Dekabrın 23-də Bakı və Gəncə şəhərlərində bir neçə dövlət əmlakı üzrə təkrar hərraclar keçiriləcək.
Axar.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, təkrar satışa 3 obyekt çıxarılıb.
Bakı şəhərinin Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən metal məmulatlarının təmiri və hazırlanması emalatxanası satışa çıxarılacaq. Emalatxananın ümumi faydalı sahəsi 699.7 kvadratmetr, özəlləşdirilən torpaq sahəsi isə 4528.6 kvadratmetrdir. Əmlakın ilkin satış qiyməti 50 min manat, torpaq sahəsinin start qiyməti isə 90 min manat olmaqla ümumi start məbləği 140 min manat təşkil edir.
Bakı şəhərində hərraca çıxarılacaq digər obyekt Suraxanı rayonu Günəşli qəsəbəsi AB massivində yerləşən 42 saylı mağazadır. Mağazanın ümumi sahəsi 1664.4 kvadratmetrdir və 400 min manat start qiyməti ilə satışa çıxarılıb.
Gəncə şəhərində isə 3 saylı avtodayanacaq hərraca çıxarılacaq. Kəpəz rayonunun 1-ci mikrorayonunda yerləşən obyektin ümumi sahəsi 140.8 kvadratmetr, özəlləşdirilən torpaq sahəsi isə 2504.8 kvadratmetrdir. Obyektin ilkin satış qiyməti 12 500 manat, torpaq sahəsinin start qiyməti isə 62 500 manat olmaqla ümumi məbləğ 75 min manatdır.