Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
11 İyul 2020


Erməni qabağından qaçanlar indi savaş istəyir - Deputat

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:

- Qüdrət bəy, internet üzərindən bir qrup şəxs Prezidenti və ordumuzun generallarını tənqid edirlər ki, niyə Paşinyanın Şuşaya səfərinin qarşısı alınmadı? Paşinyanın səfərinin qarşısını almaq olardımı?

- Əlbəttə olardı, amma bu, yeni müharibənin başlanması olacaqdı. Mən əvvəllər də söyləmişdim ki, yeni müharibəyə başlayana qədər diplomatik, iqtisadi və ordu quruculuğu sahəsində ciddi işlər görməliyik.

- Müharibə istəyənlər Siz dediklərinizi görmürlərmi?

- Sözsüz ki, görürlər. Vəziyyətin mürəkkəbliyini başa düşməyən müəyyən qisim vətənpərvər insan, azsaylı gənclər istisna olmaqla, digərləri müharibə çağırışları ilə iqtidarı nəticəsi ölkəmiz üçün çox acınacaqlı ola biləcək müharibəyə sürükləmək istəyirlər. Ermənin qabağından qaçıb Qarabağı müdafiəsiz qoyan, “Surətin uşaqları”ndan qorxub hakimiyəti təhvil verənlər indi Ermənistana savaş açmağımızı istəyirlər. Həm də çox gözəl başa düşürlər ki, Qarabağ savaşındakı ağır məğlubiyyətdən və alçaldıcı atəşkəs sazişindən sonra regionda çox şey dəyişməyib. O zaman necə tək idiksə, indi də təkik. Vəziyyətimiz torpaqları bizim kimi işğal olunmuş keçmiş sovet respublikaları olan Ukraynadan, Moldovadan və qonşu Gürcüstandan daha ağırdır. Çünki Qərb həmin dövlətlərin üzləşdiyi ölkələrin ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləsə də, Azərbaycana münasibətdə bu mövqedən çıxış etmir.

Bu gün ölkəmizdə hakimiyyət ehtirası ilə alışıb yanan, iqtidardakılardan qisas almaq üçün hər cür xəyanətə hazır olan, xaricdən idarə olunan xeyli insan var. Onların çoxu fikirləşir ki, müharibə başlasa, Ermənistan müttəfiqlərinin köməyi ilə Kür çayına qədər torpaqlarımızı işğal edər və onlar da bundan istifadə edib hakimiyyəti dəyişərlər. Çünki birinci savaşdan xalqımızın gücünə, müsəlman dövlətlərin qeyrətinə bələddirlər, onu da bilirlər ki, başlayan kimi müsəlman dövlətlərdən fərqli olaraq, inkişaf etmiş xristian Qərb ölkələri Azərbaycana sanksiyalar tətbiq edib, Ermənistana kömək edəcəklər. Həm də təkcə onlar yox, bəzi riyakar müsəlman dövlətləri də. Bunu bildiklərindən, ictimai təzyiqlərə baxmayaraq, özləri Azərbaycan Avropa Şurasına üzv olarkən müxalifət partiyaları kimi münaqişənin sülh yolu ilə həllinə dair üzərilərinə götürdükləri öhdəlikdən hakimiyyət iddialarına Qərbin gələcəkdə ola biləcək dəstəyi naminə imtina etmirlər. İndi belələrinin iqtidarı müharibənin yenidən başlanmasına yol açacaq addımlar atmağa çağırması sadəcə ikrah doğurur. Bu gün biz müharibə barədə yox, sadəcə “birinci savaşdan sonra niyə vəziyyəti dəyişə bilməmişik və bundan sonra nə etməliyik ki, torpaqlarımız daha 30 il işğal altında qalmasın” mövzusunda siyasi müzakirələr açmalıyıq. İqtidarın siyasi partiyalarla başlatdığı dialoq çərçivəsində ilk müzakirəyə çıxaracağımız mövzu bu olmalıdır.

- Qüdrət bəy, Qarabağda savaş başlayarsa, doğrudanmı ermənilər Kürə qədər torpaqlarımızı işğal edə bilər?

- Bir vaxtlar kimsə inanmazdı ki, İrəvan xanlığının paytaxtı İrəvan şəhəri nə vaxtsa Ermənistanın paytaxtına, yaxud Zəngəzur, Göyçə mahalı Ermənistanın ərazisinə çevrilə bilər. Elə 90-cı illərin əvvəllərində də kimsə inanmırdı ki, Qarabağla yanaşı, ətrafındakı 7 rayonumuz da işğal oluna bilər. Ona görə də regionun böyük dövlətləri ilə razılaşmadan, ciddi müttəfiqlər tapmadan, güclü peşəkar ordu və rəqabətə davamlı bazar iqtisadiyyatı qurmadan müharibəyə başlamaq olmaz. Bu dəfə də döyüşü uduzsaq, bizi kapitulyasiyaya məcbur edəcəklər. O zaman yəqin ki, Ermənistanın paytaxtı Şuşa olacaq.

- Bəzi radikallar qeyd etdiyiniz islahatların heç birini indiki iqtidarın həyata keçirməyəcəyini söyləyir, ona görə də Qarabağı azad etmək üçün ilk növbədə Bakıda hakimiyyətin dəyişdirilməsini zəruri sayırlar. Onlar deyirlər ki, torpaqlarımızın 20%-ni ermənilər, 80%-ni isə Əliyevlər işğal edib. Əgər radikalların dediyi kimi iqtidar güclü iqtisadiyyat və peşəkar ordu qurmasa, biz də məğlubiyyətdən qorxub müharibə etməsək, Qarabağ işğal altındamı qalmalıdır? Yoxsa biz radikalların dediyi kimi hakimiyyətimi dəyişməliyik?

- Öncə onu söyləyim ki, Əliyevlər Azərbaycanın 80%-ni işğal etməyiblər, Azərbaycan dövlətçiliyini qoruyub saxlayıblar. 20% torpaqlarımızı da işğaldan azad etmək imkanları var. Əgər biz region dövlətlərinin razılığını ala bilsək, indiki iqtisadi və hərbi gücümüzlə də torpaqlarımızı azad edə bilərik. Yox, diplomatik sahədə buna nail ola bilməsək, güclü iqtisadiyyat və güclü peşəkar ordu qurmadan müharibəyə başlamaq olmaz. İqtidar bu istiqamətdə dərin islahatlara getməyəcəksə, həm xalqımızla, həm iqtidarla işləməklə bunu qaçılmaz etməliyik. Hazırda hakimiyyət dəyişikliyi həm real deyil, həm də ölkəmizi fəlakətə uğradar. Ona görə də nə qədər vaxt alsa və çətin olsa da, Qarabağdakı rejimi heç bir dövlətin tanımaması ilə özümüzə təskinlik verib, gəncliklə yorulmadan işləməli və səbirlə gözləməliyik ki, məğlubiyyətin sındırmadığı, vəzifə və var-dövlət naminə “lal, kar, kor” olmayan, işğalla barışmayan gənc nəsil cəmiyyətimizin aparıcı qüvvəsinə çevrilsin. Buna isə çox az qalıb. 90-cı illərdə doğulanların indi 30 yaşı var. İlham Əliyev artıq yüksək dövlət vəzifələrinə gəncləri təyin edir. Çünki tarix sübut edir ki, uzun illər əsarət altında yaşamış insanlar müharibələrdə yenidən başqa xalqlara, xüsusilə də özündən çox kiçiklərə məğlub olduqları halda qisas və milli qürurları barədə az düşünür, yeni şəraitə uyğunlaşıb ən ağır mənəvi yük altında altında yaşamağı üstün tuturlar. Məğlubiyyətdən yaranmış daxili aqressiyanı digər soydaşlarına münasibətdə sərgiləyir, özlərinə və bir-birinə güvənmədiklərindən, düşünürlər ki, onları bu mənəvi əzabdan kimsə başqa birisi xilas etməlidir. Topxanada bir neçə ağacın kəsilməsinə görə yüz minlərlə soydaşımız küçələrə axışıb hayqırdığı halda, savaşda məğlub olandan sonra 50 milyonluq xalqımız şərəf məsələsi olan Qarabağımızın 30 ildən artıq işğal altında qalmasına başını aşağı salıb susur. Qarabağla bağlı razılaşdırılmış mitinqə iki min adam gəlir. Artıq Qarabağla maraqlanan, ümidlərini itirmiş soydaşlarımız hansısa məsələdə Putinin Paşinyandan fərqli fikir söyləməsini, hansısa erməni politoloqun Paşinyanı tənqid etməsini bir-birinə və xalqımıza sevinclə, az qala qələbə kimi çatdırırlar. Artıq hansısa ölkənin Qarabağı müstəqil dövlət kimi tanımamasını mətbuatda bayram etmək səviyyəsinə qədər kiçilmişik. Amma bir daha deyirəm, bu üzücü vəziyyət bizi ruhdan salmamalı, əksinə bizi daha çox işləməyə sövq etməlidir. Xalqların, xüsusilə müsəlman xalqların xarakterində və mentalitetində dəyişikliklərin baş verməsi həmişə zaman alır. Rəhmətlik Elçibəy şərqşünas alim kimi bunu görürdü və deyirdi ki, bəzi problemlərin həlli üçün zamana ehtiyac var. O, Şuşaya gedən yolun Təbrizdən keçdiyini deyirdi. Yəni 50 milyonluq xalqımızın mənəvi birliyindən.

Tarix
2020.05.24 / 12:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arifoğlu: Bu halda ona qarşı əldə silah döyüşərəm – Video

İlham Əliyev Monqolustan prezidentini təbrik etdi

Bu düşmənə qalib gələcəyik – Deputat

Ədalət Vəliyev bu partiya sədri ilə də görüşdü

XİN açıqladı: İşçi Qrupunun ilk görüşü keçirildi

Ədalət Vəliyev daha bir partiya sədri ilə görüşdü

Rusiya Azərbaycanın təklifini dəstəklədi

Zakir Həsənov Hulusi Akara başsağlığı verdi

İlham Əliyev 2 fərman imzaladı

İlham Əliyev yeni stansiyanın açılışını etdi - Foto

KULT
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla