Yuxarı

Obrayen sirləri açdı: İrəvan sülhlə bağlı fikrini dəyişdi - Şok

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibinin müavini Ceyms Obrayenin “Azadlıq” radiosuna geniş müsahibəsi iki gündür Ermənistan Baş naziri Nikol Paşinyan və parlament sədri Alen Simonyanın Azərbaycanla münasibətlər haqda səsləndirdiyi gözlənilməz fikirlərin hamısının səbəbinə aydınlıq gətirdi.

Bu sözləri Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal deyib.

Onun sözlərinə görə, Ceyms Obrayenin İrəvana üçgünlük səfəri, ABŞ-Ermənistan Strateji Dialoqunda iştirakı və keçirdiyi qapalı görüş Rusiya siyasi elitası tərəfindən ciddi şəkildə izlənilirdi:

“ABŞ siyasi elitasının yüksəkçinli məmurunun İrəvanda 3 gün görüşlər keçirməsi, Strateji Dialoqda iştirakı, üstəlik, Mirzoyanla birgə bəyanatı Amerikanın Cənubi Qafqazda ciddi nəticə əldə etmək üçün əhəmiyyətli cəhdi hesab edilə bilər. Ən çox diqqəti çəkən Obrayenin “açıq oynaması” idi: ABŞ Ermənistanla strateji müttəfiqlikdə maraqlı olduğunu elan etdi, İrəvan və Vaşinqton arasında strateji tərəfdaşlıq komissiyasının yaradılacağı bildirildi.

Bu, olduqca mühüm regional dəyişiklik cəhdindən xəbər verir və rus ekspertlərin buna qarşı sərt reaksiyaları da təsadüfi deyil”.

Politoloq Obrayenin İrəvanda olduğu vaxt Ermənistan hakimiyyət rəsmilərinin açıqlamalarına diqqət çəkib:

“Paşinyanın özü və komandası ABŞ rəsmisinin gedişini gözləməyi belə lazım bilmədi və öz siyasətlərində ciddi korrektələrə hazır olduqlarını ictimailəşdirdilər. Ən həssas məsələ Zəngəzur dəhlizi ilə bağlıdır. Doğrudur, Zəngəzur dəhlizinin adı çəkilmədi, Orta dəhliz və Ermənistandan keçən kommunikasiyalardan bəhs edildi, ancaq erməni mediasının da qeyd etdiyi kimi, burda Zəngəzur dəhlizi nəzərdə tutulurdu:

1. Paşinyan bildirdi ki, kommunikasiyalar sülh sazişindən əvvəl də açıla bilər.

Bu açıqlama hətta bir-birinə zidd formada yayıldı: Rusiya rəsmi dövlət agentliyi Paşinyanın kommunikasiyanın “sülh sazişindən sonra”, erməni mediası isə “sülh sazişinə qədər” açıla biləcəyini dediyini yazdı. Sonrakı bəyanatlar isə təsdiqlədi ki, Paşinyan “sülh sazişindən öncə” deyib. Buna görə də Rusiya rəsmi agentliyinin niyə “sonra” sözündən istifadə etməsi maraqlıdır və bunun “jurnalist xətası” olduğunu iddia etməkdən uzağıq;

2. Alen Simonyan ilk dəfə olaraq Ermənistandan keçən dəhlizə 3-cü qüvvələrin nəzarəti məsələsi ilə bağlı fərqli mövqe ortaya qoydu. Bildiyiniz kimi, Ermənistan Zəngəzur dəhlizinin öz nəzarətində açılmasını istəyir və Azərbaycan üçün “maneəsiz” olmasına da razı deyil. Alen Simonyan bildirdi ki, Zəngəzur dəhlizi neytral qurumun nəzarətinə verilə bilər və dərhal da əlavə etdi ki, “üçüncü ölkənin nəzarəti” dedikdə qəti şəkildə region ölkəsi nəzərdə tutulmur. Yəni 10 noyabr 2020-ci il bəyanatında dəhlizin təhlükəsizliyinə Rusiya Sərhəd Xidmətinə nəzarət edəcəyi bəndini istisna etdi. Təşkilat dedikdə isə “Fronteks” – Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyinə işarə etdiyi ehtimalı çox güclüdür.

3. Ermənistan ərazisindən keçən dəhlizdə “müəyyən gömrük-sərhəd sadələşməsinə” meyilli olduğunu da bildirdi”.

Ekspert vurğulayıb ki, digər məqam KTMT ilə bağlı Paşinyanın ilk dəfə açıq mətnlə çıxış etməsi idi:

“Paşinyan Ermənistanın KTMT-dən çıxacağını ilk dəfə bu qədər açıq şəkildə yüksək kürsüdən elan etdi. Bunun ardınca prosesin 2024-cü ilin sonunda reallaşacağı haqda ehtimallar səsləndirildi. Bu, birmənalı olaraq Obrayenlə görüş və məsləhətləşmələrin, ABŞ-ın vədlərinin nəticəsidir.

