Yuxarı

FHN-in yaranmasının 20 illiyi ilə bağlı təntənəli mərasim...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN-in yaranmasının 20 illiyi ilə bağlı təntənəli mərasim...

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, 16 dekabr - Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü və Nazirliyin yaranmasının 20-ci ildönümü ilə əlaqədar təntənəli mərasim keçirilib.

Mərasimdə Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Ərgüc Kələntərli, Qırğız Respublikasının fövqəladə nallar naziri general-leytenant Boobek Ajikeev, Özbəkistan Respublikasının fövqəladə hallar nazirinin birinci müavini Sanjar Zuparov, Rusiya Federasiyası fövqəladə hallar nazirinin müavini Roman Kurınin, Belarus Respublikası fövqəladə hallar nazirinin müavini general-mayor İqor Bolotov, Tacikistan Respublikası Tacikistan Hökuməti yanında Fövqəladə Hallar Komitəsi sədrinin müavini general-mayor İbrohimzoda İmomali, Gürcüstan daxili işlər nazirinin müavini Giorgi Sahokia, Birləşmiş Ərəb Əmirliklərinin Fövqəladə Hallar, Böhranlar və Fəlakətlərin İdarəedilməsi Milli Qurumu Əbu-Dabi Mərkəzinin rəhbəri Ali Mohammed Al Mutava Al Daheri, Qətər Dövlətinin Mülki Müdafiə Baş İdarəsinin Departament direktoru Həməd Ərqub Əl-Xaldi, Azərbaycan FHN-in əməkdaşları, FHN yanında İctimai şuranın üzvləri, Fövqəladə hallar könüllüləri və media təmsilçiləri iştirak ediblər.

Tədbir iştirakçıları, əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üstünə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzülüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.

Sonra mərasim iştirakçıları Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Nazirliyin xüsusi texnikalarından ibarət sərgi ilə tanış olublar. Sərgidə Azərbaycan FHN-in strukturuna daxil olan qurumların istifadəsində olan ən müasir texnika və avadanlıqlar nümayiş olunub.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin təntənəli keçidi olub.

Daha sonra FHN-in Akademiyası ilə tanışlıq olub. Qonaqlara Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib, Akademiyanın Muzeyi, konfrans zalı və kitabxanaya baş çəkilib.

Mərasim FHN Akademiyasının akt zalında davam etdirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbir iştirakçıları Nazirliyin İctimaiyyətlə əlaqə idarəsi tərəfindən hazırlanmış və Azərbaycan FHN-in 20 illik tarixindən bəhs edən videoçarxı izləyiblər.

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov mərasimdə çıxış edib. Peşə bayramı və əlamətdar yubiley münasibətilə Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətini, bu illər boyu çiyin-çiyinə çalışmış hər kəsi ürəkdən təbrik edən nazir FHN-in əməkdaşlarına çətin, lakin şərəfli işlərində daim uğurlar arzulayıb.

Nazir bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan möhtərəm Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində bu gün dünya birliyinin layiqli üzvünə, böyük nüfuza malik qüdrətli dövlətə çevrilib.

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında yenilməz Azərbaycan Ordusu tərəfindən işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpası qazanılan uğurların zirvəsində dayanır. Ulu Öndərin ordu quruculuğu istiqamətində apardığı siyasəti, həyata keçirdiyi islahatları müasir dövrün tələblərinə uyğun davam etdirən Prezident İlham Əliyev ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsinə, Silahlı Qüvvələrimizin ən müasir silah-sursatla, hərbi avadanlıqlarla təmin olunmasına xüsusi diqqət yetirməklə qələbə əzmində olan Ordu formalaşdırdı. Nəticədə qüdrətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə cəmi 44 gün davam edən Vətən müharibəsində “Dəmir yumruq” əməliyyatı nəticəsində 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan dədə-baba torpaqlarımızı azad etdi, ədaləti bərpa etdi. 2023-cü il sentyabrın 19-20-də keçirilən və cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində erməni separatizminə son qoyuldu, Azərbaycanın dövlət suverenliyi tam şəkildə bərpa olundu.

