Ana səhifə Siyasət |
Suriyada Əsəd dövrünün bitməsindən ən çox itirən İrandır - həm siyasi-coğrafi, həm də imic baxımından. Suriya İrandakı rejimin qərb istehkamı idi. İqtidardakı şiə-ələvi koalisiyası İrana özü ilə həmsərhəd olmayan İsrailə raket və dron “parad”ını nümayiş etdirməyə imkan verirdi. Hakimiyyət dəyişikliyində İsrailin heç də sonuncu rolda olmadığını nəzərə alsaq, İranın əsas düşməninin onunla birbaşa sərhədə çıxdığını deyə bilərik. Əsəd kimi müttəfiqin itiriliməsi Tehranın daha bir “qırmızı cizgi”sinin tapdaq altında qalması anlamına gəlir...
Fələstin, Livan, Suriya
Əsədin devrilməsi üçün ilk addımlar İsrailin Fələstində HƏMAS-a, Livanda isə Hizbullaha qarşı sərt hərbi əməliyyatlarla atılmışdı. Bu, tək Təl-Əvivin sərhədlərindəki təhlükə mənbələrini neytrallaşdırmaq cəhdi deyildi, indi görünür ki, əsas etibarilə, İranın qol-qanadını sındırmaq niyyəti idi. Tehranın proksilərini məhv etmədən Suriyadakı Əsəd rejimini tərpətmək mümkünsüz idi. Məhz buna görə də İran həddindən ziyadə canfəşanlıq edir və İsrailə qarşı kritik alətini – cizgi filmlərinin əsas “personaj”ları olan, illərdir tərif etdiyi raket və dronlarını işə salmalı oldu. Tehranın bu kozırlarının effektivsizliyini bütün dünya gördü. Qırmızı cizgilərin rəngi ilk dəfə burada soldu...
Yerdə qalanlar texniki məsələlər idi: Livanla atəşkəs əldə edən İsrailin Baş naziri Netanyahu cəmi bir neçə saat sonra orduya müharibəyə hazırlıq əmrini verdi və Suriya müxalifəti Dəməşq yoluna qədəm qoydu. İsrail liderlərinin son zərbənin ağrılı olacağı barədə xəbərdarlıqlarının yerdəki nəticəsi bugünkü Suriya reallığıdır.
Tehranın qorxulu röyası
Tehran “qırmızı cizgilər” ifadəsini ilk dəfə Azərbaycanın Zəngəzurdan Naxçıvana dəhlizin açılmasını tələb etməsi zamanı səsləndirib. Bakıda bu, anlaşılmazlıq yaratsa da, İranın öz qorxuları var. Tehranda hesab edirlər ki, Azərbaycanın qərb bölgəsindən Ermənistan ərazisi vasitəsilə Naxçıvana kommunikasiyaların açılması onun buradan şimala doğru yolunu bağlamış olacaq. İranın “arqument”i aydındır ki, gülünc və sünidir. Onun şimala yolları Azərbaycan ərazisindən də keçir və bir neçə yerdə digər yollarla kəsişir. Amm bu, son illərdə Rusiya ilə İranın bu yoldan istifadə etməklə ticarət dövriyyəsini artırmalarına maneə olmur. Digər tərəfdən, əgər Zəngəzur dəhlizi Tehranın Ermənistan vasitəsilə dünyaya çıxışına məhdudiyyət yaradacaqsa, onda nə səbəbdən Orta dəhlizin daha bir qolu olan Araz istiqaməti eyni yanaşma ilə İran ərazisindən tikilir?
İranın Zəngəzur qorxusunun başlıca səbəbi buradan çəkiləcək kommunikasiyaların zamanla bir türk dəhlizinə çevriləcəyidir. Nəqliyyat yollarının açılışı Azəraycanın soydaşlarımızın Qərbi Azərbaycana qayıtmaq hüququnun təmin edilməsi tələbləri ilə paralel baş verəcək. Beləliklə, müasir Ermənistan ərazisində türk amilinin çəkisi tək iqtisadi faktorlarla deyil, həm də demoqrafik amillə artmış olacaq. Tehranın İrəvana təsir imkanları təbii olaraq zəifləyəcək.
Bu gün İran Ermənistan üçün faktiki olaraq dünyaya açılan ikinci qapıdır. Ancaq “dünya” deyərkən, müəyyən çərçivəli dünya nəzərdə tutulur – Tehranın İrəvan üçün tranzit əhəmiyyəti yalnız Paşinyan Ermənistanının Şərq müttəfiqi olan Hindistanla ticarətlə məhdudlaşır. Hazırda İranın Ermənistan üçün əsas tranzit əhəmiyyəti Hindistandan alınan silah-sürsata görədir. Hərbi sifarişlər Ermənistana məhz İran vasitəsilə çatdırılır. Gürcüstanın ermənilər üçün nəzərdə tutulan bütün hərbi xarakterli yüklər üçün qapalı olduğu məlumdur. Bu baxımdan, İranın Suriyanın ardınca Ermənistana da təsir müxanizmlərini itirəcəyi istisna deyil. Ermənilər müqayisə edib ən xeyirlisini seçməyi bacarırlar. Təzyiqlər artıqca Zəngəzur dəhlizi, yoxsa İran istiqamətindən hansının daha perspektivli olduğunu başa düşəcəklər.
Növbədə Zəngəzurdur?
Suriyadakı dəyişikliklərdən sonra belə ehtimallar da səslənir ki, İranın tapdaq altında qalacaq növbəti qırmızı cizgisi Zəngəzurda olacaq. Bu kimi proqnozlar mövcud gerçəkliklə üst-üstə düşür. Fələstin, Livan və Suriyadakı məğlubiyyətlərlə zəifləyən İranın müqavimət və manevr imkanları da məhdudlaşıb. Qərbdə İsrail, şimalda Rusiya ilə dirəşmək Tehran rejiminə baha başa gələ bilər. ABŞ-da hakimiyyətə Təl-Əvivlə sıx kooperasiyanın tərəfdarı olan, İrana qarşı çox mənfi köklənən Trampın gəlməsi də bir yandan. ABŞ-ın İran üçün həssas olan Qüdsü İsrailin paytaxtı kimi məhz Trampın dövründə tanıması faktı unudulmamalıdır.
Orta dəhlizin mühüm istiqamətlərindən biri olacaq Zəngəzur yolunun bir missiyası da Rusiya ixracatı üçün ərəb bazarına ən qısa yol rolunu oynamasıdır. Zəngəzur dəhlizinə müqavimət göstərib eynifunksiyalı yolun Araz boyu öz ərazisindən keçirilməsini istəyən İran yük dövrüyyəsini nəzarətdə saxlamaq məqsədi güdür. Suriya və İraqda mövqeləri möhkəm olanda bu barədə düşünmək asan idi. Suriya əldən gedib, İraq hakimiyyəti isə güman ki, qonşuluqdakı dəyişiklikdən nəticə çıxarıb. Çin, Rusiya və Qərb üçün eyni cazibədarlığa malik qlobal dəhliz layihəsinin gecikdirilməsi üçün İranın nə qədər potensialı var?
Tarix
2024.12.11 / 08:30
|
Müəllif
Rüstəm Qaraxanlı
|