Obrayen isə müsahibəsində bütün detalları açıqladı. Rusiyanın Ukraynada başının qarışdığını, Cənubi Qafqaza təsir imkanlarının azaldığını bildirib, bu tarixi fürsətdən maksimum istifadə etmək, sülh sazişi imzalamaq və dəhlizi açmağa çağırış etdi. Obrayen Ukraynada yaxın bir ildə vəziyyətin stabilləşmə ehtimalına da eyham edib, qarşılıqlı irad və iddialardan bir an tez əl çəkməyə və şansdan yararlanmağa çağırdı”.

Politoloq “qarşılıqlı iddia və iradlar” dedikdə Obrayenin nəyi nəzərdə tutduğu ehtimalına da aydınlıq gətirib:

“Fikrimcə, burda əsas istək Ermənistan Konstitusiyasında qonşu ölkələrin ərazisinə iddia ilə bağlı Azərbaycanın haqlı iradı, o cümlədən Ermənistanın xəritələr üzərindən manipulyasiyası və s. nəzərdə tutulur. Bu məqamda Paşinyanın Azərbaycan və Ermənistanın bir-birinin ərazisinə iddia etmədiyi və heç vaxt etməyəcəyi barədə öhdəlik götürməsi, buna görə də sülh sazişini bir ay ərzində imzalamağın mümkünlüyü haqda ötən gün verdiyi açıqlama diqqət çəkir. Sanki Paşinyan qısa müddətdə konstitusiya dəyişikliyinə nail ola bilməyəcəyinin mesajını verərək, ərazi iddiasının olmadığı ilə bağlı sülh sazişinə xüsusi bəndin salınmasını vəziyyətdən çıxış və vaxt udmaq istəyi kimi dilə gətirdi və əlbəttə ki, bu, böyük ehtimalla Obrayenin təklifidir. Həmçinin xəritələr məsələsini də bir kənara qoyaraq, Almatı Bəyannaməsi üzərindən delimitasiya və demarkasiyanın sürətlə aparılması, buna qədər isə dəhlizin açılması Obrayenlə məsləhətləşmələrdən sonra İrəvanın mövqeyindəki dəyişiklikdir”.

“Bəs, Azərbaycanın mövqeyi necə ola bilər” sualına cavabında isə politoloq Aynur Camal qeyd edib ki, hər şeydən öncə Obrayenin Azərbaycana deyil, Ermənistana səfər etməsinə və burada 3 gün qalmasına diqqət çəkmək lazımdır:

“Obrayen istinad etdiyimiz müsahibəsində Azərbaycanın ünvanına xoş sözlər deyir və rəsmi Bakı ilə əlaqələrin inkişafından, əməkdaşlıqdan bəhs edir. Ancaq Obrayen Azərbaycana səfər üçün heç bir zərurət görmədi. Çox adi səbəbə görə: Azərbaycanda rus sərhədçiləri, rus ordusu yoxdur, rus sülhməramlılar isə 12 iyunda tamamilə, son nəfərinə qədər çıxıb getdi; Ermənistandan fərqli olaraq, Azərbaycan Rusiyanın iqtisadi asılılığında deyil; Azərbaycan ABŞ-ın NATO müttəfiqi, NATO-nun 2-ci ən qüdrətli ordusuna sahib Türkiyənin strateji müttəfiqidir, Azərbaycan ərazisi də Şuşa Bəyannaməsi ilə Türkiyənin qoruması altındadır. Üstəlik, Azərbaycan heç bir halda qəbuledilməz şərtlər irəli sürmür – Naxçıvana maneəsiz dəhliz istəyir ki, bu da bütün dünyada qəbul edilən hüquqdur. Xatırlayırsınızsa, bir müddət öncə Litvanın Ermənistandakı səfiri də İrəvan hakimiyyətinə çağırış edərək, Azərbaycanın bu təbii haqqının təmini istiqamətində düşünməyə çağırmış, Kalininqrad modelini nümunə göstərmiş, Rusiyaya belə bir dəhliz verdiklərini demiş və hətta Ukrayna konfliktinə baxmayaraq, indi də ruslar üçün dəhlizin işlək olduğunu vurğulamışdı. Yəni Azərbaycan onsuz da dəhlizlə bağlı ən konstruktiv mövqeyini ortaya qoyub, üstəlik, bütün tələbləri də beynəlxalq normalara uyğundur. Sülh prosesinin gecikməsinin səbəbi birbaşa Ermənistandır. Adi bir misal çəkəcəyəm: Azərbaycan Ermənistana sülh təkliflərini qısa müddətdə göndərir, Ermənistandan cavab isə çox gec alınır. Yəni Azərbaycan bütün məsələlərdə operativdir, problem həmişə Ermənistandan qaynaqlanır.

