Yuxarı

Nazirdən Dilqəm və Şahbazla bağlı - Açıqlama

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

19:04

Xəbər verdiyimiz kimi, dekabrın 5-6-da Slovakiyanın paytaxtı Bratislava şəhərində ATƏT Nazirlər Şurasının 26-cı iclası keçirilir.

Axar.az xəbər verir ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov iclasda çıxış edib.

İclasın yüksək səviyyədə təşkilinə görə hazırda sədrliyi həyata keçirən Slovakiyanın Xarici İşlər naziri Miroslav Layçakı təbrik edən E.Məmmədyarov, həmçinin ATƏT-in sədrliyi vəzifələrini üzərinə götürən alban həmkarına da uğurlar arzulayıb.

Nazir, eyni zamanda, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını ATƏT Nazirlər Toplantısına qonaq qismində dəvət etdiklərinə görə Slovakiya sədrliyinə minnətdarlıq edib, əminliklə bildirib ki, hərtərəfli regional əməkdaşlıq mexanizmi kimi Türk Şurasının ATƏT-in işində fəal iştirakı hər iki təşkilatın ortaq məqsədlərinə nail olmağa öz töhfəsini verəcək.

ATƏT-in fəaliyyəti ilə bağlı mühüm məsələlərə toxunan nazir qeyd edib ki, iştakçı ölkələr kollektiv şəkildə etiraf etdilər ki, beynəlxalq hüquq normalarına və ATƏT –in norma və prinsiplərinə əməl olunmaması Ümum-Avropa təhlükəsizlik arxitekturasında davam edən böhranın birbaşa səbəblərinin arxasında dayanır. O deyib: “Bu xüsusda, mən fəaliyyətdə olan sədr Layçakın ATƏT-in prinsipləri və öhdəliklərinin yenidən müzakirələrə açıq olmadığı və ATƏT məkanı boyunca insanlar üçün sabitliyi möhkəmləndirmək və münaqişələrin qarşısını almaq istiqamətində işimizin əsasını təşkil etməkdə qalmalı olduğu barəsində müraciətinə qoşuluram. Helsinki Yekun aktından başlayaraq ATƏT-in əsas sənədlərində təsbit olunmuş prinsiplərə şərtsiz hörmət heç bir istisna, ikili standart, coğrafi və ya digər imtiyazlar olmadan bərpa edilməlidir. Bu ikili standartlar mövcud olana qədər, ATƏT münaqişələrin qarşısının alınması və həlli üçün təsirli bir mexanizm olmaqdan uzaq qalacaq. Gələcək ATƏT sədrliyini ATƏT məkanında bütün silahlı münaqişələrə dair ATƏT prinsipləri və öhdəliklərini bərabər şəkildə tətbiq etmək üçün iştirakçı dövlətlərlə işləməyə çağırıram. Azərbaycan vasitəçilərdən münaqişənin həlli üçün əsas kimi bu məqsədə dəstək vermələrini və öz mandatlarına uyğun olaraq ciddi şəkildə fəaliyyət göstərmələrini gözləyir.“

Münaqişələrlə bağlı qeyd edilib ki, Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna ərazilərində həll olunmamış münaqişələr sülhə və təhlükəsizliyə ciddi təhlükə yaradır. Bütün bu münaqişələr, istisnasız olaraq müvafiq dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə tam hörmət əsasında, onların beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, Helsinki Yekun Aktında təsbit edilmiş beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməlidir. Təəssüf ki, Milanda keçirilən son Nazirlər toplantısından bəri, Şuraya Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində hər hansı bir konkret irəliləyiş barədə məlumat verə bilmirəm. Cəbhə xəttindəki nisbətən sakit vəziyyət, Minsk qrupu həmsədrlərinin özləri tərəfindən qeyri-sabit və qəbuledilməz adlandırılan işğala əsaslanan mövcud status-kvo vəziyyətinin hüdudlarından kənara çıxmağa imkan verə biləcək, münaqişənin həllində irəliləyiş yaratmadı.

Nazir qeyd edib ki, Azərbaycan ərazilərinin işğalı nəticəsində yüz minlərlə məcburi köçkün etnik təmizləmə siyasəti səbəbindən evlərindən didərgin düşüb. Bu xüsusda, Ermənistan tərəfindən girov götürülən və işgəncələrə və digər alçaldıcı rəftara məruz qalan Dilqəm Əsgərov və Şahbaz Quliyevin işini xüsusi qeyd etmək istərdim. Ermənistan, hətta “hamının hamıya” prinsipi əsasında da onları azad etməkdən inadla imtina edir. E.Məmmədyarov deyib: “Son bir ildə Ermənistan rəhbərliyinin təxribatçı bəyanat və hərəkətlərə əl ataraq sülh prosesini pozmaq üçün ardıcıl cəhdlərinin şahidi olduq. Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” kimi bəyanatı sülh yolu ilə həlletmə anlayışına ziddir və qəti şəkildə pislənilməlidir.

Ermənistanın birgə razılaşdırılmış ATƏT sənədləri ilə, xüsusən də ATƏM Şurasının 1992-ci il 24 mart tarixli Birinci Əlavə Yığıncağının Qərarı ilə əsası qoyulmuş danışıqların formatını dəyişdirmək cəhdi sülh prosesi üçün açıq təhdid olaraq qalır. Bu sənədlər birmənalı şəkildə göstərir ki, Ermənistan və Azərbaycan münaqişənin iki tərəfidir, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki azərbaycanlı və erməni icmaları isə iki maraqlı tərəfdir. Erməni icmasını "Dağlıq Qarabağ xalqı" kimi təqdim etmək cəhdləri bölgənin yerli azərbaycanlı icmasının mövcudluğunu inkar edir və onların bölgənin gələcəyi üzrə qərar qəbulu prosesinin tərkib hissəsi olmaq hüququnu şübhə altına alır. Belə bir mövqe etnik təmizləmənin nəticələrini qanuniləşdirmək məqsədi güdür və beynəlxalq insan hüquqları fəlsəfəsinə, – yəni bütün insan hüquqları universal, bölünməz, qarşılıqlıdır və heç kim başqalarının hüquq və azadlıqları hesabına fərdi və ya kollektiv hüquq tələb edə bilməz yanaşmasına, - açıq şəkildə ziddir”.

Qeyd edilib ki, Ermənistan işğal olunmuş torpaqlarda bu ərazilərin fiziki, mədəni və demoqrafik xarakterinin dəyişdirilməsinə yönəlmiş qeyri-qanuni iqtisadi və digər fəaliyyətlə məşğul olmağa davam edir. Qlobal Militarizasiya İndeksinə görə, Ermənistan ATƏT məkanında ən hərbiləşdirilmiş dövlətdir və dünya miqyasında üçüncü yeri tutur. Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlamaq üçün öz ÜDM-dən hərbi məqsədlər üçün ATƏT-in iştirakçı ölkələrinin hər hansı birindən daha çox pul xərcləyir. Onun Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz hərbi fəaliyyəti və hərbi quruculuğu münaqişənin həllinə maneədir və bölgədəki qeyri-sabitlik mənbəyi olaraq qalır.

“Son Nazirlər Şurasından bəri, biz yalnız iki həftə bundan öncə Ermənistan və Azərbaycandan olan jurnalistlərin qarşılıqlı səfərləri kimi, humanitar sahədə müəyyən tədbirləri razılaşdıra və həyata keçirə bildik. Bununla belə, siyasi proses durğunluq vəziyyətində qalarsa, bu cür addımlar heç bir nəticə verə bilməz. Onlar əsaslı danışıqlar prosesini əvəz edə bilməzlər.

Münaqişənin həllinə dair Azərbaycanın mövqeyi tutarlıdır və o, Nazirlər Şurasında iştirak edən dövlətlər arasında paylanan Memorandumda əksini tapmışdır (SEC.DEL / 575/19). Xatırladım ki, münaqişənin həlli prosesi mərhələli yanaşmaya əsaslanır. Bu yanaşmanın alternativi yoxdur, çünki bu, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in qərarlarına, xüsusən münaqişənin siyasi həlli üçün yeganə hüquqi çərçivəni təşkil edən 1994-cü ildə Budapeşt Sammitinin qərarına əsaslanır.

İlk addım münaqişənin əsas nəticələrinin aradan qaldırılmasıdır, bununla da ilk növbədə, Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ regionundan və Azərbaycanın işğal edilmiş digər ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması təmin olunmalıdır. Ardınca məcburi köçkünlərin təhlükəsiz və ləyaqətlə öz evlərinə, mülklərinə, o cümlədən Dağlıq Qarabağ regionuna qayıtması, həmin ərazilərin qarşılıqlı istifadəsi, bərpası və iqtisadi inkişafı üçün regionda bütün kommunikasiyaların açılması təmin olunmalıdır.

Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması, Azərbaycanın Konstitusiyasına və qanunvericiliyinə uyğun olaraq, Azərbaycanın daxilində Dağlıq Qarabağ bölgəsinin əhalisi üçün özünüidarəetmə statusu hazırlamaq və müəyyənləşdirmək üçün yaxşı bir fürsət təmin edəcək. Belə bir status bölgədəki erməni və azərbaycanlı icmalarının dinc yanaşı yaşamasını təmin etməli və hər kəsə bərabərhüquqlu və ayrı-seçkilik edilmədən insan hüquqlarının və əsas azadlıqların tam şəkildə həyata keçirilməsini təmin etməlidir.

Statusun müəyyən edilməsi hüquqi proses çərçivəsində dinc şəraitdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi əhalisinin, yəni erməni və azərbaycanlı icmalarının birbaşa, tam və bərabər iştirakı ilə və yalnız Azərbaycan Respublikası Konstitusiyası çərçivəsində Azərbaycan hökuməti ilə qarşılıqlı əlaqədə həyata keçirilməlidir.

Ermənistanın status məsələsini ön plana çıxarmaq üçün səy göstərməsi BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə qəbul edilmiş ATƏT-in qərarlarına ziddir və əslində sülh prosesinə və Minsk qrupu həmsədrlərinin mandatına zərbədir.

Münaqişənin həlli yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür. Azərbaycan ərazilərinin hərbi işğalı həll yolu deyil və heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək.

Azərbaycan bu məntiqi yanaşmaya əsaslanaraq münaqişənin həlli prosesinə sadiqdir”, - deyə nazir vurğulayıb.

Tarix
2019.12.05 / 19:46
Müəllif
Axar.az
Digər xəbərlər

Berbokun Bakıya qarşı ittihamları... – Prezidentin köməkçisi

Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış

COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...

COP29-un bağlanış iclası keçirildi - Video

Bu gün Bakıda mühüm addım atıldı - Nazir

COP29-da tarixi qərar qəbul olundu

Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi

Azərbaycana rəsmi təşəkkür qətnaməsi qəbul olundu

İndi dünyanın gözü bizə fokuslanıb - Babayev

QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla