Yuxarı

ABŞ-ın Bakıya hədəsinin şok səbəbi - Ermənistan bölünür

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresi ikinci dəfə Ermənistan-Azərbaycan münasibətləri və Qarabağla bağlı “dinləmələr” keçirdi.

Bundan öncə Senatın Xarici Əlaqələr Komitəsində “dinləmələr” keçirilmişdi və o zaman senator Pat Riketts Ermənistanı dəstəkləməyin səbəblərini açıq şəkildə ortaya qoymuşdu. Həmin vaxt ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini Yuri Kim icra edirdi.

Senatda rəsmən etiraf edilmişdi ki, Ermənistana “sonsuz dəstəyin” səbəbi onun Rusiyadan qurtulmaq istəyidir. Hətta Riketts dəqiqləşmə də tələb etmişdi ki, Ermənistan səmimi şəkildə Rusiyadan imtina edirsə, dəstəkləyək: bəlkə o, Rusiyanın Qarabağa daha çox müdaxilə etməsi üçün ABŞ-la oyun oynayır?

Bu suala Yuri Kim tərəddüdlə cavab vermişdi, Ermənistanla müzakirələrin davam etdiyini bildirmişdi və hazırda aparılan siyasəti ABŞ maraqlarına uyğun saymışdı.

Ermənipərəst Bob Menendezin Azərbaycana qarşı ittihamları fonunda isə Yuri Kim bu sözləri işlətmişdi: “Biz “Qarabağ xalqı”na qarşı heç bir əməliyyata və hücuma dözməyəcəyik, bu çox aydındır”.

Senatda müzakirə 14 sentyabrda olmuşdu, həmin vaxt ABŞ-ın 85 əsgəri Ermənistanda idi və bu ölkədə təlim keçirirdi. KTMT-nin ölkə ərazisində təlimlərinə imkan verməyən, 1-6 sentyabrda Belarusdakı təlimə qatılmayan və 9-13 oktyabrda Qırğızıstanda keçiriləcək KTMT təlimindən də imtina edən Ermənistanın ABŞ ordusu ilə birgə təlim keçirdiyi günlərdə (11-20 sentyabr) bu dinləmə və Azərbaycana təhdidin səbəbləri hər kəsə aydındır.

Nəticənin necə olduğunu artıq hamı yaxşı bilir: Senatdakı dinləmələrdən 5 gün sonra Azərbaycan Ordusu lokal antiterror tədbirləri ilə ölkəmizin suverenliyini tam təmin etdi, Yuri Kimin təhdidləri də təhdid olaraq qaldı.

Bunun ardınca Yuri Kim Ermənistana səfər etdi, bu ölkəyə birbaşa dəstəyini nümayiş etdirdi. Ancaq ötən ay Yuri Kim vəzifəsindən azad edildi və onu Ceyms Obrayen əvəzlədi. Bob Menendezin “funksiyası”nı isə hazırda digər senatorlar üstlənib.

Yəni adlar dəyişsə də, ABŞ siyasəti dəyişməyib!

Dünən isə Nümayəndələr Palatasında baş tutan dinləmələrdə Obrayen Azərbaycanla “yüksək səviyyəli bütün əlaqələrin ləğv edildiyi”, Azərbaycana yardımı nəzərdə tutan 907-ci məşum düzəlişdən isə bu il “yan keçmək niyyətində” olmadıqlarını bildirdi. Başqa sözlə, yüksək səviyyəli əlaqələr dayandırılıb, yardımlar da olmayacaq.

Yardımlarla bağlı Blinken o vaxt Senatda çıxış etmiş və bunun səbəblərini göstərmişdi. O demişdi ki, Azərbaycana yardımların səbəbi İrandan gözlənilən təhlükədir; ABŞ Azərbaycana İrandan gələn təhlükəyə görə öz sərhədlərini qorumaq üçün dəstək verir.

Blinkenin bu ifadəsi “Azərbaycana İrana qarşı dəstək veririk” kimi oxunmuşdu. Ancaq cəmi bir aydan sonra Blinkenin müavini “907-ci düzəlişdən” yan keçilməyəcəyini bildirir.

Nə dəyişdi?

ABŞ Ermənistana sonsuz dəstəyini və Azərbaycana qarşı ritorikasını sərtləşdirməyini guya Azərbaycanın Ermənistana təcavüz ehtimalı ilə əsaslandırmağa çalışır. Azərbaycan rəsmi şəkildə, ən yüksək səviyyədə Ermənistana heç bir təcavüzdən söhbət getmədiyini elan edib, hətta Zəngəzur dəhlizinə marağının azaldığını da bildirib, üstəlik, artıq Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən dəhlizin İran üzərindən keçməsi qərarı verilib, tikinti hazırlıqlarına başlanılıb.

Bütün bunların fonunda ABŞ-ın Azərbaycanın hücum edəcəyi ilə bağlı iddialarını bəhanə saya bilərikmi? Doğrudanmı heç bir əsası yoxdur?

Ötən gün Nümayəndələr Palatasında keçirilən müzakirələr bu suallara qismən aydınlıq gətirir: Qarabağda rus sülhməramlıların ABŞ qüvvələri ilə əvəz edilməsinin “vacibliyinə” diqqət çəkildi və belə görünür ki, pərdəarxası danışıqlarda Azərbaycandan bunun reallaşması tələb edilir. ABŞ Ermənistanın qərbmeyilli dönüşünə böyük həvəslə dəstək verir, paralel olaraq Azərbaycanda da “sülhməramlı sifətində” yerləşməyə çalışır. Belə aydın olur ki, ABŞ-ın Qarabağda yerləşməsinə ən ciddi maneə 10 noyabr 2020-ci il bəyanatı və rus sülhməramlılardır. Hədəf Azərbaycanı Rusiya sülhməramlılarını çıxarmağa, ABŞ-ın regiona yolunu açmağa məcbur etməkdir.

Buna görə təzyiqlər başlayıb, yardımlar dayanıb və bu, hamısı deyil: Ermənistan sürətlə silahlanır, Hindistandan ilk gündə elan edilən 240 milyon dollarlıq silahların həcmi artıq 450 milyon dollara qalxıb, Fransa 30-a yaxın “Bastion” göndərdi, ardınca GM-200 sistemi və “Mistral” gələcək.

Hindistan eyni zamanda antidron sistemləri də göndərir!

Bütün bunlar Ermənistanın “müdafiəsindən” daha çox, Azərbaycana qarşı silahlandırılması təsiri bağışlayır. Yeni müharibəyə hazırlıq görüldüyü şübhəsizdir və bu dəfə Ermənistanın arxasında ABŞ-AB hərbi-iqtisadi birliyinin dayandığı aşkardır.

Azərbaycanın hazırda rus sülhməramlıları bölgədən çıxarmağa meyilli olmamasının da bir səbəbi budur: Paşinyanın xarici siyasət vektorunu dəyişməsindən məharətlə istifadə edən Bakı Rusiyanın hərbi-iqtisadi təsir zonasında öz milli maraqlarını təmin etməyə nail oldu. İndi ABŞ qüvvələrini “sülhməramlı” sifəti ilə Qarabağa buraxmaq milli maraqlara qətiyyən uyğun deyil – bu “sülhməramlılar” Ermənistanı “tam ovlamaq” üçün ermənilərin Qarabağdakı qanunsuzluqlarına yaşıl işıq yandıracaqlar (Nümayəndələr Palatasındakı dinləmələrin "Dağlıq Qarabağın gələcəyi" adlandırılması bunun sübutudur).

Rusiya indi Ermənistan buxovundan özü qurtulmaq istəyir, bu dalan ölkəsi Rusiyaya daha strateji regionlarda alver predmeti kimi lazımdır. Bu barədə rus politoloqlar az qala hər gün bəyan edirlər.

Ukrayna ordusunun uğur qazanmadığı fonunda Qərbin Kiyevə dəstəyinin azalması, Ukraynanın parçalanmasına razılaşması haqda informasiyalar getdikcə daha çox yayılmaqdadır. Rusiya Avropa qapısında ən ciddi “bufer zonasını” qolunun gücü ilə təmin etdi, indi Afrika, Yaxın Şərqin bölüşdürülməsi prosesi başlayıb. O cümlədən Cənubi Qafqazda Ermənistan özü “maraq dairələrinə” düşüb.

Məsələnin mahiyyəti də budur: Rusiya “çıxdığı məkanlardan” haqq olaraq mütləq 20% torpaq alır – bu artıq Rusiyanın yazılmamış qanunudur. ABŞ-ın da gözləntisi məhz bu istiqamətdədir: Rusiya Ermənistanı Qərbə güzəştə gedir, ancaq Gürcüstan və Ukraynada olduğu kimi, ərazinin 20%-ni almaqla.

Ukrayna və Gürcüstanda bu “haqqı” ordusunun gücü ilə təmin edən Rusiyanın Ermənistanda prosesi “dəhliz üzərindən” həyata keçirəcəyi ehtimalı güclənir. Bu məqamda isə Rusiya Azərbaycan-Türkiyə tandemi ilə birləşəcək – çünki Kremlin başqa müdaxilə variantı yoxdur.

Gürcüstanın “Bastion”ların tranzitinə imkan verməsi, Paşinyanın Gürcüstana, Anna Akopyanın Ukraynaya səfərlərinin də səbəbi budur.

Bu məqamda İran da Ermənistanın Qərbə istiqamətləndiyini və “strateji partnyorluqdan” ən qısa müddətdə çıxacağını yaxşı bilir. Buna baxmayaraq, “Zəngəzur dəhlizi” məntiqi ilə Ermənistanın cənubunun qopardılacağı ehtimalına görə İrəvana dəstəyindən əl çəkmir – amma Tehranın Bakıya qarşı siyasətini də korrektə etdiyi görünür.

ABŞ artıq İrandan Azərbaycana “təhlükə görmür” və ya hər şeyi öz adı ilə desək, indi Ermənistan üzərindən İran siyasətini gücləndirib, ona görə “907-dən yayınmaq” istəmir.

ABŞ-ın düşüncəsində Rusiya yalnız Azərbaycandan bu məqamda istifadə edə bilər – çünki Ermənistan ərazisinə tarixi haqqı çatan Azərbaycandır. Azərbaycanın heç bir niyyəti olmasa da, ABŞ Bakıya barmaq silkələməyə davam edir – dolayısı ilə Rusiyaya gücü çatmayan ABŞ Azərbaycanın bu prosesə qatılacağını gözləyir və qabaqlayıcı xəbərdarlıqlar edir.

Paşinyanın “29,8 min kv.km əraziyə kadastr sənədi” almağa tələsməsi, Azərbaycanın 86,6 min kv.km ərazisini tanıdığını durmadan bəyan etməsi bu məqamdan qaynaqlanır.

Azərbaycan Rusiyanın bu planında iştirak etməyəcək – şübhəsiz. Ancaq tarixi şəraitdən öz milli maraqlarını təmin etmək üçün maksimum yararlanacaq – Qərbi azərbaycanlıların köçürülməsi də daxil olmaqla, Zəngəzur yolunun dəhliz statusunda olmasına qədər.

Bakının son addımları təsdiqləyir ki, Qərb-Rusiya toqquşmasının növbəti məkanına çevrilən Ermənistan ərazisindən maksimum kənarda qalmağa çalışır və Zəngəzur iddialarının səmtini, istiqamətini və səsləndirilmə tezliyini də dəyişib. Azərbaycan qlobal oyunçuların regional oyununda iştirak etmir, yalnız öz oyununu oynayır və öz maraqlarını güdməklə məşğuldur.

Bu baxımdan ABŞ-ın Azərbaycana təzyiqlə əslində Rusiya ilə növbəti regional maraq toqquşmasını təmin etdiyi və alverə başladığı görünür.

Azərbaycan Türkiyə ilə birgə mümkün təhlükələri artıq Şuşa Bəyannaməsi ilə qarant altına alıb, indi isə iki supergücün toqquşmasında iştirak etmədiyini sübut etməkdədir.

Əgər “sövdələşmə” alınmasa, Rusiya “20 faiz haqqı” ala bilməsə, onda Ermənistanı mütləq onillərlə bərpası mümkün olmayan səviyyəyə salıb gedəcək.

Tarix
2023.11.16 / 15:36
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

İlham Əliyev Paul Riçard Qallageri qəbul etdi

Vergi Məcəlləsindəki dəyişikliklər qəbul edildi

Azərbaycanda siyasi partiyalara maliyyə yardımı artırılır

İlham Əliyev Bəhreyn Kralını təbrik etdi

Əli Əsədov qərar imzaladı

Papikyan Fransaya silah almağa gedir – Rusiyaya “ötürəcək”…

Rusiya Ermənistana nələr ötürüb? – Bordyujadan etiraf

Dövlətlər Suriya üçün toplandı: nə Rusiya var, nə də...

Nazir işdən çıxarılan rəisə yeni vəzifə verdi

Əsgərlik yaşının azaldılmasının əsl səbəbi budur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla