Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən
"Məlumat mübadiləsi saatı"nın növbəti iclasında əhali üzrə
proqnozların və demoqrafik proyeksiyaların hazırlanması məsələləri
müzakirə olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata
görə, iclasda aidiyyəti dövlət qurumlarının, Azərbaycan Prezidenti
yanında Strateji Araşdırmalar Mərkəzinin, Ombudsman Aparatının,
BMT-nin Əhali Fondunun, Azərbaycan Milli Elmlər Akademiyasının
nümayəndələri, beynəlxalq ekspertlər iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov prezident
İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının uğurlarından
biri kimi, ölkəmizdə müsbət demoqrafik vəziyyətin mövcud olduğunu,
əhalinin sabit artım tempinin müşahidə edildiyini vurğulayıb:
"2003-cü ilin əvvəlindən ölkə əhalisinin sayı 18 faiz artaraq
2016-cı il 1 iyul tarixinə 9755,5 min nəfərə çatıb. 2015-ci ildə
doğulanların sayı əhalinin hər 1000 nəfərinə hesabı ilə 2003-cü
ildəki 14 nəfərdən 17,4 nəfərə qədər artıb. Proqnoz hesablamalara
əsasən ölkəmizdə əhalinin sayı 2050-ci ildə 12 mln. nəfər təşkil
edəcək".
Nazir qeyd edib ki, müsbət demoqrafik faktorlardan biri kimi, ötən
il ölənlərin sayı əhalinin hər 1000 nəfərinə hesabı ilə 2003-cü
ildəki 6-dan 5,7-yə enib: "Eyni zamanda 2003-cü ildə hər 1000 diri
doğulana 1 yaşa qədər ölən uşaqların sayı 15,5 və 5 yaşadək ölən
uşaqların sayı 24,1 olubsa, 2013-cü ildə bu göstəricilər müvafiq
olaraq 10,8-ə və 12,9-a qədər azalıb. Ötən ilin yekunlarına görə
isə körpə ölümü göstəricisi hər 1000 diri doğulana 11 təşkil
edib".
S. Müslümov bu müsbət tendensiyaların eyni zamanda doğulanda
gözlənilən ömür uzunluğunun artması ilə də müşahidə edildiyini
bildirib: "Belə ki, 2003-cü ildə ölkədə doğulanda gözlənilən ömür
uzunluğu 72,3 yaş, o cümlədən kişilər arasında 69,5 yaş, qadınlar
arasında 75,1 yaş idisə, 2015-ci ilin nəticələrinə görə bu
göstərici 75,2 yaş, o cümlədən kişilər üçün 72,7 yaş, qadınlar üçün
isə 77,6 yaş səviyyəsində olub".
Nazir diqqətə çatdırıb ki, qeyd edilən dövrdə əmək ehtiyatlarının
sayı 29 faiz artaraq 4923 min nəfərdən 6335,9 min nəfərə çatıb:
"Əmək qabiliyyətli yaşda əmək qabiliyyətli əhalinin sayı 30 faiz,
iqtisadi fəal əhalinin sayı isə 12 faiz artıb. Əhalinin sayında
əmək ehtiyatlarının xüsusi çəkisi 2003-cü ildəki 59 faizdən 2015-ci
ildə 65,3 faizə çatıb".
Əhalinin yaşlaşma meylinin də müşahidə olunduğunu qeyd edən
S.Müslümov 2003-cü illə müqayisədə 65 yaş və yuxarı yaşda olan
əhalinin sayının 20 faiz artdığını diqqətə çatdırıb: "Bu təbəqənin
xüsusi çəkisi 6 faizdən 6,2 faizə qalxıb. Eyni zamanda, 1990-cı
illə müqayisədə bu yaşda olan əhalinin say artımı 67 faiz təşkil
edib, xüsusi çəkisi isə 4,8 faizdən 6,2 faizə qədər yüksəlib".
Nazir bildirib ki, 1990-cı illərin əvvəllərində ölkədən miqrasiya
axını öz intensivliyi ilə fərqlənirdi: "Sonrakı illərdə
respublikada aparılan uğurlu sosial-iqtisadi inkişaf strategiyası
nəticəsində 2008-ci ildən başlayaraq miqrasiya saldosu müsbətə
doğru dəyişib və 2015-ci ildə +1,1 min nəfər təşkil edib".
S. Müslümov bununla belə, ölkədə doğulanlar arasında cins
nisbətinin pozulduğunun narahatedici məqam olduğunu vurğulayıb:
"Diri doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən
oğlan uşaqlarının artımı müşahidə olunur və hazırda hər 100 doğulan
qıza 114 oğlan düşür. Halbuki bioloji norma göstəricisi 105-107
təşkil edir. Təbii ki, bu, ilk növbədə valideynlər tərəfindən
uşağın cinsinin seçimi ilə bağlı verdiyi qərar və tədbirlərlə
(selektiv abortlar) izah oluna bilər". Nazir bildirib ki, bu meylin
davam etməsi gələcəkdə demoqrafik inkişafa öz mənfi təsirini
göstərə bilər: "Ona görə də bu nisbətin böyüməsinin qarşısının
alınması üçün müxtəlif məlumatlandırma, maarifləndirmə,
həvəsləndirmə və s. tədbirlərin davam etdirilməsinə ehtiyac var.
Bununla bağlı olaraq, doğulanlar arasında cins nisbətinin
pozulmasının aradan qaldırılmasına dair Fəaliyyət Planının
hazırlanması, ictimai maarifləndirmənin aparılması diqqətdə
saxlanılır".
S. Müslümov davamlı demoqrafik inkişafın təmin edilməsi üçün yeni
"Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf
sahəsində Dövlət Proqramı (2016-2025-ci illər)" layihəsinin də
hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunduğunu qeyd edib:
"Proqramda ailə institutunun möhkəmləndirilməsi və ailə
dəyərlərinin təbliği, ailələrə, xüsusilə gənc ailələrə
sosial-iqtisadi dəstəyin gücləndirilməsi, əhalinin reproduktiv
sağlamlığının, habelə ana və uşaqların mühafizəsinin
gücləndirilməsi prioritet istiqamətlər kimi əksini tapır. Həmçinin
əhalinin ölüm və xəstələnmə səviyyəsinin azaldılması, həyat
şəraitinin təhlükəsizliyinin yüksəldilməsi, miqrasiya proseslərinin
tənzimlənməsinin təkmilləşdirilməsi, əhali sakinliyi və demoqrafiya
sahəsində kadr və elmi potensialın inkişaf etdirilməsi də Proqramda
prioritet istiqamətlər sırasına daxildir".
Nazir bildirib ki, həmin layihənin hazırlanması və
təkmilləşdirilməsi işlərində aidiyyəti qurumlarla, eyni zamanda
BMT-nin Əhali Fondu ilə, beynəlxalq ekspertlərlə daim fəal
əməkdaşlıq həyata keçirilib: "Həmin Dövlət Proqramı ilə əlaqədar
mövcud demoqrafik vəziyyətin qiymətləndirilməsi və dolğun
proqnozlar sisteminin yaradılması nəzərdə tutulur. Ötən dövrdə
BMT-nin Əhali Fondu ilə birgə ölkənin, eləcə də ilk dəfə olaraq
iqtisadi rayonların əhali proqnozlarının və demoqrafik
proyeksiyaların hazırlanması işlərinə başlanılıb. Bu işlər gələcək
demoqrafik inkişaf üçün kompeks tədbirlərin müəyyən edilməsi üçün
mühüm önəm kəsb edir. Hazırda keçirilən iclas da qeyd olunan
işlərin davamı olmaqla, əhali üzrə proqnozların və demoqrafik
proyeksiyaların hazırlanması məsələlərinin müzakirəsinə həsr
olunub. Hesab edirəm ki, burada aparılacaq müzakirələr sözügedən
proqnozların keyfiyyətinə öz töhfəsini verəcəkdir".
S.Müslümov ölkəmizdə səfərdə olan və hazırda bu iclasda iştirak
edən, Çexiyanın Karlov Universitetinin professoru, beynəlxalq
ekspert Tomaş Kuçeranın da qeyd edilən işlərdə fəal dəstəyini
yüksək dəyərləndirib. T. Kuçera ölkəmizdə demoqrafik proseslərin
inkişafı üçün aparılan məqsədyönlü siyasətin təqdirəlayiq olduğunu
bildirib. Daha sonra o, demoqrafik proqnozlaşdırmanın
xüsusiyyətləri, bu sahədə dünya təcrübəsi, əhali proqnozlarının
hazırlanmasında yanaşmalar, ölkəmizdə əhali üzrə proqnozlar
sisteminin yaradılması və s. ilə bağlı təqdimatla çıxış edib.
İclas respublikanın və iqtisadi rayonların əhali proqnozlarının
hazırlanması məsələlərinə dair çıxış və müzakirələrlə davam edib,
proqnozların hazırlanmasına dair iştirakçılar tərəfindən rəy və
təkliflər ifadə olunub.