Yuxarı

Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən həmişə müzakirənin tərəfdarıyam – sağlam, qərəzsiz müzakirənin. Problem varsa, cəmiyyətin ağıllı, vicdanlı, işıqlı insanları fikir bildirməlidirlər, çıxış yollarını birlikdə axtarmaqda fayda var. Bu səbəbdən bu yaxınlarda rinoplastikadan sonra dünyasını dəyişmiş Nəzrin Mansurlu ilə bağlı müzakirələri diqqətlə izləyirəm.

Cəmiyyətimizin sosial mediadakı kəsimi bu məsələdə iki hissəyə bölünüb: həkimləri dəstəkləyənlər və onlara qəzəb ifadə edənlər.

Hər iki tərəfi anlayıram, anlamağa çalışıram. Çünki həqiqətən də Azərbaycanda yetərincə savadlı, yüksək təhsilli, hətta dünyada tayı-bərabəri olmayan tibb mütəxəssisləri – həkimlər var. Onların fədakarlığını və peşəkarlığını, eyni zamanda, vətənpərvərliyini dəfələrlə, xüsusilə də İkinci Qarabağ savaşında görmüşük. Mən hətta xarici ölkə xəstəxanalarında çalışan, müharibə vaxtı könüllü olaraq gəlib hərbi hospitallarda işləyən gənc azərbaycanlı həkimləri də tanıyram, cibinin pulu ilə yaralı əsgərlərimizə dava-dərman alanları da – onlarla qürur duyuram.

Amma konkret olaraq, Nəzrin Mansurlu olayına gəlincə, gözləməyi tərcih edirəm - istintaq və məhkəmənin ədalətli mühakiməsini və hökmünü. Ümid edək və gözləyək ki, əsl həqiqətin üzə çıxarılması üçün məhkəmə nə mümkündürsə, edəcək. Etmələri üçün tələb edək! Çünki ortada ölüm faktı var! Amma indiki halda kimsə kiminsə dostudur, həmkarıdır, qohumudur deyə, müdafiə kampaniyası başladılmasını doğru saymıram – hətta sosial şəbəkələrdə belə.

Gəlin, gözləyək, görək lor-cərrah və ya estetik cərrah Sənan Mehdiyev 35 gün əvvəl verilmiş analiz nəticələri ilə pasiyenti niyə əməliyyat edib? Bu, nə dərəcədə doğrudur? O analizlərdən sonra pasiyent ağır formada viruslu xəstəlik keçirib. Yeni analizlər, müayinələr, rentgen, MRT və s. nəticələri olmadan pasiyentin əməliyyata hazır olduğunu həkim necə müəyyən edib? Daha sonra deyilir ki, anasteziyanı da cərrah özü edib (məlumatın nə dərəcədə doğru olduğunu bilmirəm), bu, tibbdə normaldırmı? Axı bildiyim qədər, başqa-başqa sahələrdir. Komaya düşdükdən sonrakı müayinələrdə alın sümüyündə çat olduğu bildirilir. Həmin çat nədən yaranıb? Beyinə virus yayıldığı deyilir, bu, necə baş verib?

Suallar həddən artıq çoxdur. Və bu bədbəxt hadisə təhsilsiz həkimlərlə bağlı siyahıların yayıldığı və cəmiyyəti sözün həqiqi mənasında şoka saldığı bir məqamda baş verib. Susaqmı? Seyrçi qalaqmı? “Sənan Mehdiyev savadlı və peşəkar həkimdir” deyib kənara çəkiləkmi? Həqiqətən savadlı ola bilər. Amma məsuliyyətli və peşəkar həkim olması şübhələr yaradır. Ən azı xəstəni müayinə və analizlərsiz əməliyyat etməyə razılaşdığına görə...

Bəlkə də kimlər üçünsə insan ölümü statistikadır, rəqəmdir, sıradan bir hadisədir. Amma məsələnin dərinliyinə varanda bir ölüm, xüsusən də cavandırsa – bir ailəni, bir nəsli necə sarsıdır, darmadağın edir, təsəvvür edə bilirsinizmi? Doğmasını itirməyin nə demək olduğunu – təəssüf ki – çox yaxşı bildiyim üçün deyirəm, sanki zəlzələ baş verir adamın həyatında. Dünya uçur, qalırsan altında! Nəzrinin valideynlərinin, xüsusən anasının – o ananın üzünə baxanda adamın gözündə işıqlar sönür – bacılarının, həyat yoldaşının, xüsusən 3 yaşlı körpəsinin, bütün qohum-əqrəbasının nələr çəkdiyini bilmək üçün gözünüzün önünə dağıdıcı bir zəlzələ gətirin. Öldürməyən, amma ölümcül...

