"Əmi, əmi, bir buna bax gör indi onun qanını necə
tökəcəm?! O, hələ mənim kim olduğumu bilmir. Mən bunun peşəkarıyam
e!" – bu sözləri internetklubda təsadüfən söhbət etdiyimiz 10 yaşlı
Vüqar deyirdi mənə.
Cəhənnəm ol başımdan
Özünün dediyinə görə, hər gün valideynlərindən aldığı 1 manatı
burda xərcləyir. Orta məktəbin 4-cü sinfində oxuyur. Məktəbi heç
sevmədiyini, dərslərdə tez-tez yuxuladığını da deyir:
- Ata deyir ki, kompüter sənə ziyandı. Ona görə də atamdan
gizlin gəlirəm. Amma hər dəfə mamadan pul istəyəndə birinci vermək
istəmir. Sonra deyir ki, götür get, cəhənnəm ol başımdan, səsin
gəlməsin! (Vüqar ləzzətlə gülür)
"14-ə "naçala" yaz"
Bu an qapı açılır və içəri boyca Vüqardan bir qədər uca və kök
uşaq daxil olur. İçəri keçən kimi nəzarətçi oğlana "14-ə "naçala"
yaz", - deyir. Yeni gələin adı isə Ülvidir. 16 yaşı var. Vüqarın
dediyinə görə, eyni məktəbdə oxuyurlar. Amma fərqli sinifdə.
Savaş ortasında qəmiş...
Söhbətin şirin yerində yanımdakı masada əyləşən uşağın səsi
gəlir: "Vüqar, gəlirsən? Mən kompüteri "perezaqruzka" elədim".
Bu uşaqdan da adını soruşuram. Acıqla: "Tural!" –
deyir.
Yaşını soruşmağım isə onu lap hövsələdən çıxarır: "Eh, nə bilim,
e. Onunla bir oxuyuram..." (Gözünü monitordan ayırmadan barmağı ilə
Vüqarı göstərir və mən qızğın döyüşün ortasında adamdan
tərcümeyi-halını soruşmağın necə absurd olmasını başa düşüb, onun
hövsələdən çıxmasını anlayışla qarşılayıram).
"Ayə, cın... olmayın. Gözdüyün, mən də qoşulum", – bunu bayaq
içəri girən 16 yaşlı kök uşaq deyir.
Təbii ki, bu dəvətdən sonra balaca Vüqarın mənimlə söhbət
eləməyə marağı olmayacaqdı: "Sən bax, gör mən onu necə
öldürəcəm..."
Kim söyüş söysə...
Öz işimi yarımçıq qoyub oyunu izləyirəm. Kontr strayk (counter
strike - əks zərbə) oynayırlar. Uşaqlar hansısa kodu yığır və
oyunçunu müxtəlif vəziyyətlərdən çıxarır, ya da onu silah-sursatla
təmin edirdilər. Oyun əsl müharibəni xatırladırdı. Uşaqlar isə
arada bir-birinin monitoruna baxır və qışqırırdılar.
Bu dəfə nəzarətçinin bezgin və zəhmli səsi gəldi: "Kim söyüş
söysə, qışqırsa, vaxtını dayandıracam. Çıxacaq bayıra..."
Kəşfiyyatçı
Vüqardan niyə Turalın monitoruna baxdığını və bu oyunu haçandan
bəri oynadığını soruşuram. Deyir ki, monitora baxanda onun harda
gizləndiyini öyrənə bilir: "Əvvəl bura gələndə videolara baxırdım.
Sonra uşaqların oynadığını gördüm. Mən də oynadım. Ata evdə
kompüterə oyun yazmağa icazə vermir, ona görə bura gəlirəm".
Xəstəlik...
Uşaqlar deyir ki, oyunu yarımçıq dayandırmağı sevmirlər: "Bunu
yarımçıq saxlayanda axşam da oyun haqqında fikirləşirəm.
Strategiyaları necə keçəcəyimi... Yuxumda da səhərəcən oyun
görürəm".
Savaşın qaranlıq sonu
Söhbətin bu yerində uşaqların monitorları qaralır. Bu isə vaxtın
bitdiyini göstərir. Əsl həngamə də bundan sonra başlayır. İstifadə
olunan vaxtın haqqı ödənməlidir. Acaq anlaşılan o ki, uşaqlarda bu
ödəmə üçün gərəkən qədər pul qalmayıb. Bir-birinə "ala, sən ver,
sən öl, qaytaracam..." - deyə-deyə nəzarətçini qışqırtmağa nail
olurlar. Yaxınlaşıb cibimdə olan sonuncu manatı da kassaya
ödəyirəm...