Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK)
2016/2017‑ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq
istəyən cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə
qəbul imtahanı keçirir.
TQDK-nın mətbuat xidmətindən Axar.az-a verilən xəbərə görə,
imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə,
Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və
Xaçmaz şəhərlərində ümumilikdə 55 binada aparılır. İmtahanların
idarə olunmasına 260 imtahan rəhbəri və orta ümumtəhsil
müəssisələrindən 2445 nəzarətçi-müəllim, o cümlədən zal nəzarətçisi
qismində 88 nəfər ASAN Xidmətin könüllüləri cəlb olunub.
İmtahanda 29196 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan
16197 abituriyent II qrup üzrə, 12999 abituriyent III qrup üzrə
imtahan verəcək. Abituriyentlərdən 26346 nəfəri Azərbaycan
bölməsinin (II qrup üzrə 14340, III qrup üzrə 12006 nəfər), 2850
nəfəri isə rus bölməsinin (II qrup üzrə 1857, III qrup üzrə 993
nəfər) məzunudur. Abituriyentlərin 13391 nəfəri oğlan (II qrup üzrə
10110 nəfər, III qrup üzrə 3281 nəfər), 15805 nəfəri isə qızdır (II
qrup üzrə 6087 nəfər, III qrup üzrə 9718 nəfər). 28069 nəfər orta
ümumtəhsil məktəblərinin, 10 nəfər ali təhsil müəssisələrinin, 1117
nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur.198
abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent
1976-cı ildən, ən gənci isə 2001-ci ildəndir.
Bakı şəhərində 12858, Naxçıvanda 1430, Gəncədə 3769, Sumqayıtda
1424, Mingəçevirdə 1424, Şəkidə 1748, Ağcabədidə 1261, Göyçayda
1320, Şirvanda 1055, Lənkəranda 1867, Xaçmazda isə 1006
abituriyentin imtahan verəcəyi gözlənilir.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq
və 3 saat davam edəcək. İmtahan başa çatdıqdan dərhal sonra
müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası
aparılacaq. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları
eyni zamanda TQDK-nın internet saytında və Facebook səhifəsində
yerləşdiriləcək. İmtahan vermiş abituriyentlərin cavab kartlarının
emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab
kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil
telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə
biləcəklər.