Ana səhifə Siyasət |
Mərhum Prezident Heydər Əliyev ən böyük təzyiqlərlə və mənəvi terrorla Qorbaçovun və Vəzirovun dövründə üzləşib. O zaman onun əleyhinə mətbuatda çoxlu yazılar çap etdirirdilər. Həmin vaxt onun müdafiəsinə qalxanları əsl əliyevçi saymaq olar. Əgər belələri olubsa.
Axar.az xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev “Xalq Cəbhəsi” qəzetini geniş müsahibəsində “Bəzi iqtidar təmsilçiləri özlərini əsl əliyevçi hesab edir və başqalarının Prezidenti dəstəkləməsini qısqanırlar. Sanki kimsə onların yerini tutacaq. Buna münasibətiniz necədir” sualını cavablandırarkən deyib.
Q.Həsənquliyev bildirib ki, Mütəllibovun dönəmində kommunist rejimi xeyli zəifləmişdi, amma buna baxmayaraq, cəbhəçilərdən kənar Heydər Əliyevi açıq müdafiə edənləri barmaqla saymaq olardı:
“Mənim BAXCP-dəki müavinim Bünyamin Qəmbərli Elçibəyin tövsiyəsi ilə Nehrəmdə Heydər Əliyevin xeyrinə namizədliyini geri götürdü. Cəbhəçilərin təkidli xahişi və dəstəyi ilə Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri seçildi. Heydər Əliyev məhz cəbhəçilərlə birlikdə Azərbaycan SSR Ali Sovetində 1991-ci ilin martında SSRİ-nin saxlanmasının əleyhinə səs verdi. O adamlar niyə həmin vaxt Heydər Əliyevin yanında deyildilər və ya niyə onun kimi səs vermədilər? Heydər Əliyev Kommunist Partiyasının sıralarından istefa verəndə həmin adamlar niyə ona qoşulub partiyadan, komsomoldan istefa vermədilər? Ona görə də abır-həya edib sussalar, daha yaxşı olar. Sadəcə, AXC hakimiyyətə gələndən sonra Qarabağ uğrunda müharibəni dayandırmadı və beynəlxalq dəstəyini itirdi. Daxili siyasətdə ciddi səhvlərə yol verdiyi üçün xalqın böyük qismi AXC-dən üz döndərdi, AXC-nin Heydər Əliyevlə münasibətləri korlandı. Bundan və AXC-nin yaratdığı demokratik mühitdən faydalanaraq, onlar qorxmadan, yaxşı konyukturşiklər kimi perspektivli, təcrübəli siyasətçi və böyük dövlət adamı olan Heydər Əliyevin pencəyinin ətəyindən tutub hakimiyyətə gəldilər. Əlbəttə, bu sözlər 80-ci illərin sonu, 90-cı illərin əvvəlində siyasətdə olub bu gün yerli-yersiz “mən əliyevçiyəm” deyib, başqalarını aşağılamaq istəyənlərə aiddir və o dövrdə siyasətlə məşğul olmamış gənc nəslə aid oluna bilməz. İqtidarda olan bu tipli adamların maraqlarına toxunulsa və qorxmasalar görün nələr edərlər. Bu gün bir-birinin ətini yeməyə hazır olan adamların vəzifələrini itirəcəkləri qorxusu səbəbindən necə birləşdiklərini, Prezidentə xəyanət edib ali hakimiyyət üçün hansı təxribatlara getdiklərini görürük. Bu səbəbdən keçmişin qalıqları sayıla biləcək belə adamlara çox da fikir vermək lazım deyil. Mən az-çox siyasi savadı olan adamları çağırıram ki, islahatları dərinləşdirə bilməsi üçün kimin nə deməsindən asılı olmayaraq, Prezidenti dəstəkləsinlər, razılaşdırılmamış aksiyalara yox desinlər, ölkədə sabitliyin pozulmasına imkan verməsinlər”.
Tarix
2019.10.31 / 13:29
|
Müəllif
Büllurə Yunus
|