Zəfərdən sonra dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş rayonlarımıza ardıcıl səfərləri, Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma, quruculuq-abadlıq işlərini şəxsən nəzarətdə saxlamaları nəticəsində ərazilərimiz sürətlə yenidən qurulur, tarixinə, mədəni irsinə, ənənələrinə, dini mirasına qovuşur, bu torpaqlara həyat geri qayıdır.

Nazir müstəqil Azərbaycanın memarı Ümummilli Lider Heydər Əliyevin istər sovetlər birliyində yaşadığımız dövrdə, istərsə də müstəqillik illərində sosial-iqtisadi həyatın digər sahələri kimi, xalqımızın təhlükəsiz və firavan yaşayışının təmin edilməsi işinə daim xüsusi diqqətlə yanaşdığını xatırladıb. Müxtəlif vaxtlarda baş vermiş hadisələr, o cümlədən 1971-ci ilin oktyabrında indiki Neft Emalı Zavodunun 7-ci rezervuar stansiyasının 3-cü sexində güclü yanğın, 1974-cü ilin sentyabrında Biləcəri dəmiryol stansiyasında sərnişin və yük qatarlarının toqquşması, 1981-ci ilin noyabr-dekabr aylarında İsmayıllı rayonunda dağıdıcı zəlzələ, 1986-cı ilin aprelində Çernobıl AES-də güclü partlayış, həmin ilin avqust ayında Novorossiysk yaxınlığında sərnişin teploxodu “Admiral Naximov”la yük gəmisi “Pyotr Vasev”in toqquşması, 1994-cü ilin mart və iyul aylarında Bakı metropolitenində törədilmiş terror aktları, 1995-ci ilin oktyabrında tarixin ən böyük metro qəzası – “Ulduz” və “Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində yaşanan faciələr, 2000-ci ilin mart ayında Bayıl yamacında torpaq sürüşməsi, həmin ilin noyabr ayında Bakı şəhərində zəlzələ və digər təbii və texnogen hadisələr zamanı Ulu Öndər dərhal hadisə yerinə gəlir, zərərçəkmişlərin yanında olur, yaranmış vəziyyətlə yerində tanış olaraq dövlətin bütün aidiyyəti strukturlarını yaranmış fövqəladə hadisənin nəticələrinin aradan qaldırılmasına səfərbər edirdi. Ümummilli Lider fövqəladə hallarla mübarizəyə məsul idarə və təşkilatların ayrı-ayrılıqda vəzifələrinin öhdəsindən istənilən səviyyədə gəlmək iqtidarında olmadığını və yalnız bu sahədə vahid dövlət orqanının yaradılması ilə mövcud vəziyyətin aradan qaldırılmasının mümkünlüyü ideyasını müdrik uzaqgörənliklə ortaya qoydu.

Nazir deyib ki, mütərəqqi Heydər Əliyev siyasi kursunu uğurla davam və inkişaf etdirən, ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məsələlərinə son dərəcə həssas yanaşan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2005-ci il dekabrın 16-da təbii və texnogen xarakterli fövqəladə halların vaxtında xəbərdar edilməsi, nəticələrinin çevik və effektli şəkildə aradan qaldırılması işinin vahid mərkəzdən idarə olunması məqsədilə Fövqəladə Hallar Nazirliyi yaradıldı. Bununla da fəlakətlərlə mübarizə işinin təşkilinə dövlət səviyyəsində sistemli yanaşmada yeni bir mərhələnin əsası qoyuldu.

Nazir ötən 20 il ərzində dövlətimizin başçısının diqqət və qayğısı sayəsində Fövqəladə Hallar Nazirliyinin ən müasir maddi-texniki imkanlara malik, istənilən fövqəladə hadisə ilə uğurla mübarizə aparmaq iqtidarında olan peşəkar dövlət orqanı kimi formalaşdığını vurğulayıb.

Bildirib ki, Fövqəladə Hallar Nazirliyi yaradılarkən tabeliyinə verilən qurumların balansında olan xüsusi təyinatlı texnika və avadanlıqların əksər hissəsi fiziki və mənəvi köhnəlməyə məruz qalmış və müasir tələblərə cavab vermirdi. Dövlət başçısının diqqət və qayğısı sayəsində qısa zamanda Nazirliyin texnika parkının müasirləşdirilməsi istiqamətində ciddi addımlar atıldı, büdcə vəsaitləri hesabına dünyanın ən qabaqcıl ölkələrinin istehsalı olan müxtəlif təyinatlı maşın və avadanlıqlar alınaraq istismara verildi. Ötən illər ərzində alınan tək xüsusi texnikaların sayı 1134, o cümlədən yanğınsöndürmə avtomobillərinin sayı 789-dur. Bundan əlavə, yüzlərlə digər texniki vasitələr alınaraq istismara verilib.

Qısa müddətdə Bakıda və respublikanın bölgələrində doqquz regional mərkəzin fəaliyyəti təmin edildi, qurumların istifadəsi üçün yararsız inzibati və texniki binalar, depolar əsaslı təmir olundu, yeniləri tikildi. Belə ki, yola salınan illər ərzində yalnız yanğından mühafizə üzrə 80 ədəd yeni depo binası tikilərək istifadəyə verilib.

Nazir bildirib ki, xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanması, əməkdaşların ixtisaslarının artırılması və fövqəladə hallar sahəsində elmi-tədqiqat işlərinin aparılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2008-ci ildə yaradılan Fövqəladə Hallar Nazirliyinin Akademiyası ötən müddətdə bakalavriat pilləsi üzrə 1650 nəfər, magistratura pilləsi üzrə 121 nəfər məzun yetişdirib.

Ümummilli Lider Heydər Əliyevin “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan qaldırmaqdan daha asandır” müdrik kəlamını öz fəaliyyət prinsipi kimi qəbul edən Fövqəladə Hallar Nazirliyi fövqəladə halların vaxtında xəbərdar edilməsi və maarifləndirməni zəruri fəaliyyət istiqamətləri sırasında müəyyən edib. Ötən illər ərzində orta hesabla hər il 70 minə yaxın obyektdə yanğın-texniki müayinə, 4 minə yaxın obyektdə tikintiyə dövlət nəzarəti, 3,3 mindən artıq obyektdə təhlükə potensiallı qurğu və avadanlıqlar üzrə texniki müayinə, 200-ə yaxın obyektdə nüvə və radioloji təhlükəsizlik üzrə nəzarət-yoxlama tədbirləri həyata keçirilib, 1700-dən artıq kiçikhəcmli gəmiyə texniki baxış keçirilib.

Nazirliyin görülən kompleks tədbirlər sayəsində ötən illər ərzində baş vermiş müxtəlif mürəkkəblik dərəcəsinə malik fövqəladə hadisələrlə mübarizədən uğurla çxıdığını deyən nazir yanğın-xilasetmə əməliyyatlarına dair statistikaya diqqət çəkib. Qeyd edib ki, son 20 il ərzində ölkə iqtisadiyyatının üç dəfədən çox böyüdüyünü, çoxsaylı yeni istehsal müəssisələri və iş yerlərinin yaradıldığını, çoxşaxəli kommunikasiya sistemlərinin istifadəyə verildiyini, irimiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını, əhalinin sayının 2007-ci ildə təxminən 8 milyon yarımdan artaraq 2024-cü ildə 10 milyonu keçməsini nəzərə almaqla, 2007-ci ildə ölkə üzrə 4517 təbii və texnogen mənşəli hadisə qeydə alınmışdısa, 2024-cü il ərzində bu rəqəm 14856-ya bərabər olub. Bununla belə, hadisələrin sayında böyük artıma baxmayaraq, 2007-ci ildə göstərilən hadisələrdə 131 nəfər insan tələfatı qeydə alınmışdısa, 2024-cü ildə təbii və texnogen mənşəli hadisələrdə 83 nəfər həyatını itirib. Hadisələrin sayında bu qədər artım qarşısında insan itkisinin sayında azalma Fövqəladə Hallar Nazirliyinin çevik və effektli fəaliyyətinin mühüm göstəricisi olmaqla əldə edilən ən ciddi uğurlardan biri kimi dəyərləndirilməlidir. Bundan əlavə, Nazirlik yaranandan 2024-cü il də daxil olmaqla yanğın-xilasetmə qurumları tərəfindən yanğınlar, dağıntılar, qəzalar və digər fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş, o cümlədən su hövzələrində batma təhlükəsində olan 5700-ə yaxın şəxs xilas edilib.

Nazir deyib: “Təkcə bir rəqəmi qeyd etsək, insanların Fövqəladə Hallar Nazirliyinə olan güvəni barədə aydın təsəvvür yaranmış olar. Belə ki, yanğın, partlayış, avtoqəza, tikintidə, sənayedə və dağ-mədən işlərində təhlükəsizlik qaydalarının pozulması və digər məsələlərlə bağlı “112” qaynar xəttinə 2024-cü il ərzində 2,2 milyona yaxın və ya orta hesabla hər gün 6 mindən artıq zəng daxil olub”.

Ötən illər ərzində dünyanın bir çox ölkələrinin uyğun qurumları, habelə müvafiq beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı münasibətlər qurulub. Bu münasibətlər çərçivəsində müxtəlif səviyyəli qarşılıqlı səfərlər təşkil olunur, təcrübə mübadiləsi aparılır, əməkdaşların beynəlxalq təlim, seminar və treninqlərdə fəal iştirakı təmin olunur. Dövlətimizin başçısının tapşırıqları əsasında Nazirliyin qüvvələri ötən illər ərzində müxtəlif ölkələrdə baş vermiş fəlakətlərin nəticələrinin aradan qaldırılması, həmçinin humanitar yardımların çatdırılması əməliyyatlarını da uğurla yerinə yetiriblər. Bu ilin iyul ayında Bakı şəhərində keçirilmiş Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndəsinin təşkilatın Baş katibi seçilməsi isə sözsüz ki, ölkəmizin qlobal nüfuzundan, durmadan artan beynəlxalq çəkisindən xəbər verir.

K.Heydərov bir məsələni xüsusi vurğulayaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva daim təbii və texnogen hadisələr zamanı zərərçəkən insanların yanında olur, onların problemlərinin həllinə xüsusi həssaslıqla, diqqət və qayğı ilə yanaşır, operativ olaraq irimiqyaslı hadisələrin baş verdiyi bölgələrə səfərləri zamanı fəlakətin nəticələrinin qısa müddətdə aradan qaldırılması üçün dövlətin bütün resurslarını səfərbər edirlər. 2010-cu ilin yaz aylarında Aran bölgəsində Kür və Araz çaylarında yaranmış daşqınların vurduğu ziyanın, 2012-ci ilin may ayında Zaqatala, Balakən və Qax rayonlarında, 2019-cu ilin fevral ayında Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş verən güclü zəlzələlərin nəticələrinin aradan qaldırılması ilə əlaqədar görülmüş tədbirlər ölkə rəhbərliyinin ağır məqamda daim xalqla bir yerdə olmasının, insanların dərd-sərinin, problemlərinin həllini həmişə diqqətdə saxlamasının bariz nümunələridir. Dövlət başçısının xüsusi nəzarəti altında daşqın və zəlzələlərin ziyan vurduğu rayonlarda ən müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının, sosial təyinatlı və infrastruktur obyeklərinin tikintisi həyata keçirilib, əhali yeni, müasir evlərlə təmin edilib. Dövlət başçısının imzaladığı sərəncamlara uyğun olaraq, Kür-Araz daşqınları ilə əlaqədar ümumilikdə 4481 ev, 2012-ci ildə baş vermiş zəlzələ ilə əlaqədar 5668 ev, 2019-cu il zəlzələsi ilə əlaqədar isə 695 ev və 3 ədəd çoxmənzilli bina tikilib, 2247 ev isə bərpa olunaraq vətəndaşların istifadəsinə verilib. Bu istiqamətdə Heydər Əliyev Fondunun gördüyü böyük işlər də xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Nazir qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin qüvvələri Vətən müharibəsi günlərində cəbhəboyu zonada yaşayan əhalinin təhlükəsiz məntəqələrdə yerləşdirilməsi və hər cür təminatının təşkili, döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin təyyarə və helikopterlərlə təxliyəsi, Ermənistanın mülki obyektlərə endirdiyi zərbələr nəticəsində yaranan yanğın və dağıntıların operativ aradan qaldırılması, zərərçəkmişlərin xilas edilməsi, onlara psixoloji yardımın təşkili kimi vəzifələri şərəflə yerinə yetirib. Bu gün isə Nazirliyin yerli strukturları işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatını, aparılan irimiqyaslı bərpa-yenidənqurma işləri ilə bağlı tikinti, texniki, yanğın və nüvə təhlükəsizliyinə nəzarəti həyata keçirir, doğma Qarabağ və Şərqi Zəngəzurda fövqəladə hallarla uğurla mübarizə aparır.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının fiziki sağlamlığına xüsusi diqqət yetirdiyini bildirən nazir deyib ki, ötən müddətdə müxtəlif idman növləri üzrə (taekvondo, karate, güləş, cüdo, boks, kikboksinq, ağırlıqqaldırma, stolüstü tennis, voleybol, minifutbol və s.) Nazirliyin komandaları, əməkdaşları və idmançı üzvləri Olimpiya Oyunları, İslam Həmrəyliyi Oyunları, MDB Oyunları, Dünya və Avropa çempionatları, beynəlxalq turnir və respublika yarışlarında uğurla çıxış edərək 256 qızıl, 318 gümüş və 532 bürünc medal qazanıblar.

Ötən illər ərzində qazanılan bütün uğurların əsasında dövlətimizin başçısının daim Nazirliyə göstərdiyi diqqət və qayğının dayandığını vurğulayan nazir qeyd edib ki, möhtərəm cənab Prezidentin imzaladığı müvafiq sərəncamlarla Nazirliyin xidmətdə fərqlənən ümumilikdə 513 əməkdaşı müxtəlif orden və medallara, 34 nəfər fəxri adlara layiq görülüb.

Çıxışının sonunda peşə bayramı münasibətilə şəxsi heyəti bir daha təbrik edən nazir Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinə hər zaman verdiyi yüksək qiymətə, göstərdiyi ali diqqət və qayğıya görə Nazirliyin şəxsi heyəti adından Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə dərin təşəkkürünü bildirib və əminliyini ifadə edib ki, ölkə əhalisinin və ərazilərinin təhlükəsizliyinin təmin edilməsi, maddi və mədəni sərvətlərin qorunması, vətəndaşlarımızın firavan həyat və fəaliyyətinin təmin edilməsi kimi şərəfli vəzifənin yerinə yetirilməsi üçün Nazirlik əməkdaşları bundan sonra da bütün qüvvə və bacarıqlarını səfərbər edəcəklər.

Sonra çıxış edən qonaqlar – Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Ərgüc Kələntərli, Qırğız Respublikasının fövqəladə nallar naziri Boobek Ajikeev və Rusiya Federasiyası fövqəladə hallar nazirinin müavini Roman Kurınin Azərbaycan Fövqəladə Hallar Nazirliyinin kollektivini yubiley münasibətilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıblar. Qeyd olunub ki, Azərbaycan FHN-in ötən 20 il ərzində böyük inkişaf yolu keçməsi, əldə etdiyi uğurlar, o cümlədən beynəlxalq humanitar əməliyyatlarda peşəkar fəaliyyəti təqdirəlayiqdir.

Sonra “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında” və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2025-ci il tarixli sərəncamları oxunub.

Sonra tədbirdə xidmətdə fərqlənən əməkdaşların həvəsləndirilməsi tədbirləri haqqında fövqəladə hallar nazirinin əmri barədə məlumat verilib, bir qrup əməkdaşa təltiflər təqdim edilib.

Tədbirin sonunda mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət qəbul olunub.

Tədbirə bədii hissə ilə yekun vurulub.

Tarix
2025.12.16 / 14:06
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanla bağlı bu addımları atacağıq - Ərdoğan

Hazırkı amnistiya 7-ci və ən böyüyüdür

Arakçının Bakı səfərindən sonra İranın Zəngəzur açıqlaması...

Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır

Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi

Azərbaycanlı senator axtarışa verildi

Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır

Milli Məclis bu memorandumu ratifikasiya etdi

İlham Əliyev Bəhreynin Kralını təbrik etdi

Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla