Azərbaycanın müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə komandanı general-mayor Rəşid Məhəmməd əş-Şəmsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Əvvəlcə qonaqlar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, əklil və gül dəstələri qoyaraq xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.
Zəfər parkına gələn BƏƏ nümayəndə heyəti Zəfər abidəsinin önünə əklil qoyub.
HHQ-nin Mərkəzi Komanda Məntəqəsində təşkil edilən rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan və BƏƏ HHQ komandanları arasında görüş keçirilib.
Tərəflər hər iki ölkənin HHQ-si ilə bağlı həyata keçirilən tədbirlərə dair geniş fikir mübadiləsi aparıb, yeni perspektivlər, həmçinin maraq doğuran digər məsələləri müzakirə ediblər.
Daha sonra BƏƏ nümayəndə heyətinə müasir standartlara uyğun idarəetmə sistemləri ilə təchiz olunmuş komanda məntəqəsinin əsas fəaliyyət istiqaməti ilə bağlı brifinq təqdim olunub.
Sonda qonaqları maraqlandıran suallar cavablandırılıb.