Azərbaycanlı peşəkar döyüşçü Cəbrayıl Əliyev qızı döymək və öldürməklə hədələdiyinə görə 4 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.
Axar.az xəbər verir ki, bu barədə Moskva Prokurluğundan məlumat verilib.
“Cəbrayıl Əliyev xuliqanlıqda və qızı öldürməklə hədələməkdə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 1-ci hissəsinin “a” bəndi və 119-cu maddəsi) təqsirli bilinib. Əliyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək.
Bundan başqa, mənəvi ziyana görə zərərçəkənin xeyrinə 500 min rubl məbləğində (11 min manata yaxın) təzminat təyin edilib.
Bildirilib ki, 2024-cü ilin iyulun 27-də Cəbrayıl Əliyev Bersenevskaya bulvarında yerləşən binanın 4-5-ci mərtəbələri arasındakı pilləkəndə heç bir səbəb olmadan qızı iki əli ilə itələyərək onu divara vurub. Daha sonra qızın başına azı 2 yumruq və qollarına isə azı 10 zərbə endirib və zərərçəkmişi öldürməklə hədələyib.
Qeyd edək ki, Cəbrayıl Əliyev peşəkar idmançı, MMA döyüşçüsüdür. O, yumruq döyüşləri üzrə ixtisaslaşmış “Hardcore Fighting” təşkilatının turnirlərində iştirak edib.