Yuxarı

Poroşenko niyə uduzdu? – Mühüm məqamlar

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vladimir Zelenski Ukraynanın prezidenti seçildi. Bu gözlənilən idi. Bütün rəy sorğuları seçkinin birinci və ikinci turundan əvvəl Zelenskinin xeyrinə idi.

Axar.az xəbər verir ki, bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində əksini tapıb. Mərkəz Poroşenkonun məğlub olması və Zelenskinin qələbə çalması səbəblərini bu cür izah edib:

Poroşenko niyə məğlub oldu?

Poroşenko prezident seçiləndə Ukraynanı dağılmış vəziyyətdə qəbul etmişdi. Krım artıq ilhaq olunmuş, Donbasın yarısından çoxu işğal olunmuşdu. Ordu və təhlükəsizlik sistemi dağılmışdı. Çünki keçmiş prezident Viktor Yanukoviçin dövründə Ukrayna ordusunun və təhlükəsizlik sisteminin idarəetməsi Rusiya kəşfiyyatının nəzarətində idi. Yanukoviç ölkəni tərk edən kimi həm ordu, həm də təhlükəsizlik sistemi dağıldı. Odur ki, Poroşenkonun prezident vəzifəsində ilk işi ordunu və təhlükəsizlik sistemini qurmaq oldu. Poroşenko buna ağır əziyyətlə nail oldu.

Buna baxmayaraq, Petro (Pyotr) Poroşenko iqtisadiyyatdakı və sosial sahədəki ağır problemləri həll edə bilmədi, milli pul vahidi dəyərdən düşdü. Ukraynanın borcları artdı, dağılmış sənayeni bərpa etmək mümkün olmadı. Poroşenkonun dövründə Ukraynanı tərk edənlərin də sayı artdı. Bundan başqa, yeni qurulan Ukrayna ordusu Donbasda ağır məğlubiyyətlərlə üzləşdi, ordu Debaltsevo məntəqəsində ciddi itkilər verdi. Poroşenko insanların çox arzuladığı oliqarxik sistemə son qoya bilmədi. Bəlkə də bu onun imkanı xaricində idi. Çünki birincisi, özü də oliqarxdır və əlindəki maliyyə imkanlarından imtina edə bilməzdi. İkincisi, Ukraynada oliqarxik sistem müstəqillik illərindən qurulub və bunu neytrallaşdırmaq ən güclü prezidentin belə imkanı xaricindədir. Oliqarxlar öz adamları vasitəsilə ölkədə mümkün olan hər şeyə nəzarət edirlər. Bütün bunlar Poroşenkonun reytinqinə mənfi təsir etdi.

Vladimir Zelenski niyə qələbə çaldı?

Zelenski artist və yumoristik proqramın aparıcısı kimi məşhurluq qazanıb. Zelenskinin yeganə üstünlüyü onda idi ki, nə qədər əcaib səslənsə də, siyasətçi deyil. Ukraynalıların böyük əksəriyyəti mövcud idarəetmədən və siyasətçilərdən beziblər, çünki verilən vədlər yerinə yetirilməyib. Ona görə də vətəndaşlar yeni simaya üstünlük verməyə qərar verdilər. Birinci turdan sonra Poroşenko rəqibindən geri qalırdı, ancaq kiçik ehtimal var idi ki, prezident debatda fərqi aradan qaldıracaq. Alınmadı. Əksinə, artist debatda Poroşenkonu zəif nöqtələrdən vurdu.

Bundan sonra nə baş verəcək? Zelenskinin daxili və xarici siyasəti necə olacaq?

Birincisi, Vladimir Zelenski oliqarxik sistemi dəyişə bilməyəcək. Bu, onun əlində deyil. Əksinə, Zelenskiyə kənardan dəstək verən oliqarx İqor Kolomoyski sürgündən qayıdıb yenidən “iş başına” keçəcək. O biri oliqarxlar da fəallaşacaqlar.

İkincisi, Vladimir Zelenskinin dağılmış iqtisadiyyatı düzəltmək üçün milyardlarla dollar investisiyaya ehtiyacı var. Çətin ki, Qərb dövlətləri və beynəlxalq maliyyə instituları həmin milyardları yeni prezidentə versinlər. Poroşenko qərbpərəst siyasətinə rəğmən, istədiyi investisiyaları ala bilmədi. Zelenski isə Qərb üçün qara qutudur. Digər tərəfdən, Zelenskinin iqtisadi proqramı haqqında da məlumat yoxdur.

Üçüncüsü, Vladimir Zelenskinin Krım və Donbas siyasəti bəlli deyil. Əlbəttə, Zelenski Krımın ilhaqını və Donbasın işğalını qəbul etmir. Ancaq Zelenski Poroşenkonun Rusiya ilə bağlı sərt siyasətini davam etdirməyə də bilər. Məsələn, Rusiya Prezidenti Vladimir Putin Vladimir Zelenski ilə görüşmək istəyə bilər. Əgər Zelenski Putinin təklifinə müsbət yanaşsa, iki hadisə baş verəcək: Ukrayna millətçiləri küçələrə axışacaq və ölkədə növbəti qarşıdurma yaranacaq. Bundan başqa Zelenskinin Rusiya ilə dialoqa başlaması Ukraynanın xarici siyasətində ciddi korrektəyə səbəb olacaq ki, Kremlə də elə bu lazımdır. Rusiyaya qarşı bütün sanksiyalar Ukrayna torpaqlarının parçalanmasına görə həyata keçirilir. Əgər Ukraynanın yeni prezidenti bunu həzm etməyə hazırlaşacaqsa, Qərbin Rusiyaya sanksiyalarının aktuallığı azalacaq. Bu, bir sıra Avropa dövlətinin də arzusudur. O da aydındır ki, Vladimir Zelenski torpaqları güc yolu ilə geri qaytarmağa hazır deyil. Zelenski müharibə istəmir. Prezidentin bu zəifliyi orduda və təhlükəsizlik orqanlarında ona qarşı gizli etirazı artıracaq.

Dördüncüsü, Vladimir Zelenski Avropa İttifaqına üzvlüyü qarşısına hədəf qoysa da, NATO ilə bağlı fərqli siyasət yürüdə bilər. Poroşenkonun NATO-ya üzvlük hədəfi birmənalı idi. Zelenski NATO-ya üzvlük hədəfindən yayına bilər ki, bu da Kremlin xeyrinə olacaq.

Beşincisi, Vladimir Zelenskinin ən zəif tərəflərindən biri də onun parlamentdə fraksiyasının olmamasıdır. Ali Radanın böyük səlahiyyətləri var. Ukranyada oktyabr ayında parlament seçkisi keçiriləcək. Zelenski oktyabra qədər hazırki yüksək reytinqini qoruya bilsə, rəhbəri olduğu “Xalqın xidmətçisi” hərəkatının parlamentdə yüksək təmsilçiyini təmin edəcək. Ancaq ona qədər Ukraynada proseslər tərs də gedə bilər. Ukrayna xalqının hər dəfə seçdiyi prezidentlərdən gözləntiləri böyük olduğu kimi onlardan üz döndərmələri də uzun çəkmir. Ukraynanın yaxın tarixində bunun örnəkləri az deyil. Zelenskinin siyasətçi olmayan üstünlüyü onun əleyhinə çevrilə bilər. Zelenskinin siyasətdə təcrübəsinin olmaması və komandasındakı fiqurların yanlış qərarları ona baha başa gələ bilər. Onu da unutmayaq ki, Ukraynadakı parlament seçkisinə Rusiya da ciddi hazırlaşır, Ukraynadakı tərəfdarlarının və siyasi qruplarının təmsilçilik hüququnu artırmağı qarşısına məqsəd qoyub.

Biz Zelenskinin Cənubi Qafqaz və Azərbaycan siyasəti haqqında da düşünmək məcburiyyətindəyik. Ukrayna GUAM-ın üzvü kimi Azərbaycanın strateji tərəfdaşıdır. Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynada investisiyaları var. İki ölkə arasında yük daşımaçılığı artır. Ukraynanın keçmiş prezidentlərinin Azərbaycana müsbət münasibətləri olub və Azərbaycanın dəyərini anlayırdılar. Poroşenko Azərbaycana rəsmi səfər etmişdi. İlham Əliyev onunla yaxın münasibətlər qurmuşdu. Yeni prezidentin də bu əlaqələri davam etdirilməsi vacibdir. Bunu Zelenskiyə onun müşavirləri və təyin edəcəyi yeni xarici işlər naziri də anladacaq. Onlar Zelenskinin Azərbaycana ilk rəsmi səfərini də hazırlayacaqlar. Əsas odur ki, Zelenskinin artist dostları arasında ermənilərin çoxluq təşkil etməsinə baxmayaraq, yeni prezident ölkəsinin Cənubi Qafqazdakı maraqlarının Azərbaycanla strateji əməkdaşlıqdan keçdiyini qəbul etsin.

Tarix
2019.04.22 / 11:04
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla