Azərbaycanın startap ekosistemində mələk investorluğun inkişafına önəmli töhfə verən “Mələk İnvestorlar Məktəbi” bu il "Azercell"in dəstəyi ilə daha geniş və interaktiv proqramla keçiriləcək. Təlim 4-6 noyabr 2025-ci il tarixlərində Bakıda baş tutacaq.
Proqram çərçivəsində ABŞ-dan dəvət olunmuş beynəlxalq ekspertlər və yerli mütəxəssislər iştirakçılarla praktik biliklərini paylaşacaq, startap portfellərinin formalaşdırılması, düzgün seçimlər və uğurlu investisiya strategiyaları barədə dəyərli tövsiyələr verəcəklər. Sessiyalar ingilis dilində keçiriləcək.
2024-cü ildə layihə artıq 200-dən çox potensial investora təlim keçmiş, onların “SABAH Angels” klubuna üzvlüyünü təmin etmiş və startaplara yüz minlərlə dollar investisiya yönləndirmişdi. Bu il isə proqram daha böyük və interaktiv şəkildə təşkil olunacaq.
Təlimi tamamlayan və sonrakı altı ay ərzində startaplara investisiya edən iştirakçılar arasında püşkatma keçiriləcək. Beş qalib 2026-cı ildə Silikon Vadisinə bütün xərcləri təşkilatçılar tərəfindən qarşılanmaqla səfər etmək imkanı qazanacaq.
Layihə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və SABAH Angels klubunun dəstəyi ilə həyata keçirilir.
Ətraflı məlumat üçün: www.angelinvestor.az