Müxtəlif yerlərdə ard-arda zəlzələlərin baş verməsi yerdaxili proseslərin, hərəkətlərin nəticəsidir.
Axar.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
O bildirib ki, dünən Dağıstan ərazisində baş verən zəlzələ çox dərində olduğu üçün Qusar, Xaçmaz, Xudat kimi geniş ərazilərdə 3-4 bala kimi hiss olunub.
“Zəlzələ ocağı dərinlikdə olduqda təkanların əhatə dairəsi böyük olur. Dərinlik az olduqda zəlzələnin əhatəsi kiçilir, silkələnmə isə güclənir. Zəlzələnin baş vermə səbəbi yeraltı proseslərlə bağlıdır, yeraltı təkanlar hər gün baş verir. Bunun yerüstü hadisələrlə heç bir əlaqəsi yoxdur. Günəş partlaması, planetlərin təsirinin isə zəlzələ ilə əlaqəsi ola bilər.
Hazırda isə Azərbaycanda dağıdıcı zəlzələ gözlənilmir”, - Q.Yetirmişli əlavə edib.
Qeyd edək ki, Dağıstanda 5.4 maqnitudalı zəlzələ olub, zəlzələnin ocağı yerin 66 kilometr dərinliyində yerləşib. Yeraltı təkanlar Bakı vaxtı ilə ötən gecə saat 00:33-də Rusiyanın İzberbaş şəhərindən 28 km şərqdə, Dərbənddən 51 km şimal-şimal-qərbdə qeydə alınıb. Zəlzələ Qusar stansiyasından 94 km şimalda Quba, Xınalıq, Qusar, Bakı və Sumqayıt və s. şəhərlərdə 3-4 bal gücündə hiss olunub.