi

İlham Əliyev Klaudio Şermi ilə görüşdü

Bayden və Szinpinin son görüşü: Xəbərdarlıq etdilər

İlham Əliyev ABŞ nümayəndə heyəti ilə görüşdü

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla