Tam orta təhsil bazasında (11 illik) orta ixtisas
təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qəbul olduqları
təhsil müəssisələrində qeydiyyatı dünən başa çatıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Axar.az-a verilən
məlumatda bildirilib ki, müsabiqə nəticəsində 152 boş yer qalsa da,
qeydiyyat prosesi bitdikdən sonra 1068 abituriyentin qəbul olduğu
orta ixtisas məktəbində qeydiyyatdan keçmədiyi məlum olub.
Beləliklə, boş qalan plan yerlərinin sayı ümumilikdə 1220-dir.
Tam orta təhsil bazasında müsabiqədə iştirak edən, lakin qəbul
ola bilməyən abituriyentlərin sayı isə 11 minə yaxındır. Həmin
abituriyentlər boş qalan plan yerlərinin müsabiqəsində iştirak edə
bilərlər.
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili
müəssisələrinin boş qalan plan yerlərinə internet vasitəsilə 1
sentyabr saat 10:00-dan 4 sentyabr saat 23:59‑dək ixtisas seçimi
aparılacaq.
İxtisas seçiminə tam (11 illik) orta təhsil bazasında orta
ixtisas təhsili müəssisələrinə bu il ərizə təqdim edən və ümumi
balı 20-dən, ana dili və riyaziyyat fənlərinin hər biri üzrə
minimal balı 8-dən az olmayan (xarici dil fənninə nisbi bal
məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.
Qeyd edək ki, hər hansı bir təhsil müəssisəsinə qəbul olub
qeydiyyatdan keçən şəxslər ixtisas seçiminə buraxılmırlar.
Kolleclərin boş qalan plan yerlərinin siyahısı 01 sentyabrda
"Abituriyent" jurnalının xüsusi buraxılışında dərc olunacaq.
Jurnalın TQDK-nın aşağıdakı ünvanlarda yerləşən binalarındakı
"Abituriyent" köşklərində satışı təşkil olunacaq:
Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1m;
Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.
Sabahdan etibarən jurnalın elektron versiyasını (pdf formatında)
TQDK saytının "Elektron xidmətlər" bölməsində "TQDK nəşrlərinin
elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş
etməklə əldə etmək mümkündür.