Ana səhifə Siyasət |
31 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Birol Akgünü qəbul edib.
XİN-dən Axar.az-a verilən xəbərə görə, görüş zamanı Birol Akgün etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.
Nazir qardaş Türkiyənin yeni təyin olunmuş səfirini təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzu edib.
Görüş zamanı Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn mövzular, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycan və Türkiyə dövlətləri və xalqları arasında mövcud tarixi, ənənəvi qardaşlıq və dostluğun müttəfiqliyimizin, o cümlədən regional və beynəlxalq müstəvidə birgə səylərimizin gücləndirilməsində müstəsna əhəmiyyətinin olduğunu diqqətə çatdırıb.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətlərini təsbit edən tarixi Şuşa Bəyannaməsinin mövcud qardaşlıq və dostluq əlaqələrimizin təcəssümü olduğu bildirilib. Liderlərimizin təlimatı ilə çoxölçülü müttəfiqlik münasibətlərimizin siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, enerji, nəqliyyat, kommunikasiyalar, mədəni-humanitar və s. aspektləri üzrə əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində fəaliyyətin bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb.
Yaxın Şərqdə və Əfqanıstanda sabitliyin təmin edilməsi, Suriyada birgə təşəbbüslərin irəlilədilməsi istiqamətində səylərin əhəmiyyətli olduğu bildirilib.
Birol Akgün səmimi qəbula və təbriklərə görə təşəkkür edib, Türkiyənin Azərbaycanda səfiri qismində fəaliyyəti zamanı mövcud müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tarix
2025.01.31 / 19:42
|
Müəllif
Axar.az
|