Buna görə də Obrayen Ermənistana təkliflərlə gəlib, orda 3 gün qalıb, görüşlər keçirdi – Azərbaycanla hansısa geniş müzakirələrə heç bir ehtiyac yoxdur.

Digər əsas məsələ Simonyanın dediyi “beynəlxalq təşkilat” – “Fronteks” məsələsidir. “Fronteks”də Fransa qüvvələrinin aktivliyini nəzərə alaraq, Azərbaycanın buna razılaşacağı ehtimalı çox aşağıdır. Ancaq alternativ imkanlar da var: AB ilə Türkiyənin birgə nəzarəti – məsələn, Almaniya və Türkiyə qüvvələrinin yerləşdirilməsi. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyevin məhz bu ərəfədə - 10 iyunda Türkiyəyə birgünlük səfərini və qardaş ölkə lideri Ərdoğanla müzakirələrini də diqqətə almağa ehtiyac var. Azərbaycan və Türkiyənin regionda birgə hərəkət etdiyi kimsəyə sirr deyil”.

Politoloq Obrayenin “tarixi şans” məsələsinə də münasibət bildirib:

“ABŞ dövlət katibinin müavininin sözlərində həqiqət payı var. Nəzərə alın ki, Azərbaycan sülh sazişinin ən qısa müddətdə imzalanmasının tərəfdarı kimi çıxış edən ölkədir. Prezident İlham Əliyev də bir neçə dəfə xatırladıb ki, qalib ölkə olmağımıza baxmayaraq, bu təşəbbüsü irəli sürən bizik. Obrayen haqlı olaraq dedi ki, bir neçə il əvvəl Zəngəzur dəhlizi haqda danışmaq mümkün deyildi, bir neçə ildən sonra isə bu, öz aktuallığını itirəcək. Səbəb Azərbaycanın Araz üzərindən, İran vasitəsilə Zəngəzura alternativ marşrut üzərində çalışmaları sürətləndirməsindən gedir.

Zəngəzur dəhlizinin Ermənistana gətirəcəyi iqtisadi faydaları da Obrayen sadaladı. Eyni zamanda, Gürcüstana da işarə verdi, bildirdi ki, Zəngəzur dəhlizi Gürcüstandan keçən hazırkı marşruta alternativ deyil, onu tamamlayan, bütövləşdirən yoldur. Bu, Tiflisin mümkün etirazını neytrallaşdırmağa hesablanıb.

Yeri gəlmişkən, Azərbaycanın noyabrda keçiriləcək COP29-a qədər sülh sazişini imzalamaq istəyi də hər kəsə bəllidir. Yəni Obrayenin tələsmək, Rusiyanın başı qarışıq olduğu bir vaxtda fürsətdən istifadə etmək, tarixi şansdan yararlanmaq çağırışları birbaşa İrəvana aiddir. ABŞ hətta Gürcüstana da, İrəvana da xəbərdarlıq etdi və bildirdi ki, bu iki ölkə AB-yə can atır, onların AB-yə üzvlüyü Azərbaycan-Ermənistan sülhündən və Orta dəhlizin açılmasından keçir. Bundan açıq-aydın mesaj ola bilməzdi. İrəvan konstruktiv yanaşma sərgiləyərsə, Paşinyanın dediyi kimi, sülh sazişi yaxın aylarda bağlana bilər”.

Tarix
2024.06.13 / 21:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Klaarı Qrono əvəzlədi: Bakıya gəlişi nəticəsiz olacaq

Mirmahmud Mirəlioğlu elə bir YAP-çı ilə üz-üzə gəldi ki…

Bakı və Buxarest arasında məsləhətləşmələr keçirildi

44 günlük müharibə zamanı İran… - Ağacanyandan etiraf

Qazaxıstanda hərbçilərin “Noldu, Paşinyan?” rəqsi - Video

YAP-ın Vasif Talıbovun dairəsindən namizədi bəlli oldu

YAP-ın siyahısındakı sürpriz adlar...

Paşinyan arvadı ilə Londona getdi - Əliyevlə görüşəcək?

ABŞ-ın “çətin kompromis” mesajı: Bakıdan 3 güzəşt istənilir

ABŞ “kompromis” istəyir: Bakı hansı güzəştə gedə bilər?

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla