Ana səhifə Siyasət |
"Teleqraf" Holdinqin rəhbəri, tanınmış jurnalist Aynur Camalqızı 35 saylı Xətai 3-cü seçki dairəsindən deputatlığa namizəd Rauf Arifoğlunu dəstəkləyib və onun seçicilərinə müraciət edib.
Axar.az xəbər verir ki, A.Camalqızı öncə "Teleqraf" Holdinq olaraq, bu parlament seçkilərində iştirak edən bütün həmkarlarına dəstək verdiyini və bu dəstəyin təmənnasız olduğunu deyib:
“O cümlədən də Rauf Arifoğlu bizim təmsil olunduğumuz media qruplarında seçki başlandığı gündən öz fikirlərini ifadə edir. Biz onun seçicilərlə görüşlərindən reportajlarını yayırıq. Onun platformasını, fikirlərini paylaşırıq. Bu da oxucular tərəfindən çox böyük maraqla qarşılanır. Biz nəyə görə Rauf Arifoğlunun bu dəfəki parlamentdə təmsil olunmasını istəyirik? Təbii ki, ilk növbədə ona görə ki, Rauf Arifoğlu bizim həmkarımızdır, uzun illərdir ki, Azərbaycan mediasında çalışır, onun problemlərini bilir. Bizim illərdən bəri yığılıb qalmış problemlərimiz, həllini gözləyən məsələlər var. Sözün əsl mənasında Azərbaycan mediasının islahatlara, özü də kardinal islahatlara, dəyişikliklərə çox böyük ehtiyacı var. Düşünürəm ki, bu problemlərin, məsələlərin Milli Məclisdə qaldırılmasına çox böyük ehtiyac var.
Düşünürəm ki, bizim həmkarlarımız, başda da Rauf Arifoğlu olmaqla, Milli Məclisdə təmsil olunarsa, biz o məsələləri, problemləri lazımi ünvanlara çatdıra biləcəyik və ortada da bunun müsbət nəticələri olacaq. Biz Rauf Arifoğlunun siyasi xadim kimi Milli Məclisdə təmsil olunmasını istəyirik. Çünki onun böyük siyasi keçmişi var. Bir siyasi partiyada uzun illər fəaliyyət göstərib. Müsavat Partiyasının rəhbərliyində uzun illər təmsil olunub. Azərbaycan siyasətini gözəl bilir. Parlament də bir siyasi meydan olduğuna görə orada məhz siyasətçilər təmsi olunmalıdır. O baxımdan da Rauf Arifoğlunun Milli Məclisdə təmsilçiliyi Azərbaycan dövlətinə və Azərbaycan xalqına çox böyük töhfələr verə biləcək. Son illərin təcrübəsi göstərdi ki, Milli Məclisdə məhz siyasi xadimlər təmsil olunmalıdır. Mən düşünürəm ki, bu seçkilərdə fəal iştirak edən siyasi xadimlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, hüquqşünaslarımız var ki, onların bu seçkidə qalib olması, təmsilçilik qazanması bütövlükdə Azərbaycan dövlətinin, xalqının çox xeyrinə olacaq”.
A.Camalqızı bildirib ki, sosial şəbəkədə namizədlərin seçki şüarları, seçki platformaları ilə bağlı çıxışları izləyir və orda tez-tez “mən sizin içinizdən çıxmışam, mən sizlərdən biriyəm” cümlələrinə rast gəlir:
“Amma düşünürəm ki, bu parlament seçkisi üçün çox yanlış bir şüardır. Çünki hər bir millət vəkili təkcə özünü təmsil etmir. Qanunvericiliyə görə o, 40-50 min seçicini təmsil edir. Ona görə də düşünürəm ki, millət vəkili olacaq şəxs adi, sıravi vətəndaşdan, orta statistik vətəndaşdan çox fərqli olmalı, onların fövqündə dayanmalıdır. Çünki adi, sıradan insan yalnız özünü müdafiə edə bilər. Amma millət vəkili minlərlə insanın təmsilçisi olduğuna görə ona səs verən insanların fövqündə olmalıdır. Bu sadaladığım xüsusiyyətlərin hər biri bizim dostumuz, həmkarımız Rauf Arifoğlunda var. Mən ona uğurlar arzulayıram.
Hesab edirəm ki, Rauf bəy kifayət qədər uğurlu və maraqlı bir seçki kampaniyası həyata keçirir. Fikir verirsizsə, 35 saylı Xətai 3-cü seçki dairəsində aparılan kampaniya bir rezonans, ajiotaj doğurub. Bunu onlayn media və sosial şəbəkə vasitəsilə izləyirik. Düşünürəm ki, bu seçklərin nəticələri hər bir insanın marağındadır. Biz 9 fevralda inşallah Rauf Arifoğlunu qələbə münasibətilə təbrik edə biləcəyik. O da Azərbaycan parlamentində həm öz seçicilərinin, həm Azərbaycan mediasının, sözün böyük mənasında isə Azərbaycan dövlətinin ən layiqli millət vəkillərindən biri olacaq. Ona bir daha uğurlar arzulayıram”.
Tarix
2020.02.03 / 16:20
|
Müəllif
Axar.az
|