Feysbukda gedən müzakirələrdə bu mövqeni bölüşdüyüm üçün Sənan Mehdiyevin həmkarları məni nələrdə ittiham etdi? “Təhsilsiz “həkim”ləri ifşa etmək həm də sizin vətəndaşlıq və həkimlik borcunuzdur” dediyim üçün, “əgər bu peşəni namus və şərəf işi hesab edirsinizsə, çalışdığınız klinikalara hansı yollarlasa gələn o “həkim”ləri ifşa edin, onlarla eyni yerdə işləməkdən imtina edin” dediyim üçün “bəs media nə edib” deyə konkret olaraq təmsil etdiyim media qurumlarından birinin adı çəkildi. Axar.az demək istəmədi həmin həkimlərdən biri - “baş hərfi A ilə başlayan saytınız jurnalist Qənirə Ataşovanın yaydığı siyahılardan öncə hansı araşdırmaları edib, bu sahədə nələr edib” deyə sual etdi...

İndi mən bu sualı cavablandırım:

Adı A hərfi ilə başlayan Axar.az, əvvəla, tibb sahəsi üzrə ixtisaslaşan sayt deyil, ictimai-siyasi və analitik saytdır və yarandığı gündən Azərbaycan mediasına hansı yeniliklər gətirdiyini və medianın dəyərlərini necə qoruduğunu bütün vicdanlı oxucular və peşəkar mətbuat işçiləri çox yaxşı bilir!

O ki qaldı Axar.az-ın konkret olaraq bu sahədə nələr etməsinə - qəzavü-qədərdən həkim səhlənkarlığı və məsuliyyətsizliyinin ən dəhşətli zərbələrindən birini alan da elə bizim həmkarımız oldu, 2013-cü ildə. Həmkarımız Anar Niftəliyevin həyat yoldaşı Elnarə xanım həkim səhlənkarlığından dünyasını dəyişdi və həmin vaxt Anarın özünün, prosesə cəlb olunan peşəkar vəkil və hüquqşünasların araşdırmalarını, müraciətlərini, səhiyyə sistemində hansı proseslərin baş verdiyini, necə saxtakarlıqların olduğunu, yerlərdəki hüquq-mühafizə orqanlarının həkim səhlənkarlığını necə ört-basdır etməyə çalışdığını Axar.az-ın arxivindən öyrənə bilərsiniz!

Məhz o məşhur hadisə ilə həkim səhlənkarlığından baş verən ana ölümləri gündəmə gəldi və medianın əsas xəbərinə çevrildi!

Azərbaycanda həkim səhlənkarlığına görə ilk həbs də o olayla bağlıdır!

Azərbaycanda ilk dəfə olaraq həkim səhlənkarlığına görə qarşı tərəfin həm də maddi məsuliyyətə cəlb edilməsinin yüksək məbləği – 75 min manat – o kampaniyanın və əlbəttə ki, ədalətli hakimlərin sayəsində mümkün oldu. Qısaca xatırlatma edim ki, o vaxta qədər “təzminat” adına yalnız 5 min manatlıq sığorta nəzərdə tutulurdu.

Bu hadisə həm tibbdə, həm də məhkəmə sistemində presedent yaratdı və təsadüfi deyil ki, ondan sonra istər həkimlərin məsuliyyətə cəlb edilməsi, istərsə də maddi təzminatla bağlı məhkəmə çəkişməsində Ali Məhkəmənin qəbul etdiyi sözügedən qətnamə nümunə kimi istifadə olundu. Onun ardınca həkim səhlənkarlığına görə həbslər də oldu, təzminat da 100 min manatın üzərinə qalxdı!

Məhz o araşdırma və çoxsaylı məhkəmə proseslərinin nəticəsində həkim səhlənkarlığı ciddi mənada ictimai müzakirə predmetinə çevrildi. Həmin vaxt statistika aparmışdıq və məlum olmuşdu ki, 3 ilə yaxın davam edən o proseslərin və davamlı araşdırmaların nəticəsi var: səhlənkarlıq nəticəsində ana ölümlərinin sayı ötən illərlə müqayisədə kəskin azalıb.

Həmin vaxtlar hansı təzyiqlər, oyunlar, manipulyasiyalar altında araşdırmalarımızı davam etdirdiyimizi ifadə və təsvir etmək asan deyil...

Həbs olunan həkimin həbs müddəti başa çatdıqdan dərhal sonra yenidən “işinin başına” qayıtmasına qarşı da məhz biz araşdırmalar aparmışıq və təəssüf ki, müxtəlif özəl klinikalar qanunlara əhəmiyyət vermədən onları işə almaqda davam ediblər. Araşdırmalar zamanı əldə etdiyimiz faktı dərhal ictimailəşdirmişik, lakin nə yazıq ki, ictimailəşəndən sonra bir özəl klinikadan azad edilən sözügedən həkimlər digər klinikalarda iş tapıblar.

Məhkəmələrin davam etdiyi vaxtlarda belə səhlənkarlıqdan ölümə səbəb olan həkimlər fəaliyyətlərindən əl çəkməyiblər, əksinə, onların işlədiyi klinika (“Semaşko”) “həkimi” qorumaq üçün onu yalandan, saxtakarlıqla “reanimasiyaya” yatırıb: yalnız “reanimasiyada” yatan həkimin Bakı küçələrində öz kefində olduğu görüntüsünü fakt olaraq ortaya qoyduqdan sonra həmin “həkim” barədə qərar verilib, ancaq onu saxtakarlıqla “reanimasiyaya” yatıranlar haqda ölçü götürülməyib.

Məhz Axar.az-ın davamlı müraciətlərindən sonra Milli Məclisdə CM-in 314-cü maddəsinin cəza hissəsinin artırılması barədə çıxışlar edildi və nəhayət, 2017-ci ildə bu yöndə qərar qəbul olundu. Halbuki həmin vaxta qədər 2 il və yaxud cərimə cəzası nəzərdə tutulurdu və hüquq-mühafizə orqanları da buna görə əməli addım ata bilmirdilər. İndi Nəzrin Mansurluya görə Baş Prokurorluq cəsarətli bir addım atıb, həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verə və məhkəmə də ədalətli qərarla bunu təmin edə bilirsə, bu, 2017-ci ildə həmin maddənin cəza hissəsinin sərtləşməsinin nəticəsidir və bu məsələdə bizim saysız-hesabsız müraciət, araşdırma, açıqlamalarımızı nəzərə aldıqlarına görə millət vəkillərinə, onu tətbiq edən hüquq-mühafizə orqanlarına təşəkkür edirik!

İndi siz deyin, hörmətli oxucularımız, işinə, peşəsinə vicdanlı yanaşan həkim, klinika rəhbəri elə addım ata, cinayət təqibi davam edən həkimi qorumaq üçün onu "reanimasiya”ya yatırardımı? Təsəvvür edirsinizmi ki, həmin vaxt nə qədər vicdansızlar şəbəkəsi ilə üz-üzə qalmışdıq?

Bizim bütün peşəkar həkimlərdən istəyimiz bu peşənin ləyaqətini çəkməkdir, səhlənkarlığa yol verənlərə qahmar çıxıb, onu sözün həqiqi və məcazi mənasında “reanimasiyaya” yatırıb, “diriltmək” yox!

12 ildir elə Axar.az-ın da şüara çevirdiyi bir sözü təkrarlamaya bilmərəm: jurnalist səhv edərsə, yazını səhifədən qaldırar, üzr istəyər, təkzib verər, bununla da məsələ bitər!

Suçu səhv edərsə, bir gün susuz qalarsan və vedrə ilə su daşıyarsan – bitər!

Məşhur məsəldə deyildiyi kimi, çəkməçi peşəkar olmazsa, millət heç nə itirməz, keyfiyyətsiz ayaqqabı geyinər, vəssalam!

Ancaq həkim səhlənkarlıq edərsə, həkim savadsızdırsa və savadsızlığına baxmayaraq, həkimliyə qazanc yeri, “pasiyentə kliyent” kimi baxarsa, faciə olar – bir ailənin, bir nəslin, bir elin və nəhayət, bir xalqın faciəsi!

Jurnalistlərə “siz nə araşdırmısınız” demək, uğursuz və sofist özünüqoruma cəhdidir: əvvəla, ortaya çıxır ki, araşdırmaları oxumamısınız, ictimai proseslərdən xəbərsizsiniz və bu da yaraşıqlı görünmür!

İkincisi, burda müzakirə həkim səhlənkarlığıdır, jurnalistika və araşdırmalarımız deyil!

Jurnalistika da fərqli, özəl, peşəkarlıq tələb edən sahədir və hər savadlı şəxs cümlə qura bilir deyə, bu sahədə də “nəsə deyə bilərəm“ məntiqindən çıxış etməməlidir. Edirsə, demək, öz peşəsində də yarımçıqdır və digər peşələrin mahiyyətini də öz peşəsi qədər "dəyərləndirir"!

Yuxarıda “pasiyentin ölümü kimlər üçünsə statistikadır” sözünü təsadüfən xatırlatmadıq.

Bircə misal çəkəcəyəm: ötən il Türkiyədə dəhşətli hadisə olmuşdu, 5 yaşlı oğlan təsadüfən ov tüfəngi ilə 7 yaşlı bacısının başına atəş açmışdı.

Atəş başına açılmışdı, anlaya bilirsinizmi!

O qızı xilas etmək üçün 35 yaşlarındakı türk həkim 18 saat əməliyyat aparmışdı, qırmaları beynini zədələmədən çıxarmışdı, ancaq bədbəxtlikdən, uşağı ayıltmaq mümkün olmamışdı.

O cərrah əməliyyatxanadan çıxandan sonra hönkür-hönkür ağlayırdı, onu kimsə sakitləşdirə bilmirdi; ölən qızcığazın atası, anası, ora toplanan qohumları həkimi qucaqlayıb, ona toxtaqlıq verməyə çalışırdı.

Təsəvvür edirsinizmi mənzərəni?

Etməzsiniz, tam əminəm, çoxunuz etməz! Nəzrin üçün, Nəzrinin 3 yaşında yetim qalan körpəsi üçün ağrınmaq əvəzinə media mənsublarına “siz nə etmisiniz” yazanlar pasiyentini balası qədər sevib, onu sidq-ürəklə xilas etməyə çalışmağın nə olduğunu anlamaz, başa düşməz!!!

Təəssüf ki, çoxları üçün sadəcə əməliyyat və əməliyyatda qazanılan pul önəmlidir!

Xatırlayırsınızsa, 3 il öncə Türkiyədən bir məşhur həkim Bakıya gəlmiş, özəl klinikalardan birində çalışmış və sonra bizim səhiyyədən, ayda 20 minə yaxın maaşdan, o cümlədən hər əməliyyatdan aldığı qonorardan imtina edərək, getmişdi! Gedəndə bilirsinizmi nə açıqlama verdi? Dedi ki, bir ildə bu klinikada 800 cərrahiyyə əməliyyatı aparılıb, halbuki onlardan yalnız 50 nəfərinin əməliyyata ehtiyacı vardı, 750 nəfər heç bir səbəb olmadan əməliyyata alınıb. Etiraz edəndə isə rəhbərlik ona deyibmiş ki, əməliyyat “ən qazanclı” işdir, kim gəlirsə, əməliyyata almaq vacibdir!

Və o həkim vicdanı olduğu üçün – bütün bunlardan imtina edib getmişdi!

Sizli-bizli bütün cəmiyyətimiz və məsul qurumlar pasiyent ölümünə “statistika” kimi yanaşmaqdan nə vaxt imtina edəcəksə, nə vaxt “alibi” axtarmayıb, özümüzü günahkar görə biləcəyiksə, hər bir həkim müraciət edən hər bir xəstəni öz balası, qardaşı, bacısı, ata-anasə sanacaqsa, bax, onda səhiyyəmizdə fərqli mənzərə olacaq!

Sistemi fərdlər formalaşdırır, fərdlər saxlayır, fərdlər inkişaf etdirir! Səhiyyə sistemində vicdanlı həkimlər çoxluq təşkil etməlidir. Suçu başqasının üstünə atmaqla, günahı ətrafda aramaqla, başqasının gözündə tük axtarmaqla bu “sistem” xəstə sağaltmaz, öldürər!

Özünüzdən başlayın!

Tarix
2025.01.23 / 15:28
Müəllif
Aynur Camal
Digər xəbərlər

Nəzrinin ölümü ilə bağlı yeni şok fakt

Türkiyədə məşhur törəndə bizi utandıran 3 xanım…

İnanılmazdır: Bilirsinizmi top atəşi ilə kimlər qarşılanır?

Bakıda 10 minədir, Laçında pulsuz...

Blinken Əliyevdən nə xahiş etdi? - Pərdəarxası detal

Gəncəli qızın son dünya turu: Bakıya niyə gəlmir?

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ürəyimizi titrədən xəbər…

Ruzvelti 4 dəfə seçmək olar, Əliyevi yox?

Bakıya hər yerdən hücumlar edilir: Yeni dalğa...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla