Ana səhifə Siyasət |
ABŞ Konqresində Donald Trampın müxtəlif vəzifələrə irəli sürdüyü namizədlərin dinləmələri başlayıb. Əsas diqqət dövlət katibi vəzifəsinə irəli sürülən 53 yaşlı Marko Rubionun üzərindədir. Maraqlıdır ki, onun namizədliyini respublikaçılarla yanaşı, Demokratlar Partiyasından olan konqresmenlər də dəstəkləməyə hazırdılar. Görünür, bu, Rubionun uzun illər senator olmasıyla əlaqəlidir.
Axar.az xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, Marko Rubio dinləmələrdə Rusiya-Ukrayna müharibəsindən danışıb:
“Rubionun fikrincə, Ukrayna itirdiyi əraziləri geri qaytara bilməyəcək. “Ukraynanın problemi maliyyənin azalmasıyla bağlı deyil, əsas problemləri ukraynalıların sayının azalmasıyla əlaqəlidir” deyən Rubio bununla Ukraynanın müharibədəki itkilərinə işarə edib. Rubionun qəti firki belədir ki, müharibə başa çatmalıdır. Ancaq necə və hansı şərtlərlə? Bu suala Rubionun konkret cavabı yoxdur. Orası məlumdur ki, Rubio müharibənin dayandırılmasıyla Rusiyaya qarşı sanksiyaların da yumşalması tərəfdarıdır.
Marko Rubio ABŞ-ın əsas hədəflərindən birinin Çin olduğunu gizlətməyib. O, Senatdakı dinləmələr zamanı Çinin qlobal ambisiyalarını kəskin tənqid edərək, Pekinin Panama kanalında iştirakını ABŞ-ın milli təhlükəsizliyinə ciddi təhdid kimi qeyd edib. Bundan əvvəl yeni Prezident Donald Tramp kanalın vaxtilə Panamaya verilməsini “axmaq” qərar adlandırmışdı. Rubio da Tramp kimi hesab edir ki, Çin kanaldan ABŞ-dan daha çox faydalanır və bu ədalətsizlikdir. Çin şirkətləri kanalın hər iki tərəfində limanlar işlədirlər. Trampın Çin lideri Si Szinpinlə dialoquna baxmayaraq, Marko Rubio Çin Kommunist Partiyasını Amerika tarixinin ən ciddi rəqibi kimi qiymətləndidirir. “Hazırki Çin keçmiş SSRİ-dən daha güclüdür” – deyən Marko Rubio bunu Çinin texnoloji cəhətdən keçmiş SSRİ-dən qüvvətli olmasıyla izah edib.
Rubio haqlıdır. Hazırki Çin bütün aspektlərdən keçmiş SSRİ-dən daha güclüdür və bu, ABŞ üçün ciddi təhdiddir”.
Politoloq vurğulayıb ki, Marko Rubio İranı Çindən sonra növbəti təhdid kimi dəyərləndirib:
“Gələcək dövlət katibi İrandakı rejimlə xalq arasında dərin uçurumun olduğu qənaətindədir. Rubio NATO-nun fəaliyyətinin davam etdirilməsinin tərəfdarıdır, ancaq hesab edir ki, tərəfdaşlar hərbi güclərini artırmalıdır. Trampın da mövqeyi belədir ki, NATO ölkələri təhlükəsizlik baxımından ABŞ-a yük olmamalıdır.
Marko Rubio özündən əvvəlki Dövlət katibi Entoni Blinken kimi Azərbaycan-Ermənistan danışıqlarında da vasitəçi olmağa çalışacaq. Rubio ermənpərəst senator kimi tanınıb, hər dəfə Azərbaycan əleyhinə açıqlamalar verib. Buna baxmayaraq, rəsmi Bakı Donald Tramp administrasiyası ilə ilk gündən yaxşı münasibətlər formalaşdırmaq baxımından Rubionun dövlət katibi vəzifəsində təşəbbbüslərinə diqqətlə yanaşacaq. Önəmli olan Dövlət katibi Marko Rubionun senator Marko Rubiodan fərqli olaraq Ermənistanla Azərbaycana münasibətdə balansı pozmamasıdır. Əks halda, rəsmi Bakı Entoni Blinkenin nümuməsində olduğu kimi Marko Rubionun da təkliflərindən imtina edəcək”.
Tarix
2025.01.18 / 13:00
|
Müəllif
Axar.az
|