Yuxarı

Tanınmış ürək cərrahı Amidin təsirli hekayəsini danışdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmış ürək cərrahı Amidin təsirli hekayəsini danışdı - Video

2011-ci ildə Amid ailəsi tərəfindən xəstəxanamıza gətiriləndə, otağıma daxil olduğu an vəziyyətinin son dərəcə ağır olduğu aydın idi. Fallot Tetradasının gecikmiş və artıq ən ağır fəsadlaşmış mərhələsində idi. Endokardit səbəbindən ağciyərlərə və beyinə emboliyalar atılmış, beyində abses formalaşmışdı. Yüksək hərarət fonunda septik şok tablosuna girmək üzrə olan bir xəstə idi. Onun yanında olan, ailəsi kimi tanıdığımız yaxınları ilə uzun-uzadı söhbətlər apardıq. Açıq və dürüst şəkildə bildirdik ki, qarşıda bizi son dərəcə çətin, riskləri olduqca yüksək olan bir müalicə və əməliyyatlar zənciri gözləyir.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, tanınmış ürək cərrahı Rəşad Mahmudov özünün sosial şəbəkə səhifəsində yazıb.

O bildirib ki, bu, təkcə bir ürək əməliyyatı deyildi:

"Prosesin beyin cərrahiyyəsinə qədər uzana, çoxmərhələli və mürəkkəb bir yola çevrilə biləcəyini də izah etdik. Eyni zamanda onu da açıq söylədik ki, bütün səylərə baxmayaraq, bu yolun hər mərhələsində ümidsizlik anların yaşanma, hətta Amidi itirmək riski ilə üz-üzə qalma ehtimalı yüksəkdir. Üstəlik, həmin dövrdə icbari tibbi sığorta sistemi mövcud olmadığından, aparılacaq bütün bu müalicələrin aylıq maddi yükü 20-30 min manatdan də çox olabiləcəyi və bir də ailənin ortaya qoyacağı imkanların nəticəsiz qalma ehtimalı da vardı.

Məhz bu müzakirələr və hazırlıqlar davam edərkən aldığım bir məlumat hər şeyi kökündən dəyişdi. Məlum oldu ki, Amidin yanında olan və ailəsi bildiyimiz bu insanlar onun nə valideynləri, nə də qohumlarıdır. Daha dərindən araşdırıldıqca ortaya çıxdı ki, Amid ümumiyyətlə öz valideynlərini, ailəsini, nəsil-kökünü tanımır və xatırlamır. Həyatında bu baxımdan özündən başqa heç kimsəsi yoxdur.

Sonradan öyrəndik ki, onu illər əvvəl üç qonşu tapıb. Uşaq yaşlarından etibarən səssiz-sədasız öz himayələrinə götürmüş, gündəlik baxımını, yeməyini, dərmanını, bütün ehtiyaclarını qarşılamış, heç kimə bildirmədən onun yaşaması üçün yollar axtarmışdılar. Xəstəxanaya gətirən, otağımda valideynləri kimi dayanan insanlar da məhz həmin qonşular imiş.

Bu həqiqəti öyrəndikdən sonra tərəddüd etmədən Heydər Əliyev Fonduna müraciət etdim. Məsələni çox hörmətli Anar Ələkbərova ətraflı şəkildə izah etdikdən sonra qısa müddət ərzində Mehriban xanım Əliyevanın tapşırığı ilə Amidin müalicə və əməliyyat prosesinin həyata keçirilməsi üçün bütün imkanların səfərbər edilməsi barədə qərar verildi. Ölkə daxilində və ya zərurət yaranarsa xaricdə, əsas məqsəd ona sonuna qədər kömək etmək idi.

Ardıcıl açıq ürək əməliyyatlarından sonra ən çətin mərhələ başladı - uzunmüddətli reanimasiya və müalicə prosesi. Müalicənin ikinci ayında tam ümidləri itirmək üzrə idik. Bu mərhələdə xəstənin başından bir an belə ayrılmayan, bu ağır mübarizəni gecə-gündüz davam etdirən mərhum italyalı professor Ermanno Mazza da bu hekayənin səssiz qəhrəmanlarından biri idi. Bu gün aramızda olmasa da, onun zəhməti və illərlə qurduğu məktəb bu nəticədə öz izini qoydu.

Bu mübarizə reanimasiya və xəstəxana divarları arasında 8 ay yarım davam etdi. Bütün risklərə, bütün ümidsizlik anlarına baxmayaraq, Heydər Əliyev Fondunun dəstəyi bir an belə kəsilmədi. Və nəticədə - komanda işi, dövlətin və Fondun dəstəyi, həkimlərin fədakarlığı və insanların duaları sayəsində Amid həyata döndü.

Bu gün, 13 il sonra biz yenidən görüşürük. Və artıq Amid tək deyil. Onun şəxsi evi, ailəsi və övladları var. Sağlam, həyata tutunan, gələcəyə inamla baxan bir insandır.

Əziz dostlar, dəyərli həmvətənlər!

Bu canlı hekayə sadəcə bir əməliyyatın hekayəsi deyil.

Bu hekayə - insanlığın, vicdanın və ən çətin anda səssiz uzanan əllərin hekayəsidir!".

Tarix
2025.12.17 / 10:06
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev BƏƏ-yə getdi - Foto

Ümid edirik ki, qazla bağlı Bakı ilə razılaşacağıq - Kobaxidze

Mais Bərxudarov görün kimlərlə görüşdü - Foto

Vilayəti erməni səfirlə görüşdü, TRIPP-a qarşı çıxdı

Böyük Britaniya elçisindən Azərbaycanla bağlı açıqlama

Ermənistanla bağlı bu addımları atacağıq - Ərdoğan

Hazırkı amnistiya 7-ci və ən böyüyüdür

Arakçının Bakı səfərindən sonra İranın Zəngəzur açıqlaması...

Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır

Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla