Azərbaycanda yüzlərlə vətəndaşın bank kartı məlumatlarını ələ keçirərək onları fişinq yolu ilə aldadan kibercinayətkar qrupun fəaliyyəti və məhkəmə qərarı barədə yeni detallar məlum olub.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində 21 yaşlı Ərtoğrul Akdəmir saxlanılıb. O, sosial şəbəkələrdə fişinq üsulu ilə vətəndaşların hesablarından külli miqdarda vəsait oğurlamaqda təqsirləndirilib.
İstintaq materiallarına əsasən, şəbəkənin digər üzvləri hələlik müəyyən edilməyib. Onlar xaricdə gizlənərək müxtəlif saxta profillərdən istifadə etməklə izlərini itiriblər. Araşdırmalara görə, bəzi bankların təhlükəsizlik sistemlərindəki boşluqlar səbəbindən kartlardan vəsait çıxarma prosesi asanlaşıb. Cinayətkarlar vətəndaşların OTP (birdəfəlik şifrə) kodlarını onların xəbəri olmadan ələ keçiriblər.
Məlumata görə, Ərtoğrul Akdəmir 2024-cü ilin əvvəlindən Teleqram platformasında fəaliyyət göstərən “Underground Azerbaijan” və “Dark Money” adlı gizli qruplarda “CETOX”, “MOSSAD2X” və “Olimpus_Prime” profilləri ilə əlaqə qurub. Qrup üzvləri İnstaqram” və digər platformalarda bank və ticarət şəbəkələrinin adından saxta səhifələr yaradaraq, istifadəçilərə endirim və lotereya kampaniyaları adı altında fişinq linkləri göndəriblər.
İstifadəçilər həmin səhifələrdə kart nömrələrini və OTP kodlarını daxil etdikdən sonra məlumatlar cinayətkarların əlinə keçib. Əldə olunan məlumatlarla vətəndaşların hesablarından vəsait çıxarılaraq “M10” və “Portmanat” elektron hesablarına köçürülüb, daha sonra isə kriptovalyutaya çevrilərək şəbəkə üzvlərinin idarə etdiyi hesablar vasitəsilə yayılıb.
İstintaq sənədlərinə görə, bu yolla ümumilikdə 78 min manat məbləğində vəsait mənimsənilib.
Məhkəmədə ifadə verən Ərtoğrul Akdəmir bildirib ki, “MOSSAD2X” və “CETOX” tərəfindən idarə olunan qruplarda müxtəlif şəxslərin adına kart və “Portmanat” hesabları açıb, e-SİM nömrələr əldə edərək OTP təsdiqlərini həmin nömrələr üzərindən qəbul edib. O, “Kontakt Home” mağazalar şəbəkəsinin adı ilə yaradılan saxta səhifələrdə “Ayfon 15 Pro Maks” modellərinə dair yalan endirim elanları paylaşdıqlarını etiraf edib. Müştərilər OTP kodunu səhifədə qeyd etmədikdə, onlarla Vatsap vasitəsilə əlaqə saxlayaraq kodu verməyə razı salıblar.
Təqsirləndirilən şəxs ifadəsində etiraf edib ki, “Azər-Türk Bank” kartlarının OTP kodunu dəyişmək digərlərindən daha asan olub, köçürmələr zamanı isə SMS təsdiqinə ehtiyac qalmayıb. Bu səbəbdən həmin bankın kartları bazarda daha çox tələb görüb. O, kartların dəyərinin 200–400 manat arasında dəyişdiyini, yüksək dövriyyəli kartlardan daha böyük məbləğdə vəsaitlər köçürüldüyünü bildirib.
Akdəmir həmçinin qeyd edib ki, oğurlanmış vəsaitin 20 faizini özündə saxlayıb, qalan hissəsini “CETOX” və “Olimpus Prime” profillərinin göndərdiyi kriptovalyuta ünvanlarına köçürüb. İstintaq materiallarında onun bu fəaliyyətə görə 1 700 ABŞ dolları (təxminən 2 890 manat) ödəniş aldığı göstərilib.
İş üzrə 40 nəfər zərərçəkmiş müəyyən edilib. Onların əksəriyyəti “Kapital Bank”, “Azər-Türk Bank” və “Leo Bank” kartlarından istifadə edən müştərilər olub. Zərərçəkənlərə dəyən maddi ziyanın hələ ödənilmədiyi qeyd olunur.
Ərtoğrul Akdəmirə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi (özgənin əmlakını gizli yolla talama – külli miqdarda) ilə ittiham irəli sürülüb. Məhkəmənin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.